Soğan biznesi böyük ziyanda

Keçən ilin əlverişli bazar şərtlərində məhsul niyə satılmayıb?

Azərbaycanda soğan ticarətçiləri yenə böyük zərərlə üzləşiblər: yayda ucuz qiymətə alınıb anbarlara vurulan məhsul bazar tapılmadığına görə cücərərək məhv olur. Müxtəlif media orqanlarında, sosial şəbəkələrdə soğan alverindən qaz vurub qazan doldurmaq istəyən sahibkarların şikayətləri işıqlandırılır.

Maraqlıdır ki, son illərdə artıq neçənci dəfədir ki, külli miqdarda soğan anbarlarda qalaraq məhv olur. Yaxın tarixə nəzər yetirsək, görərik ki, bir qayda olaraq region ölkələrində bu və ya digər səbəbdən qış aylarında soğanın qiyməti bahalaşır, onun qıtlığı yaranır, Azərbaycan hökuməti daxildə qiymətləri tənzimləmək üçün soğanın ixracını müvəqqəti qadağan edir. Növbəti ilin eyni dövründə isə anbarlarda saxlanan min tonlarla soğan satış bazarı tapmadığına görə məhv olur...

Ötən qış Orta Asiya ölkələrində müşahidə olunan anomal soyuq hava anbarlarda soğanın böyük hissəsinin məhv olmasına gətirib çıxardı. Nəticədə Rusiya bazarının əsas təminatçıları olan bölgə dövlətləri ixracı qadağan etdilər. Eyni zamanda Türkiyədə əvvəlki mövsümdə yüksək istehsala rəğmən, fevral-mart aylarından soğan qıtlığı və bahalaşma yaşandı. Hər iki qonşuda qiymətlərin kəskin yüksəlməsi Azərbaycandan soğan ixracını stimullaşdırdı: ilk dəfə olaraq dekabr-yanvar aylarında ölkədən irihəcmli soğan ixracı qeydə alındı. Lakin daxildə qiymətlərin kəskin artması Nazirlər Kabinetinin faraş soğan çıxana qədər - iyunun 1-dək soğan ixracını qadağan etməsinə gətirib çıxardı. 

Və bu qış arxada qaldığı bir dövrdə aydın olur ki, Ağdam və ətraf rayonlarda 100 tonlarla soğan anbarlarda çürüyərək məhv olur. Bu səbəbdən təsərrüfat sahiblərinə ciddi məbləğlərdə ziyan dəyib. Baku-TV xəbər verir ki, hazırda cücərmiş soğanlardan ibarət soğanın kisəsi 1-1,50 manat civarında təklif olunur. Halbuki bu soğanın kisəsi yayda 4-5 manata alınaraq anbarlara yığılmışdı.

“Elə təsərrüfat var ki, 120 min manat ziyan edib. Vaxtında alıb anbara yığmışdıq. Bir kisə soğanı 4-5 manata almışdıq. Satış zəif oldu, xarici bazarlara çıxarda bilmədik, məhsulumuz batdı. 1 kisə soğandan 2-3 kq sağlam soğan çıxır. Həm əkən, həm də bizə külli ziyan dəyib”,- Ağdam sakini bildirib. 

Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Vüqar Babayevin sözlərinə görə, soğanın çürüməsi və cücərməsinin səbəbi saxlama anbarlarının standardlara uyğun olmamasıdır: “Anbarlarda saxlanılan hər 100 kiloqram soğanın 50-60 kiloqramı məhv olur. Soğan məhsulu soyuducu anbardan çıxarıldıqdan 1,5-2 ay ərzində satışa yararlı olur”.

Qeyd edək ki, Azərbaycanda ən çox istehlak olunan tərəvəz məhsullarından biri soğandır. Ərzaq balansına əsasən ölkədə bir nəfər il ərzində 18 kiloqramdan çox soğan istifadə edir. Azərbaycanda mülayim iqlim şərtləri ildə iki dəfə - yazlıq və payızlıq soğan əkini həyata keçirməyə imkan verir. Düzgün qulluq, gübrələrin vaxtında verilməsi nəticəsində soğandan yüksək məhsuldarlıq əldə etmək mümkündür. Yerli soğan sortları Azərbaycanda və xarici bazarlarda mövsümdən asılı olmayaraq ilboyu yüksək tələbatla satılır.

Ölkənin ərzaq balansından aydın olur ki, Azərbaycanda əhalinin illik soğan istehlakı 250-270 min ton civarındadır. Daha 29-30 min ton itkiyə gedir. Hər ilin yekununda növbəti ilə 45-50 min ton soğan entiyatı ilə keçirik. 2022-ci ildən 2023-cü ilə isə 57 min ton ehtiyatla keçmişik. Yerli soğan istehsalı davamlı olaraq artaraq illik 280-285 min ton civarına çatıb. Soğan əkini sahələri isə ildən-ilə azalır - 2019-cu ildəki 12,4 min hektardan 2021-ci ildə 11,6 min hektara, 2023-cü ildə 10990 hektara düşüb. Buna baxmayaraq, məhsuldarlığın artması istehsalda davamlı yüksəlişi təmin edir. Belə ki, 2019-cu ildə 12 389 hektar sahədən 267 229 ton,  2021-ci ildə 11 647 hektardan 286 375 ton, 2022-ci ildə  10221 hektar sahədən 275 195 ton, 2023-cü ildə 10990 hektardan 310 min ton soğan əldə olunub.

Azərbaycanda soğan üzrə yerli istehsal tələbatdan yüksək olsa da, 2020-2021-ci illərdə soğan idxalında kəskin artım qeydə alınıb. 2020-ci ildə xaricdən 13,5 min ton, 2021-ci ildə 12,5 min ton, 2022-ci ildə 406 ton, 2023-cü ildə isə 2,4 min ton soğan almışıq. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycandan xaricə 22 592,2 ton soğan satılaraq, bundan 6 milyon 738,5 min dollar gəlir əldə edilib. Bunun 2.3 min tona qədəri faraş soğan çıxana qədər, təxminən 18,7 min ton faraş soğan formasında, qalanı isə yazlıq əkinlərdən əldə olunan məhsul formasında ixrac edilib. Yəni məhsulun tarlalardan yığıldığı iyul ayından sonra cəmi 2,5 min ton soğan ixracı qeydə alınıb. 

Halbuki iyul-oktyabr ayları ərzində qlobal bazarlarda soğana tələbat yüksək olub. Bunun əsas səbəbi soğanın ən böyük ixracatçılarından olan Hindistanın avqust ayından etibarən bu məhsulun ixracına dəyərinin 40 faizi həcmində əlavə rüsum müəyyənləşdirməsidir. May-iyun aylarında dünyanın ən böyük soğan istehsalçılarından biri olan Hindistanda yağan aramsız yağışlar soğan məhsulunun mühüm hissəsini məhv edib. Daxili bazardakı qiymət artımının qarşısını almaq üçün Dehli hökuməti oktyabrın sonları - növbəti məhsul yığımına qədər ixracı kəskin məhdudlaşdırmalı olub.

Hindistan dünyanın ən böyük soğan ixracatçısıdır və qlobal ticarətin 12 faizindən çoxunu təşkil edir. Ölkənin əsas bazarları Banqladeş, Malayziya, Şri-Lanka və Yaxın Şərqin bəzi regionlarıdır.

Dünya soğan ixaracatçılarının ilk beşliyində olan daha bir ölkə - Misir də istehsalın azalmasına görə ixracı tamamilə dayandırıb. 

Azərbaycanın əsas ticarət tərəfdaşlarından, həm də ən böyük soğan istehsalçı və ixracatçılarından olan Türkiyədə də məhsuldarlığın aşağı olması səbəbindən iyuldan noyabra qədər ixraca kvota tətbiq edilib. Ölkədə 2022-ci ildəki 2,5 milyon ton istehsala qarşı 2023-cü ildə 2 milyon 350 min ton məhsul əldə olunub. 

Göründüyü kimi, ötən il həm yaxın region ölkələrinin bazarlarında, həm də qlobal bazarda soğan ixracı üçün əlverişli şərtlər yaranıb. 

Bir sıra soğan istehsalçıları bu fürsətdən yararlanaraq ixracı kəskin artırıblar. Onlar arasında Özbəkistan da var. Bu ölkə keçən il 270 min tondan yuxarı soğan ixrac edib. İxrac coğrafiyası isə Rusiyadan Polşaya, Ukraynaya qədər çoxsaylı ölkələri əhatə edir. 

Çox təəssüflər olsun ki, Azərbaycan ixracatçıları əlverişli bazar şərtləri və tələbata baxmayaraq, 2023-cü ilin iyulundan sonunadək çox cüzi həcmdə soğan ixrac ediblər. Soğan ixracımızın böyük hissəsi Ukrayna, Gürcüstan və Rusiyaya reallaşıb, az həcmdə İraqa, Səudiyyə Ərəbistanına satış qeydə alınıb. Halbuki sonuncu ölkə dünyada ən böyük soğan idxalçılarından biridir. 

Azərbaycanın soğan ticarətçiləri əlverişli bazarları tapıb, məhsulu vaxtında ixrac etməkdənsə, anbarlara yığıb yaxın bazarlarda, əsasən də Rusiyada keçən qışdakı şərtlərin yenidən yaranacağına ümid edərək gözləməyə üstünlük veriblər. halbuki son 10 ildəki təcrübəyə nəzər salmaqla belə şərtlərin 2-3 ildən bir yarandığını asanlıqla müəyyən etmək  mümkündür. 

Onu da qeyd edək ki, eyni yanaşma yalnız soğan deyil, əksər kənd təsərrüfatı məhsulları ilə bağlı da mövcuddur: ixracatçılar əsasən Rusiya bazarına fokuslanaraq satış coğrafiyasını genişləndirmək istiqamətində addımlar atmırlar.

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov

İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, ixrac bazarlarının sayını artırmaq, ixraca daha çox məhsul yönləndirmək üçün bir sıra şərtlər lazımdır: “Rəsmi statistikaya baxsaq, 2023-cü ildə Azərbaycanın kənd təsərrüfatı və aqrar sənaye məhsullarının ixracı 1,1 milyard  dollar həcmində qiymətləndirilir. Bunun da 257 milyon dollar aqrar-sənaye məhsullarının payına düşür. Bu ilin yanvarında kənd təsərrüfatı məhsullarınım ixracında 12 faizlik artım müşahidə olunub 270 milyon dollar çatıb. Bu nəticələr fonunda Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının diversifikasiyasında müəyyən problem olduğu göz önündədir. İxrac bazarlarının diversifikasiyası üçün bir sıra mühüm şərtlər var ki, onlardan biri də keyfiyyətli məhsul istehsalıdır. Yəni keyfiyyəti aşağı olan məhsula bazar tapmaq çox çətindir. Hansısa məhsulu xarici bazarlara çıxarmaq üçün onun mütləq və mütləq dünyada qəbul olunmuş keyfiyyət standartlarına uyğun olması lazımdır. Əks halda, əsas idxalçılar səndən məhsul almayacaq”. 

Ekspert bildirir ki, ixracın diversifikasiyası üçün həm də maya dəyəri mühüm amildir: “Bir məhsulu hansısa bazara yönəltməzdən əvvəl bazar təhlili aparmaq lazım gəlir. Əgər bazara çıxarılması nəzərdə tutulan məhsulun maya dəyəri orada satılandan baha başa gəlirsə, həmin bazara məhsul göndərməyin mənası qalmır. Çünki göndərdiyin məhsul qiymətdə digər tədarükçülərə uduzacaq, bazarda yer tuta bilməyəcək. Düşünürəm ki, yüksək keyfiyyət və aşağı maya dəyəri olmayınca, Azərbaycanın kənd təsərrüfatı məhsulları ixracını diversifikasiya etmək mümkün olmayacaq”.

Onu da qeyd edək ki, pərakəndə satıcılar və istehlakçılar Azərbaycanda istehsal olunan soğanın keyfiyyətindən ciddi narazılıq edirlər. Bu barədə “Yeni Müsavat”a danışan satıcılar son 3-4 ildə soğanın keyfiyyətinin kəskin düşdüyünü deyirlər: “Kənardan baxırsan dolu kisədə sap-sağlam soğandır, alıb gətirirsən, 1 gün keçməmiş alıcılar üstünə gəlir ki, əksəriyyətinin içi xarab çıxır. Mən hər kisənin ağzını açıb içindəki soğanları kəsib baxa bilmərəm axı. Artıq neçənci dəfədir aldığım kisə-kisə soğan elə çıxır deyə ziyana düşürəm. Allah bilir, məhsul çox, iri olsun deyə nə qədər gübrə vururlar ki, bu günə qalır”...

Dünya SAKİT,
“Yeni Müsavat”

06.03.2024 08:13
1677