SON DƏQİQƏ! Vilyam Hacıyevin cəzası AZALDILDI

İmişlinin məhkum sabiq icra başçısı Vilyam Hacıyevin kassasiya şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevin cəzası 8 il 6 ay müddətinə azaldılıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanıb.

Bundan əvvəl isə Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə Vilyam Hacıyevin ailə üzvlərinin şikayəti üzrə qərar verilib. Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzilləri və 2 minik avtomobilinin, oğlu Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyirdilər.

Dəyəri 5 milyon manatdan artıq qiymətləndirilən əmlakların dövlət nəfinə müsadirəsi qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, üzərinə həbs qoyulmuş 5 milyon 344 min manatlıq əmlak dövlət nəfinə müsadirə olunub.

E.Məmmədəliyev,
Musavat.com

14.06.2024 13:05
1423