Siyavuş Novruzovdan bank kreditləri və valyutadəyişmə məntəqələri ilə bağlı çağırış

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında qanun layihəsi müzakirə olunub, namizədliyi irəli sürülən şəxslər təsdiqlənib.

Musavat.com xəbər verir ki, regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək namizədlərə uğurlar arzulamaqla yanaşı, ictimaiyyəti narahat edən məsələlərə diqqət çəkib.

Komitə sədri deyib ki, banklar tərəfindən verilən kreditlər orta və kiçik sahibkarlara sərf etmir:

“Kredit faizləri aşağı salınmalıdır. Kreditlər faizləri aşağı salınmalıdır ki, sahibkarlar yeni obyektlər aça bilsin, güzəştlərdən yararlana bilsin. Digər bir tərəfdən, vaxtilə ölkədə 207 bank var idi. Bu gün Mərkəzi Bank daxil olmaqla, 22 bank fəaliyyət göstərir. Bankların sayı azdır. Ölkədə regional və beynəlxalq banklar açılmalıdır”.

Azərbaycanda 60-70 valyutadəyişmə məntəqəsinin olduğunu deyən S.Novruzov COP29-un keçirildiyi günlərdə qonaqlar üçün çətinliklərin yarana biləcəyindən bəhs edib. Bildirib ki, şənbə günü bir bank valyuta dəyişir:

“Belə çıxır 100 min adam sıraya düzülüb gözləyəcəklər ki, valyuta dəyişsinlər. Bundan əlavə, valyutadəyişmə məntəqədi iş yeridir, orda 3 yeridir, bir sahibkar öz obyektini kirayə veri. 4 adam işləyir. Bunun nə ziyanı var? Dünyanın hər yerində bunlar fəaiyyət göstərir. Valyutadəyişmə məntəqəsinin açılması çox vacibdir”.

Komitə sədri əmanətlərin sığortalanması üçün 100 min yuxarı həddin qoyulduğunu da qeyd edib:

“Belə olan halda vətəndaşı məcburdur ki, pulunu sandıqda saxlasın. Başa düşürəmn, bank riskə getmək istəmir. Amma əmanəti götürüb kreditlər verməklə də qazana bilərlər”.

Deputat həmçinin bankların aztəminatlı ailələrin uşaqlarının təhsil haqlarının ödənilməsinə diqqət çəkib:

“Biz bilirik ki, bankların çoxu şəhid və qazi ailələrinin borclarını siliblər, ona görə də təşəkkür edirik. Amma aztəminatlı ailələrin təhsil haqlarını ödənilməsi məsələsi də gündəmdə olmalıdır. Bankların hər biri ən azı 10-20 aztəminatlı ailənin təhsil haqlarını öz üzərinə götürə bilər. Bununla bağlı dünyada hər bir ölkədə təcrübələr var”. S.Novruzov onu da bildirdi ki, mənzillərin tikintisi ilə bağlı uzunmüddətli kreditlərin verilməsi azərbaycanın gələcəyi üçün vacibdir.

E.Paşasoy,
Musavat.com

07.11.2024 13:37
1429