"Nə baş verdiyini görürük, izləyirik, amma bəyan edəcək bir şey yoxdur".
Musavat.com xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakıda saxlanılan təqsirləndirilən şəxslər üzərində keçirilən məhkəmə ilə bağlı bu sözləri işlədib.
"Baş verənlər kədərlidir, lakin ümid edirik ki, məhkəmə başa çatdıqdan sonra bu insanları hansısa yolla geri qaytarmaq, onların azadlığa buraxılması məsələsini müzakirə etmək və ya bu məsələni hansısa yolla həll etmək imkanı olacaq", - deyə Simonyan bildirib.
Qeyd edək ki, hazırda Ermənistanda olan keçmiş separatçılardan bəziləri Ermənistan tərəfinin bu istiqamətdə yetərincə səy göstərməməsi ilə bağlı tənqidlər səsləndirir.
Simonyan onlara bu sözlərlə cavab verib:
"Hesab edirəm ki, imkan daxilində müdaxilə etməsələr, sussalar, daha yaxşı olar. Onların müdaxiləsinin nəticələrini gördük. Məncə, sussalar daha yaxşı olar. Onlar Ermənistan Respublikasında statusu olan insanlardır, onların bəziləri vətəndaş, bəziləri isə qaçqındır. Ermənistan Respublikasının bir hökuməti var və bəli, biz qərarlar qəbul etməliyik, onlar da onlara tabe olmalıdırlar, ayrıca gündəm gətirməyə çalışmamalıdırlar. Bu, işləməyəcək və biz buna imkan verməyəcəyik. Biz bunu dəfələrlə demişik".
Musavat.com