“Son bir ayda 3-4 təklif gəlib, amma...” -Xalq artistindən özünə QADAĞA


“Kino günü münasibəti ilə bütün həmkarlarımı ürəkdən təbrik edirəm. Hər il kino günündə filmlərə çəkiləndə yaşadığım o illər, tərəf müqabillərim yadıma düşür. İndi həmin sənətkarların bir çoxu həyatda yoxdur. Düzdür, mən bir o qədər də çox filmdə rol almamışam, amma yenə də o filmlərə çəkildiyim anları xatırlayıram. “Bəyin oğurlanması” filmi sanki bir gül buketi idi. O filmdə epizodda da olsa çəkilənlər dünyanın xoşbəxti olub. Mən də o xoşbəxtlərdən biri olmuşam. Gör orada kimlər olmayıb ki?! Demək olar ki, Azərbaycanın tanınmış simalarının 90 faizi o filmdə var”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Firəngiz Mütəllimova deyib.
 
O daha sonra əlavə edib:
 
 
 
“İstəyirəm “Azərbaycanfilm” kinostudiyası əvvəlki ab-havasına qayıtsın. Yenə də filmlər, çəkilişlər başlasın. Hər otağın qapısını filmin adı ilə açıb daxil olaq. Mənim ən böyük arzum kinomuzun inkişafıdır. İstəyirəm filmlərimiz ən yüksək müsabiqələrdə yer tutsun. Gözəl filmlərimiz var. Yaxşı ki, də var. Azərbaycanın aktyorları çox güclüdür. Mən Rasim Balayev, Rafiq Əzimov, Ənvər Həsənov, Həmidə Ömərova başda olmaqla hər kəsi ürəkdən təbrik edirəm”.
 
Xalq artisti filmlərdə çəkilməməsinin səbəblərindən də danışıb.
 
““Azərbaycanfilm” kinostudiyası nə vaxt bir yaxşı film çəkərsə, dəvət alaramsa böyük məmnuniyyətlə çəkilərəm. Sonuncu dəfə orada “Qala” filmində rol almışam. Bəlkə də maraqlı bir ssenari, obraz olsa, rejissor məni inandırsa çəkilərəm. Hələ ki, məni qane edən bir təklif gəlməyib. Gənc rejissorlarımıza uğurlar arzu edirəm. Yalan deyərəm ki, hansısa kinorejissoru yaxından tanıyıram. Heç kimlə birlikdə çalışmamışam. Sonuncu dəfə özəl filmlərdən birində özümü oynamışam. Onun da adını unutmuşam. Son bir neçə ayda 3-4 serial təklifi gəlib. Yayda ümumiyyətlə çəkilmirəm. Sağ olsunlar zəng edirlər, təklif edirlər, yaxşı da rollardır. Amma mən yayda çəkilməyi sevmirəm, dincəlirəm. Bəlkə də əvvəldən öyrəşmişəm. Çünki teatrda bütün fəsillərdə işləyirdik, təkcə yayda dincəlirdik. Yayda çəkilməyi sevmirəm. Bəlkə də cavanlıqda çəkilmişəm, xoş olub, amma indi istəmirəm”, - deyə sənətkar bildirib.
02.08.2024 15:51
1298