“Siz ya sərxoşsunuz, ya da ağlınızı itirmisiniz...” – Stalinin məşhur konstruktora “irad”ı

İosif Stalinin mühafizə rəisi Nikolay Vlasik öz xatirələrində sovet liderinin dövlət məmurlarını hansı qaydada qəbul etməsi ilə bağlı maraqlı açıqlamalar verib. General qeyd edib ki, qəbul otağında konkret şəxslərin siyahısı olub ki, bu şəxslər Stalinin qəbuluna növbəsiz keçiblər. Bununla yanaşı, Stalin bəzi məmurları qəbul otağında, yaxud da Kreml dəhlizlərində görəndə özü onları kabinetinə dəvət edib. Belə şəxslərdən biri də məşhur aviakonstruktor Aleksandr Yakovlev olub.

STAL.jpg (52 KB)

Elə 1946-cı ilin iyul ayında da Stalin konstruktoru qəbul otağında görəndə şəxsi katibi Poskrebışevə irad tutub:

- Yakovlev kimi gözləyir?

- Sizi, yoldaş Stalin.

- Bəs niyə içəri dəvət etməmisiniz?

- İosif Vissarionoviç, müşavirə zalında Amerikadan gələn nümayəndə heyəti sizi gözləyir.

- Eybi yox, qoy gözləsinlər. Yakovlev mənim kabinetimə təyyarə sürəti ilə keçməlidir.

Sonra Stalin konstruktorun qoluna girərək onu kabinetinə aparıb, əvvəlcə aviasiya sənayesindəki işlərlə maraqlanıb, qısa fikir mübadiləsindən sonra Yakovlevin gəlişinin səbəbini soruşub:

- Aleksandr Sergeyeviç, yəqin ki, hansısa bir problemlə bağlı mənimlə görüşmək istəmisiniz. Buyurun, mən sizi dinləyirəm.

- Xeyr, yoldaş Stalin, ciddi bir problemimiz yoxdur. İşlərimiz qaydasında gedir. Mən tutuduğum vəzifələrlə bağlı sizə müraciət etmək istəyirəm. Xahiş edirəm, məni komissar müavini (nazir müavini) vəzifəsindən azad edin.

Qeyd edək ki, həmin dövrdə Yakovlev həm aviasiya sənayesi komissarının müavini, həm də Sınaq Konstruktor Bürosunun baş konstruktoru vəzifəsini daşıyıb.

YAKOV.jpg (51 KB)

Yakovlevin bu xahişi Stalini təəccübləndirib:

- Siz ya sərxoşsunuz, ya da ağlınızı itirmisiniz. Nazir müavini statusundan, bu qədər güzəşt və imtiyazdan könüllü imtina edən adam haqqında yalnız bu cür düşünmək olar. Bəlkə də mən sizi səhv anladım. Yəqin müavin kürsüsü sizi yorub, nazir olmaq haqqında düşünürsünüz. Sizin istəyinizi nəzərə alarıq, siz nazir olmağa da layiqsiniz.

- Yoldaş Stalin, mən nazir olmaq fikrində deyiləm. Sadəcə iki vəzifənin öhdəsindən gəlmək mənə çətindir. Mən inzibatçı deyiləm. Konstruktor bürosunda daha çox işlər görə bilərəm. Sırf bu səbəbdən müavin vəzifəsindən çıxmağımı istəyirəm.

Stalin kabinetdə bir neçə dəqiqə var-gəl etdikdən sonra məsələyə münasibətini bildirib:

- Sizin böyük elmi potensialınız var, aviasiya sənayesində siz nəhəngsiniz. Bunu danmaq olmaz. Biz sizin xahişinizi nəzərə alacağıq.

İki gündən sonra Yakovlevə Stalinin iki sərəncamı təqdim edilib. Biri onun nazir müavini vəzifəsindən azad edilməsi, digəri isə ona general-polkovnik rütbəsi verilməsi haqqında.

ALEKSANDR.jpg (98 KB)

Aleksandr Yakovlev bütün fəaliyyəti dövründə, hansı vəzifədə işləməsindən asılı olmayaraq, hətta Xruşovun hakimiyyəti illərində Stalin haqqında yüksək fikirlər söyləməkdən çəkinməyib. Ömrünün son illərində yazdığı memuarlarda Stalinlə olan münasibətlərinə xüsusi yer ayırıb:

“İosif Stalin heç də çoxlarının düşündüyü kimi sərt və amansız deyildi. Sadəcə o, son dərəcə tələbkar idi. Mövcud dövr belə tələb edirdi. Biz tez-tez görüşürdük. Yaxşı xatırlayıram, 1939-cu ildə ilk “Yak” qırıcılarının uğurlu sınağından sonra o, məni yanına dəvət etdi. Onlar - Stalin, Molotov və Voroşilov məni kabinetdə gülərüzlə qarşıladılar, yeni ixtiramın uğurlu olmasına görə mənə təşəkkür etdilər. Görüşün sonunda Stalin ayağa qalxaraq üzünü mənə tutdu:

- Biz sizi “Lenin” ordeni, “ZİS” avtomobili və 100 min rublla mükafatlandırmaq qərarına gəldik. Elə günü sabah işlər idarəsindən sənədlərinizi götürüb makafatlarınıza sahib ola bilərsiniz.

Bu, mənim üçün gözlənilməz idi və mən təəccübümü gizlədə bilmirdim:

- Yoldaş Stalin, bu uğur təkcə mənim uğurum deyil, bütün kollektivimizin uğurudur.

- Gedin, siyahı hazırlayn, biz onları da mükafatlandıracağıq.

Mən əlavə heç nə demədən kabineti tərk etdim. Səhəri gün siyahını Mərkəzi Komitəyə göndərdim. İki gün ərzində biz mükafatlarımızı aldıq.

Bu hadisədən çox keçməmiş Kremldəki tədbirlərin birində iştirak edirdim. Fasilə zamanı Stalin mənə yaxınlaşdı:

- Aleksandr Sergeyeviç, siz nə vaxtsa balaca bir uşağa konfet vermisiniz?

Sual mənim üçün gözlənilməz idi:

- Bəli, yoldaş Stalin, çox olub belə hadisə.

- Uşaq nə deyib sizə?

- Deyib ki, dayı, çox sağ ol.

- Amma sən mükafat alanda heç demədin ki, Stalin dayı, çox sağ ol.

Bəli, mən mükafatları alanda Stalinə təşəkkür etməyi unutmuşdum. Bu, həyəcanımdan irəli gəlmişdi. Amma mən çxış yolu tapdım:

- Yoldaş Stalin, bizi sizə qəlbimizdə həmişə təşəkkür edirik.

Stalin gülümsəyərək cavab verdi:

- Qatar artıq gedib, sizin dildə desək, təyyarə artıq uçub...”

VERTOL.jpg (132 KB)

Qeyd edək ki, konstruktorun ixtirası olan və adını daşıyan “Yak” qırıcı təyyarələri müharibə dövründə alman faşistlərinin qəniminə çevrilib, dünya şöhrətli təyyarə konstruktoru Aleksandr Yakovlevin hər yeni ixtirası Adolf Hitlerin və Vermaxt zabitlərinin yuxusuna haram qatıb. İosif Stalin isə qələbənin təmin olunmasında bu qırıcılara, onun əfsanəvi müəllifinə, Yakovlevə güvənib...

İlham Cəmiloğlu,
Musavat.com

06.12.2023 13:51
4274