SON DƏQİQƏ! İsrail və İran danışıqlar masasına otura bilər

"İsrail və İran Çinin vasitəçiliyi ilə danışıqlar masasına otura bilər".

Musavat.com bildirir ki, bu barədə siyasi təhlilçi Aqşin Kərimov deyib.

Onun fikrincə, İran Yaxın Şərqdə kompromis siyasəti həyata keçirməyə hazırlaşır:

"İran "Hizbullah" təşkilatını Livandakı vətəndaş müharibəsinin gedişatında yaradıb. Maraqlıdır ki, İranda o zamankı ali lider İmam Xomeyni Livanda İranın siyasi və hərbi iştirakının gələcəkdə İrana qarşı tələ kimi istifadə edilə biləcəyi mövqeyində idi. Lakin SEPAH daxil olmaqla İran hərbi elitası Xomeynini inandıra bildilər ki, Livanda döyüşçülərdən ibarət dəstələrin yaradılması vacibdir.

Bu gün Yaxın Şərqdə İranın ard-arda proksi qüvvələrə endirilən zərbələrlə mövqelərinin laxladığı görünür. Ancaq İranda hansısa qüvvələr proksi orduları qurban verən siyasətin tərəfdarı kimi çıxış edir. Nəticədə, görünməyən bir hadisə baş verə bilər: İsrail və İran Çinin vasitəçiliyi ilə danışıqlar masasına otura bilər. Fikrimcə, İran Yaxın Şərqdə kompromis siyasəti həyata keçirməyə hazırlaşır".

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın sentyabrın 27-də Beyruta endirilən aviazərbələr nəticəsində öldürüldüyünü rəsmən təsdiqləyib.

Livanlı rəsmilər İsrailin cümə günü endirdiyi hava zərbələri nəticəsində 6 nəfərin öldüyünü, 91 nəfərin yaralandığını bildirib. Məlumata görə, bazar ertəsindən bəri İsrailin Livana hücumları zamanı ölənlərin sayı 800-ə çatıb.

Xalidə Gəray
Musavat.com

29.09.2024 08:14
830