ŞOK! Zəngəzura görə İsrailə HÜCUM - Ermənistan görün nələr edir

İrəvan Naxçıvanla quru yolunun açılmasındakı əngələ görə İrana borcunu belə qaytarır, Fələstin məsələsi ilə spekulyasiya edir

“Ermənistan beynəlxalq təhlükəsizliyi pozmağa yönəlmiş və ötən həftə də İran İslam Respublikasına qarşı nümayiş etdirilən hərəkətləri pisləyir”. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Regionda (Yaxın Şərq) baş verən hadisələrdən çox narahatıq. Ümid edirik ki, diplomatiya beynəlxalq hüququn qorunması və gələcək arzuolunmaz hadisələrin qarşısını almağa imkan verəcək”, - XİN bildirir. Yada salaq ki, İsrail İranın oktyabrın 1-də öz ərazisinə irimiqyaslı raket hücumuna cavab olaraq oktyabrın 26-da bu ölkəyə hava zərbələri endirib. 

Ermənistan hökumətinin İsraillə İran arasındakı münaqişədə növbəti dəfə Tehranın tərəfini tutması təəccüblü deyil. Belə ki, bu ay İrəvan Fələstinlə diplomatik əlaqələrin qurulmasına dair sənəd imzalayıb. Bir müddətdir ki, demək olar ki, bütün erməni KİV-ləri İsrail əleyhinə kəskin yazılar dərc edir, məruz qaldığı raket hücumlarına açıq şəkildə sevinirlər. "Azərbaycan "artsax"ın mülki əhalisini öldürəndə, etnik təmizləmə törədəndə, Ermənistan ərazisinə İsrail silahları ilə keçərkən Təl-Əviv Bakını dəstəklədi", - deyə yazanlar da olub. 

Yada salaq ki, 1993-2007-ci illər ərzində İsrail Ermənistanda Gürcüstandakı səfirliyi vasitəsilə təmsil olunurdu, sonra isə İrəvanda diplomatik nümayəndəlik yaradıldı. 2020-ci ildə Ermənistan İsraildə səfirlik açdı, buna qədər fəxri konsulluq da vardı. Hər iki yəhudi diplomat İrəvandakı qondarma erməni soyqırımı abidəsini ziyarət də edib. Ermənistan bu ilin yayında Fələstinin müstəqilliyini tanıdıqdan sonra Təl-Əvivdəki səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılmışdı. İrəvan Zəngəzur dəhlizində yaratdığı əngələ görə İrana borcunu belə qaytarır, Fələstin məsələsi ilə spekulyasiya edir. Amerikanın buyruq qulu olan İrəvan niyə onun Yaxın Şərqdə müttəfiqi olan İsrailə qarşı siyasət yürüdür?

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm)

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan Xarici İşlər Nazirliyinin İsrail əleyhinə açıqlaması təəccüblü deyil. Ermənistanla İsrail arasında münasibətlər heç də hamar deyil. Xüsusilə də 2020-ci ildə Ermənistanla Azərbaycan arasında 44 günlük müharibə dönəmində Ermənistanın İsraillə münasibətləri kəskin şəkildə pisləşdi: “Ermənistan İsraili Azərbaycana silah satmaqda ittiham edərək Təl-Əvivdən tələb edirdi ki, Azərbaycana silah satmasın, münasibətlər korlansın və Qafqazda İsrailin əsas tərəfdaşı Ermənistan olsun. Ermənilər özlərinə belə missiyanı görürdülər və hesab edirdilər ki, bu belə də olmalıdır. Digər tərəfdən, iki ölkə arasında münasibətlərdə müəyyən soyuqluq yaradan səbəb həm də soyqırımla bağlı olan iddialardır. Belə ki, yəhudi xalqı hesab edir dünya tarixində soyqırıma məruz qalan yeganə xalq yəhudilərdir, Holokosda 6 milyona yaxın yəhudi qətlə yetirilib. Ermənilərin uydurduğu qondarma soyqırım yəhudilər tərəfindən qəbul olunmadığı üçün ermənilərin həm də bu məsələ ilə bağlı İsrailə neqativ münasibətləri güclənməkdədir. İsrailə cavab olaraq İranı müdafiə edirlər”.

İranın müdafiə olunmasına gəlincə, politoloq vurğuladı ki, İran Ermənistanı açıq şəkildə dəstəkləyən, ona nəfəslik rolunu oynayan bir neçə ölkədən biridir: “Azərbaycan torpaqlarının işğalında və 30 ilə yaxın işğal altında saxlanmasında İran Ermənistana ciddi dəstək verib. İran Zəngəzur dəhlizinin açılmasına qarşı olan dövlətdir. Bu baxımdan da İrəvanın əlini gücləndirmiş olur. Hazırda da İran Ermənistanı ciddi formada dəstəkləməkdədir. Həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən Ermənistana daim dəstək verilir. Erməni mətbuatının özü belə, İranın Ermənistana PUA-lar və raketlər verdiyi ilə bağlı məlumatlar yayıb. Bunlar kifayət qədər əsaslı xəbərlərdir. Belə ki, Ermənistan müdafiə naziri bu ilin martında İrana səfər edərkən iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıqla bağlı memorandum imzalanıb. Bu müqavilənin dəyəri təxminən 500 milyon dollar səviyyəsində qiymətləndirilir. Ona görə də Ermənistanın İranın müdafiəsinə yönəlik açıqlaması Tehranın yanında olduqlarını göstərməkdir. Ermənistan görür ki, onun hazırda regionda yeganə dəstəkçisi İrandır. Ona görə də Ermənistanın əsas düşmən hesab etdiyi İsrailə qarşı mövqeyi təsadüfi hesab oluna bilməz.

Maraqlıdır ki, İsrailin dostu, İranın isə düşməni kimi çıxış edən ABŞ əlaltısı olan Ermənistan hökumətinin İsrail əleyhinə mövqeyini anlayışla qarşılayır. ABŞ İrəvanın bu davranışlarına göz yumur. Çünki ABŞ-ın da Ermənistanda maraqları var. Ona görə də Ermənistanın davranışlarına güzəştli münasibət sərgiləyir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

30.10.2024 09:47
2677