SON DƏQİQƏ! Teylor Fətişoğlu həbs edildi

Xətai rayon məhkəməsində sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş Ağdam rayon sakini, 61 yaşlı Teylor İbrahimovun (Fətişoğlu) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com-un xəbərinə görə, Teylor Fətişoğlu özünü vəzifəli şəxs kimi təqdim edib, guya hüquq-mühafizə orqanlarında yüksək vəzifəli tanışları vasitəsilə istənilən məsələni həll edəcəyi barədə fikir formalaşdırıb.

O, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan Elməddin Ələsgərovun atası Bayram Ələsgərovu inandıraraq oğlunun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərəcəyinə inandırıb. Bunun müqabilində isə 2021-ci ilin iyul ayında Bayram Ələsgərovdan 25 min manat pul alaraq ona qarşı dələduzluq edib.

Bir müddət sonra Teylor Fətişoğlunun vədinə əməl etmədiyini görən Bayram Ələsgərov aldadıldığını başa düşüb, pulunu geri istəyib. Teylor Fətişoğlu isə ona Apellyasiya Məhkəməsində oğlunu buraxdıracağına söz verib. Zərərçəkmiş hər dəfə pulunu tələb etdikcə Teylor Fətişoğlu müxtəlif bəhanələr gətirib. Bu səbəbdən Bayram Ələsgərov hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Teylor Fətişoğlunun əməlləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. Teylor Fətişoğlu barəsində Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 32.4,312.1 (rüşvət verməyə təhrik etmə) və 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmünə əsasən, Teylor Fətişoğlu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Teylor Fətişoğlu eyni əmələ görə əvvəllər də məhkumluq həyatı yaşayıb. Azadlığa çıxdıqdan sonra isə “İdeologiya.az” saytına və “Son Xəbər” yutub kanalına rəhbərlik edib.

E.Məmmədəliyev,
Musavat.com

16.06.2023 16:42
2349