SON DƏQİQƏ! Vaqif Xaçatryana hökm oxundu

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi sona çatıb.

Musavat.com-un xəbərinə görə, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Vaqif Xaçatryan 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

E.Məmmədəliyev,
Musavat.com

***

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən birinin – Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə fasilədən sonra davam edən prosesdə Vaqif Xaçatryanın müdafiəçisi Radmila Abılova çıxış edib.

Müdafiəçi çıxışında müvəkkilinin Meşəli hadisələri zamanı öz evində olduğunu, orada iştirak etmədiyini və müəyyən yaş dövrünün keçməsini nəzərə alaraq bəraət hökmünün çıxarılmasını istəyib.

Vəkilin çıxışından sonra dövlət ittihamçısı Cövdət Mehrəliyev məhkəmənin diqqətinə çatdırıb ki, istintaq materiallarında göstərildiyi şahid və zərərçəkmişlərin ifadəsi ilə V.Xaçatryanın Meşəli hadisəsini törədən şəxslərdən biri olduğu sübuta yetirilib.

Daha sonra V.Xaçatryan məhkəmədə son söz söyləyib:

"Cənab hakim, mən sadəcə Badara kəndinin sakiniyəm. Axtarışda olduğum haqqında məlumatım olmayıb. Hadisələr zamanı orada olmamışam, iştirak etməmişəm. Burada çıxış edən şəxslərin hər birinin yaxınları ilə o zaman kənddə yaxın münasibətdə olmuşuq. O qədər cinayətlərin arasında necə olur ki, təkcə mən dayanmışam məhkəmə qarşısında? Mən Allaha inanıram, günahsız adamam. Kim ki, o cinayətləri edib, Allah o adamların cəzasını verəcək".

Məhkəmə müşavirəyə yollanıb.

E.Məmmədəliyev,
Musavat.com

***

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Təqsirləndirilən şəxsin vəkili Radmila Abılovaya müdafiə çıxışı edib, V.Xaçatryan son söz deyib. O, səhhəti ilə bağlı problemlərinin olduğunu bəhanə edərək, cinayətləri üzərindən atmağa çalışıb və özünü təqsirli bilmədiyini söyləyib.

Daha sonra məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib. (Report)

***

Xəbər verdiyimiz kimi, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Müqəddəs Sultanov ittiham nitqi ilə çıxış edib.

Musavat.com xəbər verir ki, Müqəddəs Sultanov öz tələbinin səbəbini izah edib.

O bildirib ki, Xaçatryanın ittiham olunduğu soyqırım, sülh və müharibə əleyhinə olan cinayətlərlə bağlı cəzanın ən yuxarı həddi məhz ömürlük azadlıqdan məhrumetmə cəzasıdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi 65 yaşı keçən şəxslərə ömürlük həddə azadlıqdan məhrumetmə cəzası verilməsini qadağan edir. Vaqif Xaçatryanın da yaşının 65-i keçməsi səbəbindən ona ömürlük cəza verilməsi mümkün deyil.

Azərbaycan qanunvericiliyinə əsasən, 65 yaşdan yuxarı şəxslərə ittiham olunduqları ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır. Lakin Vaqif Xaçatryan bu əməlləri 1991-ci ildə törədib. Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olmuş qanunvericiliyinə əsasən, sülh və müharibə əleyhinə olan cinayətlərə görə sanksiya həddi 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası olub.

Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara da əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni Vaqif Xaçatryanın hazırkı qanunvericilikdə olan sanksiya həddində deyil, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliyə əsasən cəzalanması hüquqi baxımdan tələblərə uyğundur.

Bu səbəbdən prokuror çıxışında Meşəli hadisələrində təqsirli bilinən şəxsə qanunvericiliyə əsasən, ittiham olunduğu maddələr üzrə ən yuxarı həddə - 15 il azadlıqdan məhrumetmə cəzası tələb edib.

E.Məmmədəliyev,
Musavat.com

***

Xəbər verdiyimiz kimi, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçirilir.

Musavat.com xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Məhkəmə prosesində dövlət ittihamçısı - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov çıxış edib.

Dövlət ittihamçısı Vaqif Xaçatryana qarşı irəli sürülən ittihamların təsdiqini tapdığını, onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən tələb edib. Bildirib ki, V.Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, yerdə qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Proses saat 2-də davam etdiriləcək.

E.Məmmədəliyev,
Musavat.com

***

"İstintaq prosesində Vaqif Xaçatryana qarşı hər hansı təzyiq olmayıb".

Bunu dövlət ittihamçısı - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmədə deyib.

Onun sözlərinə görə, Vaqif Xaçatryanın cinayət işi o qədər də sadə bir məsələ deyil: "Bütün məhkəmə proseslərində Azərbaycan tərəfi kifayət qədər öz humanistliyini göstərib. Biz Vaqif Xaçatryanın saxlandığı andan etibarən istintaq prosesini diqqətlə izləmişik. Vaqif Xaçatryan Penitensiar Xidmətin əməkdaşlarının alicənab davranışı ilə üzləşib. İstintaq prosesində ona qarşı hər hansı təzyiq olmayıb. Bu, Azərbaycanın humanistliyidir. Ermənistanda vaxtilə həbs edilən soydaşlarımız kifayət qədər işgəncə və təzyiqlərlə üzləşiblər. Amma biz Vaqif Xaçatryana o münasibəti göstərmədik". (Report)

***

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçirilir.

Cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Məhkəmə prosesində dövlət ittihamçısı - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov çıxış edir. (Report)

07.11.2023 16:03
8585