Milli Məclisə iddialılar sırasında səfirlik işçiləri də var; parlament diplomatiyasına hazırlıq, yoxsa...
Parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasının bitməsinə cəmi 7 gün qalır. Bir həftə sonra təbliğat-təşviqat dayandırılacaq. Hazırda diqqəti cəlb edən məqamlardan biri seçki dairələrində əsasən favorit namizədlər və onların əsas rəqiblərinin daha çox təbliğat-təşviqatının həyata keçirilməsidir.
Digər namizədlərin əksəriyyəti seçkidə məğlub olacaqlarını dəqiq bildiklərindən əlavə enerji, vəsait və vaxt sərf etməyə həvəsli görünmürlər. Favroit kimi görünən namizədlər, onların sırasında olan bəzi partiya namizədləri isə son günə qədər təbliğat-təşviqat kampaniyasını davam etdirməkdə qərarlı görünürlər. Namizədlərin əsasən onlar üçün ayrılmış xüsusi qapalı və açıq yerlərdə seçicilərlə görüşlərə, həmçinin məhəlləarası görüşlərə üstünlük verdiyi müşahidə edilir. Maraqlıdır ki, heç bir deputatlığa namizəd və seçkidə iştirak edən heç bir partiyanın namizədləri telelviziyalarda təbliğat materialları yaymaq və çıxışlar etmək, debatlara çıxmaq kimi ənənəvi üsullardan istifadə etmirlər.
Və bu vəziyyətin sonadək davam edəcəyi ehtimalı yüksəkdir.
Hələ ki, seçki pozuntularına görə hər hansı namizədə qarşı ciddi cəza tədbiri görülməyib, məsələn namizədliyinin ləğv edilməsi kimi sərt qərar verilməyib. Bir neçə namizədə sadəcə xəbərdarlıq edilib. Deputatlığa namizədlərin sayı isə 1052 nəfərdir. Hələ ki, heç bir namizədin rəqiblərindən kiminsə xeyirinə seçkidən imtina etdiyi halı da yaşanmayıb.
Maraqlı bir detal da bu dəfə parlament seçkilərinə Xarici İşlər Nazirliyi sistemində çalışan bir neçə təcrübəli diplomatların da qatılmasıdır. Bu, parlament diplomatiyasına hazırlıq kimi qiymətləndirilir.
Dairə Seçki Komissiyaları isə seçkiyə hazırlıqlarını əsasən başa çatdırıblar. Bütün məntəqələr lazımi texniki avadanlıqlarla təmin edilib. Bütün məntəqələr seçkilərə tam hazırdır. Hazırda məntəqə seçki komissiyaları tərəfindən seciçilərə bildirişlər çatdırılması prosesi həyata keçirilir.
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar MSK-da qeydə alınan yerli müşahidəçilərin isə yekun sayı məlum olub.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bugünkü iclasında bildirib. Onun sözlərinə görə, indiyə qədər ümumilikdə 7100-ə qədər yerli müşahidəçi MSK-da qeydə alınıb.
Qeyd edək ki, Dairə Seçki Komissiyalarında (DSK) qeydə alınan yerli müşahidəçilərin sayı isə daha çoxdur.
MSK sədri Məzahir Pənahov həmçinin deyib ki, 2471 seçki məntəqəsində əlilliyi olan şəxslər üçün pandus quraşdırılıb.
“Bu kateqoriyadan olan seçicilərimizin hamısını məntəqəyə dəvət edirik. Onların siyahısı var və səs verəcəkləri məntəqələrdə xüsusi şərait yaradılıb”, - M.Pənahov əlavə edib.
O əlavə edib ki, görmə qabiliyyətində problemlər olan seçicilər üçün Brayl əlifbası ilə trafaret çap edilib, bütün seçki dairələrinə göndərilib.
Rövzət Qasımov
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov isə deyib ki, Milli Məclisə seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün lazımi addımlar atılıb, seçki iştirakçılarına hərtərəfli şərait və geniş imkanlar yaradılıb. O bildirib ki, çox sayda yerli və beynəlxalq müşahidəçilər, media mənsubları və fərqli aşkarlıq institutları seçki kampaniyasında hər hansı bir maneə ilə rastlaşmadan, azad və sərbəst şəkildə iştirak edirlər: “Ölkədə fəaliyyət göstərən siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları müşahidə baxımından xüsusilə geniş iştirak sərgiləyirlər”.
R.Qasımov qeyd edib ki, seçki günü proseslərin birbaşa izlənilməsi, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin olunması üçün texniki parametrləri gücləndirilmiş və daha da təkmilləşdirilmiş veb-kameralardan istifadə olunur.
O bildirib ki, veb-kameralar vasitəsilə hər kəs istər ölkə daxilində, istərsə də ölkə xaricindən seçki günü MSK-nın internet səhifəsinə daxil olmaqla, heç bir qeydiyyat tələb olunmadan, səsvermə günü məntəqələrdəki bütün prosesləri yüksək görüntü effekti ilə fasiləsiz müşahidə edə biləcəklər.
Rövzət Qasımovun sözlərinə görə, Azərbaycanda keçirilən seçkiləri veb-kameralar vasitəsilə daha çox ABŞ, Türkiyə və İngiltərədən izləyirlər və bu da ölkədə gedən proseslərə xaricdən olan marağın göstəricisidir: “Prosesi canlı yayımlayan kameralar kifayət qədər yüksək standartlara cavab verir. Veb-kameralarda seçki qutularının görünməsi məcburi xarakter daşıyır. MSK əvvəlki seçkilərdə də veb-kameralar olan məntəqələrdən şikayət daxil olanda saatlarla veb-kameralardan görüntüləri araşdırıb. Veb-kameralar ədalətli qərar çıxarılmasına da kömək olur”.
MSK sədrinin müavini deyib ki, Milli Məclisə seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin olunması xüsusi diqqətdə saxlanılıb. Azərbaycanın 16 illik uğurlu və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən veb-kamera təcrübəsi bütün seçkilərdə olduğu kimi, qarşıdan gələn Milli Məclisə seçkilərdə də reallaşdırılır: “Bu məqsədlə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar vasitəsilə seçki məntəqələrində səsvermə günü prosesləri hamı üçün açıq platformada canlı nümayiş etdiriləcək, maraqlı subyektlər seçki məntəqələrinə getmədən belə gün ərzində prosesləri əvvəldən axıradək fasiləsiz müşahidə imkanı qazanacaqlar”.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi müddəti isə başa çatıb. “Azərbaycan Respublikasında seçkilərdə ”exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları"nın 2.3-cü bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir. Qeyd edək ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının “ORACLE ADVISORY GROUP” (Amerika Birləşmiş Ştatları) təşkilatı, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyinin isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə parlament seçkilərində exit-poll keçirmələri üçün akkreditasiyaları barədə qərar qəbul edilib.
Yusif Vəliyev
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev isə “Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında bildirib ki, ”Azərbaycan Könüllü Təşkilatları İttifaqı Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində “Seçki Könüllüləri” qrupunu yaradıb. Bu qrup vasitəsilə ilk dəfə səs verəcək gənc seçicilər seçki hüquqları barədə məlumatlandırılır. Seçki könüllüləri Bakı şəhərinin müxtəlif ərazilərində, Naxçıvan Muxtar Respublikası, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində aktiv fəaliyyət göstərirlər: “Növbədənkənar parlament seçkilərində Azərbaycan könüllüləri də vətəndaş cəmiyyətinin üzvü olaraq aktiv iştirak edəcək. Seçki günü Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 1500-dən çox ümumrespublika statuslu müşahidəçisi ilə müvafiq seçki məntəqələrində təmsil olunacaq”.
Yusif Vəliyev qeyd edib ki, sentyabrın 1-nə təyin olunan parlament seçkiləri müstəqil Azərbaycanın tarixində ciddi əhəmiyyətə malikdir: “İlk dəfə olaraq ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpasından sonra bütün ölkə ərazisində parlament seçkiləri keçirilir. Paytaxtda və regionlarda, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan Könüllülərinin seçki prosesində müşahidəçi qismində iştirak etməsi bizim üçün olduqca qürurvericidir. Biz də İttifaq olaraq şəffaf və ədalətli parlament seçkilərinin keçirilməsinə öz töhfəmizi verəcəyik.”
Nazim Mustafa
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Nazim Mustafa isə bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdışı prosesi ilə yanaşı Qərbi Azərbaycana qayıdış məsələsi də aktuallaşıb. Yeni formalaşacaq parlament Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının dinc yolla reallaşması üçün hüquqi bazanın yaradılması istiqamətində ciddi addımlar atmalıdır: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra yeni parlament Qərbi Azərbaycandakı maddi-mədəni irsimizin qorunması istiqamətində müvafiq qurumlar qarşısında məsələ qaldırmalı və onların dağıdılmasına son qoyulmasına çalışmalıdır. Qərbi azərbaycanlıların yeni formalaşacaq parlamentdən əsas gözləntiləri bunlardan ibarətdir. Ümid edirik ki, yeni parlament Qərbi Azərbaycan Konsepsiyasının reallaşması üçün bütün zəruri addımları atacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”