“Snayperin dərhal ərazini tərk etməsi...” - Polkovnik ŞOK DETALLARI açıqladı

Hərbi ekspert: “Snayperin dərhal ərazini tərk etməsi onun haradansa gətirildiyini sübut edir”

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov sərhəddə baş verən təxribatı şərh edib.

sair.jpg (31 KB)

Ekspert Musavat.com-a açıqlamasında bildirib ki, təxribat gözlənilən idi:

“Belə ki, Azərbaycan 3 ildir sülh istəyir, Ermənistan isə sülhdən qaçır. Sülh müqaviləsinə obyektiv şəkildə mane olan amillər yoxdur, sadəcə Ermənistan hərbi-siyasi rəhbərliyinin subyektiv yanaşması və onların havadarları tərəfindən Ermənistanın idarə edilməsi onu göstərir ki, müharibə şəraiti davam edir. Nə delimitasiya və demarkasiya məsələlərində, nə də Zənzəguz dəhlizi ilə bağlı məsələdə irəliləyiş var. Qanunsuz silahlı qüvvələrin tərk-silah edilməsi ilə bağlı bəndi Azərbaycan antiterror tədbirləri keçirməklə yerinə yetirdi. Fikrimcə, Avropa İttifaqını Ermənistanı yeni təxribatlara çəkən, münaqişənin yenidən alovlandırılmasında maraqlı tərəf kimi görmək olar. Bu gün də Fransa lisenziyalı, Hindistanda istehsal olunmuş silahların Ermənistana gətirilməsi, Ermənistanın sürətlə silahlandırılması bu regionda təhlükəsizliyə xələl gətirmək məqsədi daşıyır. Logistik layihələrin davam etdirilməsi haqqında məlumatlar yayılır. Sabitliyi bərpa etmək üçün “3+3” formatı təklif olunub. Lakin Qərb özünü kənarda qalmış hesab edir. Avropa İttifaqı regionda öz maraqlarını təmin etmək, o cümlədən Zənzəgur dəhlizində müəyyən nəzarət mexanizmi tətbiq etmək istəyir. Bir sözlə, Aİ Ermənistana təsir imkanlarından istifadə edərək Ermənistanın konstruktiv mövqe tutmasına mane olmaq istəyir. 2 ay ərzində sərhədə 500 nəfərlik müşahidəçi heyət göndərilib. Lakin sonra birtərəfli qaydada Aİ-nin təzyiqi ilə müşahidəçilərin sayı artırılır, o istiqamətdə vəziyyətin gərgin olacağı haqqında məlumat yayılır, Paşinyanın ritorikası sərtləşir, bəzi səfirliklər bölgəyə getməmək haqqında məlumatlar yayırlar və s. Bütün bunlar təxribat barədə işarələr idi. Azərbaycan ordusu, DSX şərti sərhəddə ayıq-sayıqlığı saxlayaraq lazım olan tədbirləri yerinə yetirirdi. Hərbi ekspertlər də hərbi təxribatın olacağını istisna etmirdilər”.

SNAY.jpg (95 KB)

Polkovnik snayper haqqında bəzi detalları da şərh edib:

“Sərhəddəki mövqeyə snayper gətirilib. O, hərəkətlərindən xidmət edən snayperə oxşamır. Atəş açılan mövqe də snayperə ayrılan mövqe deyil. Onun dərhal ərazini tərk etməsi də haradansa gətirildiyini sübut edir. Təxribat vəziyyəti gərginləşdirmək üçündür. Hər bir halda Ermənistan tərəfi bilir ki, Azərbaycan hər bir təxribata lazımi cavabı verəcək. Atəş açılan postun darmadağın edilməsi bunun əyani sübutudur. Azərbaycan illərlə münaqişənin sülh yolu ilə həll edilməsini gözləsə də, nəticədə işğalçı qüvvələri öz gücü ilə ərazisindən çıxarmağa nail oldu”.

Hərbi ekspert hesab edir ki, Ermənistan təxribatçı əməllərinə davam etsə, Azərbaycan “Dəmir yumruğu”nu işə salacaq və cavab tədbirləri görəcək.

“Gec-tez sülh müqaviləsi bağlanacaq” - deyə Şair Ramaldanov vurğulayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

13.02.2024 19:00
5072