Slovakiya Baş naziri Robert Fitso, Ukraynanın Rusiya ilə sülh razılaşmasının qurbanı olacağını və bunun 1938-ci ildə imzalanan Münhen müqaviləsinə bənzəyəcəyini iddia edib.
Musavat.com xarici KİV-ə istinadən bildirir ki, parlamentin Avropa məsələləri üzrə komitəsinin iclasında çıxış edən Fitso, ABŞ və Ukraynanın Rusiya ilə sülh əldə edəcəyini, lakin bunun Ukrayna üçün ağrılı nəticələr verəcəyini vurğulayıb.
“Münhen sövdələşməsində olduğu kimi, Ukrayna da böyük güclərin qurbanı olacaq. Biz o zaman qurban olduğumuz kimi, indi də Ukrayna qurban olacaq. Bu, çox üzücü olacaq. Mənə maraqlıdır, 100 min insanı öldürməyin mənası nə idi? Təəssüf ki, böyük güclər Ukrayna ilə oynayır və müharibə sonuncu ukraynalıya qədər davam edir,” – deyə Fitso qeyd edib.
1938-ci ildə imzalanan Münhen müqaviləsi ilə Fransa, Böyük Britaniya, İtaliya və Almaniya arasında razılaşma əldə olunmuşdu və nəticədə, Çexoslovakiya Nazist Almaniyasına geniş ərazilərini təslim etmək məcburiyyətində qalmışdı. Fitso hesab edir ki, Ukrayna prezidenti Volodimir Zelenski də buna bənzər bir ssenariyə hazır olmalıdır.