İran Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinə xəbərdarlıq edib ki, Tehrana hücumda İsrailə yardım etsələr, onların neft obyektlərinə zərbə endirəcək.
Bu barədə “Röyters” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu, məlumatı Səudiyyə Ərəbistanının kral sarayına yaxın analitik Əli Şihaba da təsdiqləyib:
“İranlılar bildiriblər ki, Körfəz ölkələri öz hava məkanını İsrailə açsa, bu, müharibə aktı olacaq. Tehran həmçinin Ər-Riyada xəbərdarlıq edib ki, müttəfiqlərindən, məsələn, Yəmən və ya İraqdan da reaksiya gələ bilər”.
Qeyd olunur ki, ötən günlərdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və İranın xarici işlər naziri
Abbas Arakçı arasında keçirilən danışıqlarda İsrailin İrana potensial hücumu diqqət mərkəzində olub:
“Bundan sonra Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ABŞ-ı İsrailə İrana hücum etmək üçün hava məkanından və hərbi infrastrukturundan istifadə etməyə icazə verməyəcəkləri barədə xəbərdar edib. İsrail İordaniya və ya İraq ərazisinə zərbələr endirə bilər, lakin bunun üçün Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-nin hava məkanından istifadə strateji baxımdan vacib deyil. İsrail havada yanacaq doldurmadan istifadə edə bilər ki, bu da qırıcının Qırmızı dəniz üzərindən Hind okeanına uçmasına, Fars körfəzinə doğru getməsinə və sonra geri qayıtmasına imkan verəcək. Raket əleyhinə müdafiə və “Patriot” sistemlərinin mövcudluğuna baxmayaraq, Fars körfəzindəki bütün neft obyektlərinin qorunması problem olaraq qalır. Ona görə də əsas yanaşma diplomatik olaraq qalır - İrana region ölkələrinin təhlükə törətmədiyini izah etmək”.
Mənbə qeyd edib ki, region raket müharibəsi ilə üzləşə bilər:
“Özümüzü raket müharibəsinin ortasında tapacağıq. Xüsusilə İsrail İranın neft obyektlərinə hücum edərsə, ciddi narahatlıq var”.
Vurğulanır ki, Səudiyyə Ərəbistanı və ya BƏƏ-də neft obyektlərinə hücum neftin dünya bazarına tədarükü ilə bağlı problemlərə səbəb ola bilər.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasətçi Əli Mustafa ilə müzakirə edəcəyik.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.