Fransız rəssam Bakı metrosunda vaqonları rənglədiyi üçün həbs edilmişdi, heç cəzasının yarısını da yatmadı, əfv olundu. Milli rəssamlarımız isə türməyə düşəndə axıracan, necə deyərlər, zəngdən-zəngə içəridə qalırlar. Bu da xalqımızın necə dözümlü olduğunun əlamətidir.
Yaxud görürsən icra hakimiyyətində milyonlar basıb yeyib, 3-4 ilə azadlığa çıxır, lakin 3-4 min dollar qaçaqmalçılıqda suçlanan jurnalisti it yerinə qoymuruq. Niyə? Çünki gərək bir işə əlini bulayanda babat bulayasan. Xırda-xuruş korrupsiya bizə yaraşan hal deyildir. Ayıbdır. Ancaq indi mövzu bu deyil.
Keçən həftə Almaniyanın Hamburq şəhərində əli bıçaqlı bir qadın aləmi bir-birinə qatmışdı, 10 nəfəri xəstəxanalıq etmişdi. Təsadüfə bax, az qala eyni gündə bizim şanlı Bakımızda avtobusda bıçaqla gəzən zənən xeylağının videosu yayıldı. Xanım əfəndi bıçağı sağa-sola yellədir, xox gəlirdi, di gəl gör qorxan var idimi? Bir nəfərin də tükü tərpənmirdi, hamı sakitcə yola davam edirdi. Hətta mobil telefonunda oyun oynayan bir cavanmərd qadına deyirdi ki, bıçağın ucunu azca o yana elə, ekranı görmürəm, indi məni “öldürəcəklər”. Yəni oyunda.
Belə hadisələr çoxdur. Sadəcə, bizim evimizi paxıllıq yıxır. Paxıllıq olmasa daha artıq inkişaf edərik. Misal üçün, bir manıs Avropa film festivallarını fəth etməyə yollanmışdı, lakin millət onu hoydu-hoyduya götürdü. Yazığın bəxti heç gətirmir. Vaxtilə Abel müəllim onu BDU yurfakına hansısa üsulla qəbul eləmişdi, bitirib gül kimi prokuror olacaqdı, əclaf jurnalistlər imkan vermədilər. O yazdı, bu yazdı, Abel müəllim məcbur oldu manısı 3-cü kursdan qovsun. Həm özümüz oxumuruq, həm oxuyana imkan vermir, mız qoyuruq.
Güman edirəm bizim belə möhkəm, sərt, amansız, yumruq kimi olmağımızda qahım evliliklərinin rolu danılmazdır. Öz aramızda evlənərək, ailə quraraq sağlam nəsil, cəsur insanlar yetişdiririk. Bunu səhv oxumadınız. Tibb elminə görə, qahım evlilik xəstə uşaqlar doğulmasıyla bitir, lakin xəstələr olmasa həkimlər nəyə lazımdır? Nəticədə tibb elmimiz göylərdə pərvaz edirdi. “Di” ona görə yazdım ki, təzə qanun var, yayda qahım evlililyi qadağan olunacaq, buna görə hazırda dayıqızı və bibioğlular, əmiqızı və xaloğlular nikah idarələrinə kütləvi axışmaqda imiş. Çatdırmasan gərək yad uşaqlarıyla evlənəsən, bu cür qiymətli xəzinəni it sümüyünə calaq edəsən. Nəsil daha nə cür korlanır ki...
Həkimlərimiz isə, maşallah, o qədər gözəl işləyirlər ki, nazirlik bu yaxında plastik cərrahların hamısını bir kafedrada toplamaq qərarına gəldi. Düz 42 nəfərdirlər. İstəyirsən sənə qulaqdan burun düzəltsinlər, dilini başqa yerinə tiksinlər, ciyərini çıxarıb cız-bız bişirsinlər (axırıncını məsəl üçün yazdım, ola bilsin hələlik buna nail olmaq çətindir).
Qəzetdə plastik cərrahlarımızın bir kolxoz damı altında birləşdirilməsi məqaləsindəki detal isə, nə gizlədim, xoşuma gəlmədi. Sitat: “Bundan sonra cərrahlarımız sinə böyütmək yox, orqan bərpası ilə məşğul olacaqdır”. Sitatın sonu.
Nə üçün axı? Bunlar bir-birinə niyə mane olur? Sinə də böyüdün, orqan da bərpa edin. Bizim indi, necə deyərlər, ürəyimizin köksümüzə sığışan dövrü deyil. Xalqımıza böyük sinələr lazımdır.
Yazını da şairin misraları ilə bitirir, üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən sizlərə candan salamlar göndərirəm:
“Üz yanında tökülübdür tel nazik,
Sinə meydan, zülf pərişan, bel nazik,
Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri!"