Oktyabr ayının ortalarında Moskvaya İsrail Hərbi Hava Qüvvələrinə aid "Gulfstream G550 Nachshon Shavit" radioelektron kəşfiyyat təyyarəsi gəlib.
Musavat.com-un Telegram kanallarına istinadən verdiyi məlumata görə, sözügedən təyyarənin əsas məqsədi hava məkanında elektron kəşfiyyat əməliyyatları aparmaq və hərbi-strateji məlumatlar toplamaqdır. Bu xüsusiyyət təyyarənin yüksək səviyyəli diplomatik missiyalarda istifadə edilməsini xüsusi əhəmiyyətli edir.
Məlumatda qeyd olunur ki, təyyarənin göyərtəsində İsrail baş naziri Benyamin Netanyahu administrasiyasından yüksək rütbəli bir rəsmi nümayəndə Moskvaya gəlib. Bu səfər xüsusi diqqət çəkib. Çünki məqsəd Rusiya rəsmiləri ilə Livan və xüsusilə "Hizbullah" təşkilatı ətrafında yaranan vəziyyəti müzakirə etmək olub.
Qeyd olunub ki, "Hizbullah" İsrail üçün regionda ciddi təhlükə təşkil etsə də, Moskvanın bu qruplaşma ilə etibarlı əlaqələri vasitəçilik üçün əlverişli şərait yaradır. Görüşün əsas hədəfi "Hizbullah"ın hərbi potensialının məhdudlaşdırılması, yəni demilitarizasiyasının təmin edilməsi olub və bölgədəki gərginliyi azaltmağa yönəlib.
Məlumata görə, eyni məqsədlə bir neçə gün əvvəl də bənzər bir səfər baş tutub. Bu təkrarlanan görüşlər Rusiya və İsrailin bölgədə müəyyən razılaşmaların əldə olunması istiqamətində addımlar atdığını göstərir.
Musavat.com