Şok! Rusiyanın sülh şərtləri bilindi: Kolokoltsev xüsusi təyyarə ilə Vaşinqtona hansı planı aparıb?

Rusiya-Ukrayna müharibəsinin bu il başa çatacağı haqqında söhbətlər, iddialar artıb. Bu qənaətə gəlməyə Ukrayna prezidenti Vladimir Zelenskinin açıqlamaları əsas verir, ancaq təkcə o deyil. Bənzər iddialar Rusiya tərəfdən də var.

ABŞ və Avropa ölkələri də bu mənasız müharibənin, gənc insanların amansızcasına qırğınının bütün Avropanı və dünyanı odlara qalamadan dayandırılması üçün ard-arda təşəbbüslər göstərirlər.

Əslində hamı bu qanlı savaşdan, dövlətlərin iqtisadi tənəzzülünə səbəb olan qarşılıqlı sanksiyalardan, müharibə psixozundan usanıb. Hamı istəyir ki, sülh və əmin-amanlıq olsun.

Ancaq buna necə nail olmağın optimal yolunu heç kəs bilmir. Hər tərəfin problemə öz baxışı, öz şərtləri var.

Rusiya tərəfdən müharibənin bu il bitəcəyi barədə iddiaları əsasən Medvedyev və Roqozin kimi “qırğılar” səsləndirirlər. Onların fikrincə, Kiyev təslim olacaq, Ukrayna işğal ediləcək, Ukrayna “neonasistlər”i qırğına veriləcək və müharibə bitəcək.

Öz vətənlərini müdafiə edən “neonasistlər” isə bu fikri bölüşmürlər, onların düşüncəsinə görə, Rusiya işğal etdiyi ərazilərdən çəkilməli, Donbası, Krımı Ukraynaya qaytarmalı, Ukraynaya vurduğu ziyana görə təzminat ödəməli və müharibə bu zəmində bitməlidir.

Avropa ölkələrinin çoxu Ukrayna rəhbərliyi kimi düşünür və hesab edir ki, Rusiya aqressiv siyasətindən əl çəkməli, gerçək müstəqilliyə nail olmaq istəyən postsovet ölkələrə azadlıq verməli, özünə yığışmalıdır. Avropadakı bəzi ölkələr (Serbiya, Macarıstan və s.) düşünürlər ki, Rusiyanın indiyə qədər tutduğu torpaqlar özünə qalmaq şərtilə müharibə dayandırılmalıdır və Moskva qərb istiqamətinə irəliləmək fikrindən vaz keçməlidir.

ABŞ-da Tramp və onun kimi düşünənlərin fikrincə, Rusiyanın maraqları ilə hesablaşmaq, tələb etdiklərini vermək lazımdır ki, bu müharibə yeni, qanlı, qırğınlı mərhələyə adlamasın.

Məsələyə fərqli baxışları olan başqa hərbi-siyasi dairələr də var. Məsələn, Çin üzdə beynəlxalq sülhdən danışsa da, əslində Rusiya-Ukrayna müharibəsinin davam etməsində maraqlıdır. Çünki bu, mahiyyətcə, Rusiya-ABŞ müharibəsidir. Əgər ABŞ bu müharibəə Rusiyanı çökdürsə, növbəti hədəfin Çin olacağını Pekində gözəl başa düşürlər. Bu savaş isə həm hərbi, həm siyasi, həm də iqtisadi planda ən çox Çin dövlətinin işinə yarayır.

Bu, heç də Putin-Zelenski müharibəsi deyil. Hərçənd ya Zelenski, ya da Putin qəfildən hakimiyyətdən getsə, münaqişənin çözülməsi yolunda qapı açıla bilər. İndilikdə Zelenskinin devrilməsi Ukraynanın kapitulyasiyası şərti ilə müharibənin dayandırılması demək olar. Ancaq Putinin hakimiyyətdən getməsi Rusiya-Ukrayna savaşının heç-heçə bitməsinə, hətta 2014-cü ildən əvvəlki mövqelərə qayıtmasına gətirib çıxara bilər.

Hazırda müharibənin dayandırılması əmri bir nəfərin – RF prezidenti Vladimir Putinin iki dodağının arasındadır. O istəsə, müharibə bitəcək, istəməsə, dünyada Rusiya-Ukrayna savaşını bitirə biləcək ikinci bir qüvvə yoxdur.

Bəs Putin öz planlarını yarımçıq saxlamağa, ya da ordusunu indiyədək irəlilədiyi yerdən geri çəkməyə hazır və razıdırmı? Əsla razı və hazır deyil. O, elə xarakterik rəhbərlərdəndir ki, “Pirr qələbəsi”nə belə razı olar, nəinki tarixdə barəsində “uduzdu, qayıtdı” yazılmasına.

Ukraynalı jurnalist Dmitri Qordonun yaydığı videoçıxışında belə bir iddia var ki, bu yaxınlarda Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsov birbaşa Moskvadan havaya qalxan təyyarə ilə ABŞ-yə uçub və bu ölkənin rəhbərliyinə Ukraynada müharibənin dayandırılmasına dair sülh sazişinin detallarını aparıb.

Həmin sənəddə bir sıra incəliklər var və bu, Rusiyanın indiyə qədər səsləndərdiyi tələb və şərtlərin bir qədər yumşaldılmış məcmusudur. Məsələn, Rusiya tələb edir ki, Ukrayna Luqansk və Donetskin əlində qalan ərazilərindən çıxsın, əvəzində Zaporojyeni alsın, Krım iki ölkənin ortaq idarəçiliyində olsun və tamamilə hərbsizləşdirilsin. Ayrıca Kiyevin üzərinə beynəlxalq öhdəlik qoyulsun ki, Krıma aparan yola maneə törətməsin, yarımadanın su təchizatını öz üzərinə götürsün, Ukrayna NATO-ya və ya bundan sonra yaradılacaq hər hansı bir alyansa qoşulmasın, şəxsi heyəti 350 mindən artıq olan ordu saxlamasın və s.

Əslində bunlar Ukrayna üçün ağır şərtlərdir, onun müharibədə kapitulyasiya ilə qurtulması deməkdir.

Bu baxımdan Rusiya-Ukrayna savaşının bu il bitməsi ehtimalı hələlik ehtimaldır. Bunun gerçəkləşməsi üçün ilk növbədə militarist ritorika dəyişməlidir. Sülh danışıqları masasının arxasına “vur, vurum” deyə, nüvə müharibəsi təhdidi sovura-sovura keçmək mümkün deyil.

Kim bilir, bəlkə bu xüsusda optimist olanların əlində daha tutarlı arqumentlər var?

Bununla belə, dünya birliyinin yavaş-yavaş “şərtlər nə olur-olsun, müharibə başa çatmalıdır” fikrinə gəlməsi faktdır və bu, savaşın başa çatmasına səbəb ola bilər. Ancaq bu halda hər şey Ukraynanın ziyanına olacaq.

Belə bir ehtimal da var ki, sülh söhbətlərinin artması son dərəcə gərginləşmiş, artıq düşmənlərə taktiki nüvə zərbələri endirmək fikrinə dolmaqda olan Rusiya rəhbərliyinin qolunu boşaltmaq, fikrini yaxşılığa doğru dəyişmək səciyyəsi daşıyır.

Araz Altaylı, Musavat.com

02.07.2024 11:42
4380