Son 2 ildə Nazirlik və qurumları 43 beynəlxalq mükafat və sertifikatla təltif edilib

Ölkəmizdə vətəndaş rifahının və məmnunluğunun təminatı istiqamətində həyata keçirilən islahatlar qarşıdakı dövrdə də davam etdiriləcək.

Musavat.com xəbər verir ki, bunu Nazirlikdə keçirilən kollegiya iclasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

İclasda 2023-cü il üzə əldə olunan uğurlar diqqətə çatdırılıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu il suverenliyimizin bərpa edildiyi, Azərbaycanın öz tarixinin ən şanlı dövrünü yaşadığı bildirilib.  

Ölkəmizin bütün sferalarda qazandığı uğura diqqət çəkən nazir, il ərzində sosial sahədə əldə edilmiş nailiyyətlər barədə məlumat verib.

Həyata keçirilən genişmiqyaslı sosial islahatlar nəticəsində formalaşan yeni sosial modelin mötəbər beynəlxalq qurumlar tərəfindən dünyanın qabaqcıl təcrübələrindən biri kimi tanınaraq digər ölkələrdə də tətbiqinin təşviq olunduğu qeyd edilib.

Təkcə son 2 ildə Nazirlik və qurumları 43 beynəlxalq mükafat və sertifikatla təltif edilib.

Yaxın vaxtlarda Serbiya, Moldova, Özbəkistan və digər ölkələrdə Azərbaycanın DOST modelinin, sosial sahədə rəqəmsallaşma, əlilliyin qiymətləndirilməsi və başqa təcrübələrinin tətbiqinə başlanacağı vurğulanıb. 

2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı həmin vətəndaşların yekun tibbi müayinəsinin Nazirlik tərəfindən aparılacağı, bu sahədə innovativ infrastrukturun qurulması istiqamətində işlərin aparıldığı bildirilib.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Naxçıvan MR-də sosial sahənin inkişafı ilə bağlı işlərin aparıldığı, Muxtar Respublikanın sosial müdafiə sisteminin ölkənin vahid sosial inkişaf modeli əsasında qurulduğu diqqətə çatdırılıb.

İclasda əmək, məşğulluq, əlillik, sosial təminat, sosial xidmət, övladlığagötürmə və başqa sahələrdə görülmüş işlər barədə təqdimatlar edilib, “Sosial xidmət haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

Ötən ildən tətbiqinə başlanan yeni əlillik meyarlarının bu sahədə vətəndaşların xeyrinə yaratdığı imkanlar vurğulanıb.  

Nazirlər Kabinetinin qərarına əsasən Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilmiş 1 və 2 nömrəli Ailə tipli kiçik qrup evləri və bir sıra uşaq evi sosial xidmət müəssisələrinin əsasında Kollegiyanın qərarı ilə publik hüquqi şəxslər yaradılıb.

Həmçinin 2024-cü il üçün iş vaxtının norması və istehsalat təqvimi, müvafiq sahələrə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası təsdiq edilib.

16.12.2023 17:10
617