Şoltsdan Putinə: Vaxtla oynamaq heç nə verməyəcək  

 

Almaniya Ukraynanın müdafiə səylərini dəstəkləmək üçün yeni və böyük yardım paketi təqdim edəcək.

Musavat.com Unian-a istinadən xəbər verir ki, bunu kansler Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar başlamazdan əvvəl keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, ilin sonuna kimi Almaniya Belçika, Danimarka və Norveçdən olan tərəfdaşlarının dəstəyi ilə Ukraynaya 1,4 milyard avro dəyərində daha bir paket çatdıracaq.

Xüsusilə bu paketə İris-T, Skynex hava hücumundan müdafiə sistemləri, Gepard zenit silahları, özüyeriyən artilleriya, zirehli texnika, döyüş pilotsuz uçan aparatları, radarlar və sursatlar daxil olacaq: "Və gələn il biz Ukraynaya hərbi dəstəyi davam etdirəcəyik - biz artıq büdcəmizə 4 milyard avro daxil etmişik. Bu, birbaşa ikitərəfli hərbi yardımdır".

Almaniya kansleri həmçinin bildirib ki, G7 ölkələri Apuliyada keçirilən G7 sammitinin qərarına uyğun olaraq bu il Ukraynaya əlavə 50 milyard avro kredit verəcək.

Bundan əlavə, Almaniyadan Ukraynaya 600 milyon avro dəyərində yeni hərtərəfli hərbi yardım paketi artıq çatdırılıb. Bu dəstəyə beşinci İris-T SLM hava hücumundan müdafiə sistemi, piyada döyüş maşınları, tanklar, haubitsalar, döyüş sursatları və pilotsuz təyyarələr daxildir.

Şolts qeyd edib ki, Ukraynaya hərbi yardımın göstərilməsi davam edir və hava hücumundan müdafiə sistemləri mərkəzi element olaraq qalır: Biz bu yaxınlarda dəyən ziyanı tez bir zamanda aradan qaldırmaq və istilik və enerji təchizatını bərpa etmək üçün əlavə 170 milyon avro ayırdıq”.

Kansler Ukraynanın dəstəyə arxalana biləcəyinə inandırıb: "Bu, Putinə açıq bir siqnaldır: vaxtla oynamaq heç bir nəticə verməyəcək".

 

Musavat.com

11.10.2024 18:36
526