Azərbaycana qaçaqmalçılıq yolu ilə 60 kiloqram marixuana gətirən daha 3 narkokuryer - Tələt Muradov, Şahlar Qasımov və Famil Əliyev saxlanılıblar.
Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbirlər zamanı saxlanılanların üzərindən, ev və avtomobilindən 60 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamtefamin, 8780 ədəd metadon həbi və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, T.Muradov, Ş.Qasımov və F.Əliyev “Sübhan” və “Razi” adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil ediblər.
Qeyd edilib ki, saxlanılan şəxslər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Sumqayıt şəhərində dəniz kənarından əldə etdiklərini bildiriblər.
Hər üç şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. T.Muradov, Ş.Qasımov və F.Əliyev ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.