Komitə sədri Siyavuş Novruzov Milli Məclisin iclasında bildirib ki, bu gün həm deputatları, həm də cəmiyyəti narahat edən məsələ pensiya yaşıdır.
Musavat.com-un xəbərinə görə, deputat qeyd edib ki, bir hissə pensiya yaşının yuxarı qaldırılmasından, bir hissə isə aşağı olmasından şikayətlənir:
“Məsələn, elm adamları, müəllimlər və s. düşünür ki, insan 65 yaşında daha təcrübəli olur, o yaşda pensiyaya çıxmamalıdır. Bir hissə də var ki, özəl sektorda işləyir və ya işləmir, pensiya yaşını gözləyir ki, çıxsın. Neçə faizin pensiya yaşının aşağı və ya yuxarı olmasından şikayətləndiyi statistik olaraq çıxarılsa, yaxşı olar. Əlavə olaraq, sosial müavinət alanların siyahısı çıxsa, yaxşı olar. Hər bir millət vəkilinə siyahı verilsə, kimin sosial müavinət aldığını dəqiq bilərik”.
S.Novruzov digər məsələyə də toxunub. O bildirib ki, uşaqlar üçün verilən təminatlar iki uşaqdan sonra olsa, daha yaxşı olar:
“Bilirsiniz ki, uşaqlar üçün verilən təminatlar 5 uşaqdan sonra olur. Düşünürəm ki, bu limit ikidən sonra olsa, daha yaxşı olar. Məsələn, iki uşaqdan sonra müəyyən güzəştlər, üçdən sonra başqa güzəştlər və sair. Digər tərəfdən, Azərbaycanda “qəhrəman ana” statusu var. Belə ki, on uşağı olana “qəhrəman ana” deyilir. Hesab edirəm ki, “qəhrəman ana” statusu ilə bağlı on uşaq sayını yeddi, səkkizə salmaq olar”.
E.Paşasoy,
Musavat.com