Milli Məclisin iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov əvvəlcə parlament rəhbərliyinin fəaliyyətindən bəhs edib.
Musavat.com xəbər verir ki, S.Novruzov spiker Sahibə Qafarovanın rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin xarici səfərlərinin əhəmiyyətindən bəhs edib.
Həmçinin xanım sədrin deputatların qaldırdığı məsələlərə çox diqqətlə yanaşdığını xüsusi vurğulayıb.
O, deputatların kompüterlərinin yenilənməsinə görə spikerə minnətdarlığını bildirib.
Daha sonra komitə sədri Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatına müsbət münasibətini ifadə edib: “Bu gün daxili işlər orqanları hörmətli Vilayət müəllimin rəhbərliyi ilə çox böyük işlər aparılır. Qarşıdan COP 29 gəlir, bu mənada gərgin iş fəaliyyəti gözləyir, biz də gərək daxili işlər orqanlarına təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin etmələri üçün dəstəyimizi əsirgəməyək. İnsan alverindən danışan komitə sədri qeyd etdi ki, Azərbaycanda insan alverinin xüsusi bir forması var, buna qarşı da ciddi mübarizə aparmalıyıq, bu da siyasi alverdir. İstər Milli Şura rəhbərliyi, istər xaricdə oturan blogerlər, digər şəxslər gəlir əldə edirlər. Heç bir siyasi fəaliyyəti olmayan şəxslərə arayış satanlara, həmin şəxslərin xarici ölkələrdə status almasına çalışanlar da araşdırılmalı və cəzalandırılmalıdır. Birisi gəlib Fəvvarələr Meydanında bir şəkil çəkdirir, sonradan o şəkli yayır ki, guya bu mitinq təşkil etmək istəyirmiş, təzyiqlərə məruz qalıb. Bununla da xaricdə status almağa çalışır, təhqirlər yayır. Hamısı maşın alverçiləri, ali təhsili olmayanlar, oğrular yığışıblar ora, Azərbaycana qarşı fəaliyyət göstərirlər”.
S.Novruzov Milli Moordinatora xitabən bildirdi ki, xaricdə oturub təhqiramiz çıxışlar edən şəxslərin də ekstradisiyası ilə ciddi məşğul olmaq lazımdır.
E.Paşasoy,
Musavat.com