SON DƏQİQƏ: Mövlud Süleymanlı vəfat etdi

Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Mövlud Süleymanlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə Bakupost.az-a yazıçının yaxınları bildirib.

Xatırladaq ki, bu günlərdə insult keçirən M.Süleymanlı xəstəxanaya yerləşdirilmişdi. O, əməliyyat olunsa da vəziyyəti ağır idi.

Qeyd edək ki, Mövlud Süleymanlı 1943-cü il martın 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı "Cücəkənd") doğulub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daхil olub, 1967-ci ildə oranı bitirib.

Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Mövlud Süleymanlı yaradıcılığa lirik şeirlərlə başlayıb. Onun "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub. Ədibin "Bir ünvan" adlı şeir kitabı da nəşr olunub.

1970-ci illərin ikinci yarısında ədibin bir-birinin ardınca hekayə və povestləri dərc edilib. 1979-cu ildə isə "Qar", "Yanğın", "Şanapipik", "Şeytan", "Dəyirman" hekayələrindən ibarət "Ayın aydınlığında" kitabı işıq üzü görüb. Bu hekayələr M. Süleymanlını xalqa cəmiyyət problemlərini zamanında görüb əks etdirən gözəl bir nasir kimi tanıdıb.

Ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət edib. Onun "Köç", "Ceviz qurdu", "Səs", "Günah duası", "Erməni adındakı hərflər", "Dəyirman" romanları çağdaş Azərbaycan romançılığının inkşafında bir pillədir.

"Köç" romanı xalqımızın yüz illərdən bəri keçib gəldiyi yolların tarixi, adət və ənənələrini qoruyub saxladığı köçəri ruhunun bədii etnoqrafiyasıdır. 

"Ceviz qurdu" (1982) romanı isə 1930-cu illərin represiyalarından 80-ci illərə qədərki fasiləli tarixin xalqın həyatında buraxdığı izlərdən, milli insana vurduğu sağalmaz yaralardan bəhs edir.

"Səs" sovet cəmiyyətinin son durumunu əks etdirən sosial romandır. Ümumilikdə yazıçı "Səs" və "Ceviz qurdu" romanlarında cəmiyyətin düçar olduğu mənəvi bəlaların necə fəsadlar törətdiyini əks etdirir. Hər iki romanda rəmzi-metaforik obrazlar diqqəti cəlb edir.

Povestləri: "Şanapipik", "Duzsuzluq", "Yel Əhmədin bəyliyi", "Şeytan", "Dəyirman", "Ot", "Ömürdən qıraqda", "Teymurilər", "Mehman".

Hekayələri: "Yamacda bir kənd", "Yüz günümdən biri", "Armud ağacının nağılı", "Bərəkət", "Füşkürək", "Yallı gecəsi", "Dünyanın işığı", "Sapand", "Qar", "Yanğın", "Qaraca kişinin yaylaqları", "Ayın aydınlığında", "Çoban İbrahim və velosiped", "Sığırçı Gülünün ala iti", "İt dərsi", "Ağacan", "Quru kəllə", "Son dayanacaq".

Azərbaycan Dövlət Radiosunda onun rəhbərliyi ilə "Respublika", "Dan yeri", 'Dünəndən bu günə", "Bizdən sonra", "Sarıtel", "Xeyrə qənşər", "Bulaq başı", "Mövqe", "Аxtarış", "Dövran", "Qürbətdə qalan Vətən", "Parlament saatı", "Gündoğandan gün batana", "Eşidirsizmi?", "Qonaq eldən gələr", "Var səsimlə", "Çiyin çiyinə", "Tanrı duaları" və s. verilişlər efirə çıxmışdır.

1980-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan M.Süleymanlı "Şöhrət" və "Şərəf" ordenləri laureatıdır.

 

21.02.2024 18:46
3059