İmişli rayonunda 1999-cu il təvəllüdlü Tural sosial şəbəkələrdə tanış olduğu Ləman və Sevinc adlı qızları (adlar şərti verilib – red.) intim görüntüləri ilə şantaj edib.
Tural 2019-cu ilin dekabrında İmişli rayonunun kəndlərindən birində yaşayan Ləmanla tanış olaraq onunla bir neçə dəfə İmişli şəhəri ərazisində görüşüb.
Qadınları qorxudub qızıllarını aldı
Aralarında yaranan münasibətlərdən istifadə edən Tural əmlak əldə etmək məqsədi ilə 2 yanvar 2020-ci ildə votsapda Ləmana onunla sevgi münasibətində olduğunu və görüşdüyünü qardaşı və atasına bildirəcəyini deyib, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan qızıl-zinət əşyalar tələb edib.
Ləman barəsində rüsvayedici məlumatların yayılacağından, gizli sevgi münasibətlərini yaxın qohumlarının biləcəyindən və ləkələnəcəyindən qorxub. O, anasına məxsus 4080 manat dəyərində qızıl-zinət əşyalarını götürüb və yaşadığı evin darvazasının qarşısında qohumu vasitəsi ilə Turala çatdırıb.
Tural həmin il yanvarın 7-də Ləmanı yenidən şantaj edib, evdən qızıl-zinət əşyaları götürərək ona verdiyini atasına bildirəcəyini deməklə hədə-qorxu gəlib. Bunu atasına deməməsi üçün 2000 manat məbləğində qızıl-zinət əşyaları tələb edib.
Ləman qorxaraq 1080 manat dəyərində qızıl-zinət əşyalarını yanvarın 9-da axşam saatlarında yaşadığı evin darvazasının qarşısında Turala verib.
Bundan başqa Tural 2019-cu ilin dekabr ayının sonlarında “İnstagram” sosial şəbəkəsində İmişli şəhər sakini Sevinclə tanış olaraq mobil telefonda danışıb və aralarında yaranmış münasibətlərdən istifadə edərək onun yarıçılpaq fotoşəkillərini əldə edib.
Daha sonra o, 2020-ci ilin yanvarın ortalarında “İnstagram” sosial şəbəkəsində Sevincə yarıçılpaq şəkillərini ərinə və digər qohumlarına göstərəcəyini, sosial şəbəkələrə yükləyəcəyini deyib. Barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, ondan pul və qızıl-zinət əşyaları tələb edib. Sevinc barəsində rüsvayedici məlumatların yayılacağı halda ləkələnəcəyindən və yaxın qohumlarının yanında biabır olacağından qorxub. O, bir neçə gün sonra yaşadığı İmişli şəhəri, A.Məmmədov küçəsində 9000 manat dəyərində brilyant qaşları olan qızıl boyunbağı, bilərzik və sırğadan ibarət dəsti Turala verib.
Tural həmin il yanvar ayının sonlarında “İnstagram” sosial şəbəkəsində Sevincə yarıçılpaq şəkillərini ərinə və digər qohumlarına göstərəcəyini, sosial şəbəkələrə yükləyəcəyi ilə hədələyib. O, yenə də Sevincdən qayınanasına məxsus 2145 manat dəyərində qızılları alıb.
Daha sonra Tural Ləmanı ayrı-ayrılıqda şantaj etməklə onun fevralın 3-də 1755 manat, fevralı ayının ortalarında 800 manat, növbəti gün 650 manat, fevral ayının sonlarında isə 2450 manat məbləğində qızıl əşyalarını alıb. Bu qızıllarınm hamısı Ləmanın qayınanasına məxsus olub.
İstintaq sənədlərinə görə, Tural “Kalaşnikov” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, soyuq silah hesab edilən bir ədəd süngü-bıçağı da qanunsuz olaraq əldə edib.
Daha sonra o, 22 yanvar 2022-ci ildə saat 21 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində tanışından 0,378 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib. Həmin gün saat 22 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıBəhrəmtəpə qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobili idarə edərkən saxlanılıb.
İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 182.2.2 (təkrar hədə-qorxu yolu ilə tələb etmə), 182.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.
“Sevdiyimi bildirdim, borc pul istədim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, himayəsində arvadı və 1-ci qrup gözdən əlil olan anası ilə birgə yaşayıb, fərdi əməklə-taksi fəaliyyəti ilə məşğul olub, 2-ci Qarabağ Müharibəsində iştirak edib:
“Ordudan tərxis olunarkən özümlə bir ədəd süngü-bıçağı yaşadığım evə gətirib. 2019-cu il dekabrın əvvəllərində “İnstagram” sosial şəbəkəsində Ləman adlı qızla tanış oldum. Bir-birimizlə zəngləşdik və görüşərkən ona sevdiyimi bildirdim.
Dekabr ayının sonlarında Ləmanla parkda görüşərkən ondan borca 100 manat pul istədim. O, qohumu vasitisilə mənə 100 manat pul verdi. Sonralar aramızda yaranan səmimi münasibətə görə Ləmandan qızıl əşyaları istədim. O, evlərində olan özünə və valideynlərinə məxsus qızıl əşyalarını gətirərək mənə verdi. Bunları geri qaytarmağa söz versəm də, sonralar qaytarmadım”.
Tural qeyd edib ki, 2020-ci ilin yanvarın ortalarında Sevinc adlı qızın telefonda paylaşdığı şəkilləri “İnstagram” sosial şəbəkəsində görüb və bəyənərək onunla tanış olub: “Bir neçə gün sonra Sevincdən borc pul və qızıl əşyaları istədim. Sevinc pulunun olmadığını, evdə olan qızıl əşyalarını verəcəyinə dedi. Sevincə qızılları qaytarmağa söz versəm də qaytarmadım”.
“Barışıq əldə etmişəm”
Turalın ifadəsinə görə, 22 yanvar 2022-ci ildə saat 22 radələrində tanışı Elmarla görüşüb və onu idarə etdiyi “VAZ-21074” markalı avtomobillə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinə aparıb:
“Söhbət zamanı Elmar üzərində iki bükümdə 1 qrama yaxın çəkidə “patı” (psixotrop maddə metamfetamin) olduğunu dedi. Yolda avtomobili saxlayarkən İmişli Rayon Polis Şöbəsinin bir neçə nəfər əməkdaşı mülki geyimdə bizə yaxınlaşdı.
Elmar avtomobildən düşərək qaçarkən üzərində olan malın bir bükümünü mənə verdi. Polis əməkdaşarı məni saxlayaraq şöbəyə apardılar. Üzərimə videoçəkilişlə şəxsi axtarış aparılarkən Elmarın verdiyi gümüşü kağızın arasında olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürüldü.
Əməlimdən çox peşman olmuşam. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişəm, onlarla barışıq əldə etmişəm”.
“Şəkillərimi ərimə göndərəcəyini bildirdi”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sevincin sözlərinə görə, 2017-ci ildə evləndikdən sonra əri və onun valideynləri ilə bir yerdə yaşayır:
“2019-cu ilin dekabr ayının sonunda “İnstagram” sosial şəbəkəsində İmişli şəhər sakini Turalla tanış oldum. Bir neçə gün sonra Tural yaşadığım evin yerini öyrəndi. Məndən şəkillərimi göndərməyimi xahiş etdi. Mən şəkillərimi çəkərək “İnstagram”da ona göndərdim.
Tural həmin şəkilləri əldə etdikdən sonra məni şantaj etməyə başladı. Onları ərimə və digər qohumlarıma göstərəcəyini, eləcə də sosial şəbəkə vasitəsi ilə yayacağını bildirdi. Əvvəlcə məndən 1500 manat tələb etdi. Ona pulum olmadığını bildirdim. Amma o, əl çəkmədi. “İnstagram”da şəkillərimi yayacağı ilə yenidən hədələyərək məndən qızıl əşyaları tələb etdi.
Evdə söz-söhbət olacağından qorxaraq 2020-ci ilin yanvarın 28-də özümə məxsus brilyant qaşları olan boyunbağımı və bilərzik dəstini Turala verdim.
Tural məndən əl çəkmədi, hədə-qorxu gəldi, tez-tez hədələyərək qızıl-ziynət əşyaları tələb etdi. Mən də ailəmdə xoşa gəlməyən söz-söhbətlərin olacağından çəkindim. Bu səbəbdən nişan və toy zamanı mənə gətirilmiş, eləcə də qayınanam və qayınatama məxsus olan, ümumilikdə 22 min 200 manat dəyərində qızıl-ziynət əşyalarını 2020-ci ilin yanvar-fevral ayında Turala verdim”.
“Sevgimi sübut etmək üçün qızıl istədi”
Digər zərərçəkmiş Ləmanın sözlərinə görə, 2019-cu ilin dekabr ayında “İnstagram” sosial şəbəkəsində Tural adlı oğlanla tanış olub, bir-birilərinə mobil nömrələrini veriblər:
“Turalla telefonla danışarkən məni sevdiyini bildirdi. Bir neçə dəfə İmişli şəhərində yerləşən mərkəzi parkda görüşdük. 2019-cu ilin dekabr ayının sonlarında Tural mesaj yazaraq təcili 100 manat pula ehtiyacı olduğunu bildirdi.
Özümdə pul olmadığına görə bibim oğlu Səiddən Turala pul verməsini xahiş etdim. Səid ona 100 manat pul verdi. Tural sevgimi sübut etmək üçün məndən evimizdə olan qızıl əşyalarından ona verməyimi istədi. Mən də məcbur qalıb özümün qızıl üzüyümü və anama məxsus boyunbağını bibimoğlu vasitəsi ilə Turala göndərdim”.
“Qızılları Turala verdiyimi bildirdim”
Ləman qeyd edib ki, Tural onun atasının rayonda fəaliyyət göstərən kredit evinnin müdiri olduğunu öyrənib və 2 yanvar 2020-ci ildə ona mesaj yazaraq pula ehtiyacı olduğunu bildirib: “Məndən evdə olan qızılları istədi. Verməyəcəyim halda hədə-qorxu gələrək, onunla görüşdüyümü qardaşıma və atama deyəcəyini bildirdi.
Turalın hədəsindən qorxdüm və evimizdə olan qızıl boyunbağını ona verdim. Bir neçə gün sonra mesaj yazaraq dostunun maşınını vuraraq əzdiyini, maşını düzəltmək üçün ona təcili 2000 manat pul lazım olduğunu, əgər pulu düzəltməsə tutulacağını söylədi. Məndən yenə də qızıl əşyaları istədi. Qızıl əşyaları verməyəcəyim halda atama evdən oğurluq etdiyimi deyəcəyi ilə hədə-qorxu gəldi.
Qorxumdan evdən bir ədəd boyunbağı, bir ədəd kişi üzüyü və bir ədəd qadın üzüyü götürərək ona verdim.
2020-ci ilin yanvar ayının əvvəllərində valideynlərim evdən qızıl əşyalarının yoxa çıxdığını bildilər. Atam məndən bununla bağlı məlumatımın olub-olmamasını soruşarkən məcbur qalaraq evdən götürdüyüm qızıl əşyalarını Turala verdiyimi bildirdim”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 5 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. (Teleqraf.com)