SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Hərbi Qarnizon Məhkəməsi dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayevi 2 ay müddətinə həbs edib.

Qeyd edək ki, E. Paşayev bir gün əvvəl hərbi müstəntiqlər tərəfindən saxlanılıb və 46 milyon rubldan çox məbləğdə dələduzluqda ittiham olunur. İddia olunur ki, o, Aleksey Blinovskiyə ailəsini vergidən yayınma halında cinayət məsuliyyətindən azad edəcəyinə söz verib.

Daha əvvəl bildirilmişdi ki, təqsirli bilinərsə, keçmiş vəkili 10 ilə qədər həbs cəzası gözləyir.

Vəkilin yaxınları isə Musavat.com-a bildiriblər ki, əslində hüquqşünas Elman Paşayevin heç bir suçu yoxdur. Onun Rusiyanın çox güclü adamları ilə, konkret olaraq, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə problemi var və məhz bu şəxs öz səlahiyyətlərindən istifadə edərək onu təqib edir, dönüb-dönüb necəsə dolaşdırmağa çalışır.

Elman Paşayev Azərbaycan kökənli Rusiya vətəndaşıdır, tanınmış vəkil və siyasətçidir. Son aylarda isə könüllü olaraq Rusiya-Ukrayna müharibəsinə qatılıb və ön sıralarda tank komandiri kimi hərbi xidmət aparıb. Onun bir neçə dəfə döyüşlərdə yaralanması xəbəri də yayılıb.

Şahanə Rəhimli,
Musavat.com

18.09.2024 18:10
2996