“Şlyapa” Zahid məhkəmədə Nəcməddin Sadıkovu ittiham etdi – SENSASİON GƏLİŞMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin cinayət işi üzrə proses keçirilib. “Şlyapa” Zahid kimi tanınan Zahid Niftəliyev 24 milyon manatlıq mənimsəmədə ittiham olunur.

Musavat.com xəbər verir ki, prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib. Vəkil “Ata Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarə heyətinin sədri Dəyanət Quliyevin, bankın xəzinədarı olmuş Barat Heydərovun əlavə şahid qismində dindirilməsini istəyib.

Vəkil qeyd edib ki, Zahid Niftəliyevin bu gün burada mühakimə olunmasında əsas səbəbkarlar Dəyanət Quliyevlə Nəcməddin Sadıkovdur. Vəkilin sözlərinə görə, Müdafiə Nazirliyinin Baş Qərərgah rəisi olmuş Nəcməddin Sadıkovun mərhum vergilər naziri ilə arasında şirkətin yaradılması və fəaliyyətilə bağlı razılıq olub. Vəkil əlavə edib ki, hüquqlarını müdafiə etdiyi Zahid Niftəliyev də nə şirkətin möhürü, nə də sənədi olub. Vəkil deyib ki, sübutların qiymətləndirilməsi ilə bağlı qərarda Nəcməddin Sadıkovun dindirilməsinin mümkün olmadığı qeyd olunub. O, Nəcməddin Sadıkovun məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. “Şlyapa” Zahid vəkili tərəfindən verilən vəsatətlərin təmin olunmasını istəyib. Dövlət ittihamçısı isə bildirib ki, istintaq orqanı tərəfindən çoxsaylı şahidlərin ifadəsi alınıb. Dövlət ittihamçısı əlavə edib ki, əsas şahidlər dindiriləndən sonra zərurət yaranarsa, əlavə şahidlərin dindirilməsi məsələsinə baxıla bilər. O, hazırkı mərhələdə vəsatətlərin təmin olunmamasını istəyib. Yerində müşavirə keçirən hakimlər qərar elan edib. Qərarda göstərilib ki, vəkilin vəsatətində qaldırılan məsələlər sübutların araşdırılması mərhələsi ilə bağlıdır. Bu səbəbdən vəsatətlər baxılmamış saxlanılıb. Daha sonra iş üzrə zərərçəkmiş qismində tanınmış “Ata Bank” ASC-nin nümayəndəsi Zahid Niftəliyevə qarşı mülki iddia qaldırıb. Mülki iddiada 24 milyon 234 min manatın Zahid Niftəliyevdən tutularaq zərərçəkmişə ödənilməsinin təmin olunması istənilib. Mülki iddia icraata qəbul edib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən Zahid Niftəliyev ittihamlarla razı olmadığını, özünü təqsirli bilmədiyini deyib. Zahid Niftəliyev cinayət işi ilə tanış olmaq istədiyini, bundan sonra sərbəst ifadə verəcəyini deyib. Hakim Novruz Kərimov bildirib ki, təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada işlə tanış olmağa şərait yaradılacaq.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.

Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edib. Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "Ata Bank" ASC-dən köçürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir. İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "Ata Bank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib. Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. Növbəti proses sentyabrın 25-nə təyin olunub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

02.08.2024 10:13
1441