Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşları tərəfindən Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.
Musavat.com xəbər verir ki, görülmüş təxirəsalınmaz tədbirlərlə qeyd olunan xarici ölkənin vətəndaşlarının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yol kənarındakı yaşıllıq ərazidə gizlətdikləri və ümumilikdə 74 kq 163 qr çəkisi olan qurudulmuş marixuananı həmin ərazidən götürüb oradan uzaqlaşarkən Azərbaycan Respublikasının vətəndaşları - 1982-ci il təvəllüdlü Qasımov Vəli Mahir oğlu, 1988-ci il təvəllüdlü İsgəndərov İsgəndər Cəfər oğlu, 1993-cü il təvəllüdlü Süleymanzadə Aqşin Yusifəli oğlu və vətəndaşlığı olmayan 1982-ci il təvəllüdlü Daşdəmirov Çingiz Fakralı oğlu cinayət başında yaxalanıblar.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı) maddələri ilə cinayət işi başlanılıb və adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.
Hazırda araşdırmalar davam etdirilir.