164 km uzunluğunda olan dəmir yolu xəttinin tikintisinə dair kommersiya və yekun müqavilə 2024-cü ildə imzalanmalı idi, amma...
Rusiya Rəşt-Astara dəmir yoluna sərmayə qoymaq barədə hələ bir qərara gəlməyib. Bunu İran parlamentində tikinti komissiyasının rəhbəri Məhəmmədreza Rezayi Koçi deyib.
Onun sözlərinə görə, Rəşt-Astara dəmir yolu layihəsi mühüm strateji layihədir, lakin görünən odur ki, Rusiya zəruri resursların təmin edilməsi məsələsində problemlərlə üzləşib: “164 km uzunluğunda olan dəmir yolu xəttinin tikintisinə dair kommersiya və yekun müqavilə 2024-cü ildə imzalanmalı idi. Lakin Rəşt-Astara dəmir yolunun marşrutu və xəritəsi ilə bağlı mübahisələr yaranıb. Bir müddət sonra İran və Rusiya nümayəndələri arasında bu fikir ayrılıqlarının aradan qaldırıldığı açıqlansa da, layihə üzrə yekun müqavilənin imzalanması ləngiyir. Təəssüf ki, Rusiya hələ də son qərara gəlməyib, baxmayaraq ki, ilkin danışıqlar tamamlanıb. Gecikmənin İranın ucbatından olmadığı aşkar olsa da, Rusiyanın layihədə texniki iştirakı müəmma olaraq qalır”.
Qeyd edək ki, Rəşt-Astara dəmiryol xətti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb qolunun tərkib hissəsidir. 2000-ci ildə əsası qoyulan dəhliz Hindistanın Mumbay limanından çıxan yüklərin İranın Çabahar limanına, oradan isə Qəzvin-Astara xətti ilə Azərbaycana və Rusiyaya, həmçinin Avropaya çatdırılması nəzərdə tutulur. İndiyədək Qəzvin-Rəşt dəmiryol xətti istifadəyə verilib. Rəşt-Astara hissəsinin tikintisi üzrə Azərbaycanla İran 2018-ci ildə razılığa gəliblər, Bakının tikintiyə 500 milyon dollar kredit ayırmasına qərar verilib. Lakin Tramp administrasiyasının İrana qarşı sanksiyaları yenidən bərpa etməsi prosesin dayanmasına gətirib çıxarıb.
Bir qayda olaraq, layihəyə maraq göstərməyən Rusiya Ukraynadakı işğalçı müharibəyə başladıqdan sonra Qərbin ağır sanksiyalarına məruz qalıb, xarici ticarət əməliyyatlarını həyata keçirmək mümkünsüz hala gəlib. Buna görə də Moskva Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafını prioritet məsələ səviyyəsinə qaldırıb. Bu zaman dəhlizin Azərbaycan üzərindən keçən Qərb qoluna xüsusi diqqət yetirilir, çünki Şərq və Mərkəz qolları ilə müqayisədə o daha əlverişli, iqtisadi baxımdan daha səmərəlidir.
Hər üç qolla bağlı tədqiqat həyata keçirən “N.Trans Lab” beynəlxalq agentliyinin ekspertlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə mövcud layihələr infrastruktur məhdudiyyətlərini aradan qaldırmaq üçün yetərli deyil. Belə ki, dəhlizin hər iki quru marşrutu üzrə yükdaşımaların artırılmasına İran, Qazaxıstan, Türkmənistanda dəmir yollarının, eləcə də Rusiya və Qazaxıstanın avtomobil yollarının aşağı ötürmə qabiliyyəti mane olur. Dəniz marşrutu hər iki ölkədə limanların ötürücülük imkanlarının məhdudluğu, İranda onlara dəmir yolu yanaşmalarının olmaması və Xəzər donanmasının bərbad vəziyyətdə olması səbəbindən çətinləşir.
Bu şəraitdə ekspertlər diqqətin Azərbaycandan keçən Qərb marşrutuna yönəldilməsini təklif edirlər. Belə ki, 2022 və 2023-cü illərdə Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların ümumi həcmi müvafiq olaraq 14,6 milyon və 17,6 milyon ton təşkil edib. Bunun 70 faizi Qərb qolu ilə daşınıb.
“N.Trans Lab” ekspertləri qərb dəhlizinin inkişafı planlarına düzəlişlər etməyi təklif edirlər. Onların fikrincə, 7,7 milyard dollarlıq investisiyalar onun 80-100 milyon ton yükgötürmə qabiliyyətinə nail olmasına imkan verəcək. Bu yatırımın 157 milyon dolları Rusiya ərazisində layihələrə sərf oluna bilər. Azərbaycana 1,7 milyard dolların yatırılması təklif olunur ki, burada ən kapital tutumlu hissə əlavə magistral dəmir yolunun çəkilməsi və 244 kilometrlik Ələt-Astara hissəsinin elektrikləşdirilməsi olacaq. Qalan hissənin - 15,8 milyard dolların İrandakı infrastrukturun inkişafına yönəldilməsi zəruri sayılır.
Qərb qolunun iştirakçılarından Rusiya və Azərbaycanın nəzərdə tutulan layihələri maliyyələşdirmək imkanı və real iradəsi var. Lakin İran tərəfi barədə bunu söyləmək mümkün deyil. Yaxın Şərq boyu proksi silahlı qüvvələrə on milyardlarla dollar xərcləyən Tehran öz ərazisindəki iqtisadi layihələri bir qayda olaraq tərəfdaşların hesabına maliyyələşdirməyə çalışır: Çahabar limanının genişləndirilməsi, Qəzvin-Rəşt dəmiryol xəttinin tikintisi layihələrində olduğu kimi.
İranın bu istəyinin nəticəsi olaraq 2023-cü ilin mayında Moskva ilə Tehran arasında “Şimal-Cənub” layihəsi çərçivəsində Azərbaycanla İran arasında Rəşt-Astara yolunun Fars limanlarına keçidi təmin edəcək dəmir yolu hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. Layihənin ümumi dəyəri 1,6 milyard avro hesablanır, bunun 1,3 milyard avrosunu Rusiya dövlətlərarası kredit kimi İrana ayırmalıdır. Nəzərdə tutulurdu ki, Rəşt-Astara xəttini Moskva və Tehranın, Astara (İran şəhəri) - Astara (Azərbaycan şəhəri) xəttini isə Moskva, Tehran və Bakı birlikdə inşa etsin.
Müqavilə imzalanan ərəfədə Rəşt-Astara xəttinin ən geci 2027-ci ildə istismara veriləcəyi elan olunsa da, ilyarımdan çox vaxt keçib, demək olar ki, heç bir real iş görülməyib. Bu vəziyyətin yaranmasına Rusiya İranı, İran da Rusiyanı ittiham edir. Belə ki, bu ilin iyununda Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Aleksey Sapetko açıqlama verərək İranın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (İTC) çərçivəsində Rəşt-Astara dəmir yolu hissəsinin 20 faizdən az hissəsini dəmir yolu hissəsinin birgə tikintisi üçün layihə öncəsi işlərlə təmin etdiyini deyib: “Bütün 158 km-lik marşrut boyunca İran tərəfi hələlik layihəqabağı işlərə, yəni geodeziya, ölçmə, layihələndirmə, yerində işlər üçün 20 faizdən az, təxminən 30 km-ni təqdim etməyə hazırdır. Bu, kifayət deyil, ona görə də biz hələ ilkin mərhələdəyik”.
O, həmçinin qeyd edib ki, layihəqabağı tədqiqat işləri başa çatana qədər tikinti müqaviləsini yekun formada imzalamaq mümkün deyil, “çünki müqavilədə çoxlu texniki parametrlər olmalıdır”.
İyulda İranın nəqliyyat naziri Xeyrollah Xademi bildirib ki, lazım olan məbləğdə krediti ayırmasa, Rusiyanın İranın şimalında əsas dəmir yolu layihəsində iştirakına qadağa qoyula bilər, Onun fikirlərini İRNA yayıb: “Rusiya kreditindən istifadə edə bilməsək, Rusiyanın Rəşt-Astara dəmir yolunda olması mənasız olacaq”. Nazir əlavə edib ki, İran layihəni başa çatdırmaq üçün lazım olan maliyyəni təmin etmək üçün digər mexanizmlərə, o cümlədən neft barter ticarətinə müraciət edə bilər. Xademinin sözlərinə görə, Xəzər dənizi boyu yeni kommunikasiya marşrutunun əsas hissəsini İran tərəfi tamamlayacaq.
Oktyabrın 20-də isə İran parlamentində tikinti komissiyasının rəhbəri Məhəmmədreza Rezayi Koçi yuxarıda qeyd olunan açıqlamanı verib. Lakin səhəri günü İranın Rusiyadakı səfiri Kazem Cəlali Moskvanın Rəşt-Astara dəmir yolu tikintisi layihəsindən geri çəkildiyi ilə bağlı iddiaları təkzib edən açıqlama verib. Cəlali IRNA-ya müsahibəsində Rusiyanın meqalayihədən çıxması ilə bağlı mediada yayılan məlumatları inkaredərək, bunu “Tehran və Moskva arasındakı əlaqələrə qarşı psixoloji müharibə” adlandırıb.
O vurğulayıb ki, Qərb ölkələri İslam Respublikası ilə Rusiya arasında əməkdaşlıqla barışa bilmirlər, ona görə yalan(?!) məlumatlar yayırlar. Səfir Rəşt-Astara dəmir yolu ilə bağlı son hadisələrdən danışaraq bildirib ki, ruslar bu layihə üçün kredit ayırmağa razılaşıblar. O iddia edir ki, kredit üzrə faiz dərəcəsi və dəmir yolu xəttinin tikintisinin vaxtı razılaşdırılıb.
Cəlalinin sözlərinə görə, ruslar 162 kilometrlik dəmir yolu marşrutunun hamısının mütəxəssislərin araşdırması üçün əlçatan olacağını gözləyirlər. Səfir etiraf edib ki, İran həqiqətən dəmiryol xəttinin keçdiyi ərazilərdə torpaq ayrılmasını həyata keçirməyib. Bildirib ki, layihənin əhəmiyyətini nəzərə alaraq, Rusiya tərəfi əvvəlcə bütün torpaqların alınmasını, sonra isə araşdırmaların yekunlaşmasını gözləyir.
Bu isə o deməkdir ki, həqiqətən İran öz üzərinə düşən işləri vaxtında yerinə yetirməyib. Böyük ehtimal, burada da maliyyə məsələsi rol oynayır. Belə ki, torpaq ayrılmasını həyata keçirmək üçün dəmiryol xəttinin keçdiyi ərazilərdəki torpaq sahiblərinə böyük həcmdə vəsait ödənməlidir. Belə görünür ki, Tehran bu vəsaiti ödəmək istəmir...
İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, Rusiya və İran Rəşt-Astara dəmiryol xəttinin tikintisinə dair kredit sazişi imzalayıblar: “Bu xəttə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas komponentlərindən biridir. Rusiya onun tikintisinə 1,3 milyard avro kredit ayırmağı üzərinə götürüb. Layihədə Azərbaycan da iştirak edir və öz infrastrukturunu təkmilləşdirir. Hazırda regionda çox fərqli geosiyasi vəziyyət yaranıb. Rusiya və İran ikisi də ağır sanksiyalar altındadır, buna görə də hər bir layihədə öz maliyyə maraqlarını maksimum qorumağa, hər bir layihədən maksimum faydalanmağa çalışırlar. Hər iki ölkənin çoxsaylı istiqamətlərdə investisiya layihələrinin icrasında çətinlikləri var və bu çətinliklər Rəşt-Astara layihəsinə də təsirsiz ötüşmür. Xüsusilə Rusiyanın sanksiyaların dərinləşməsi səbəbindən daha böyük maliyyə problemləri var. Bu şəraitdə İranla birgə layihənin nisbətən arxa plana keçməsi təbiidir”.
İqtisadçıya görə, tərəflər arasında koordinasiya problemi də var: “Tərəflər keyfiyyətli koordinasiyanı təmin edə bilmirlər. Buna görə də yaranan anlaşılmazlıqlar vaxtında aradan qaldırılmır. Ola bilsin ki, Rusiya özü üçün əlavə üstünlüklər aldıqdan sonra layihənin maliyyələşməsinə başlasın. Çünki İranın infrastrukturu çox aşağı səviyyədədir, dəhlizin keyfiyyətli işləməsi üçün çox böyük maliyyə tələb olunur. Rusiya bu vəziyyətdən yararlanaraq ilkin müqavilədəkindən daha çox güzəşt və imtiyaz əldə etməyə çalışa bilər”.
Dünya SAKİT,
“Yeni Müsavat”