Dini fanatiklərin Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində törətdiyi terror aktlarından sonra Rusiyada niqab və hicabın qadağan edilməsi məsələsi gündəmə gəlib.
Dağıstanın siyasi və dini rəhbərliyinin müvafiq sərəncamından sonra Şimali Osetiya müsəlmanlarının ruhani idarəsi də niqab taxmağın əleyhinə çıxış edib. Dini idarə bildirib ki, niqab taxmağın qadağan edilməsi ilə bağlı qəbul edilən qətnaməyə uyğun olaraq, Şimali Osetiyada da bu qərara əməl etmək tövsiyə olunur.
Qaraçay-Çərkəz respublikasının müftisi İsmayıl Hacı Berdiyev də respublika ərazisində niqab taxmağı müvəqqəti qadağan edən fərman imzalayıb.
Həm Dağıstanda, həm də Şimali Osetiyada da qeyd olunur ki, bu qadağa müvəqqətidir və dini ekstremistlərin başıörtülü qadın geyimləri altında gizlənərək terror aktı planlaşdırmasına və silah daşınmasına qarşı tədbirlərin bir hissəsidir.
Hələ mayın 21-də RF Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev Rusiyada niqab taxmağın qadağan edilməsinin zəruri olduğunu bildirib. O qeyd edib ki, bir sıra Orta Asiya ölkələrində baş geyimləri qadağandır.
Əslində Fadeyev o məsələdə haqlıdır ki, Orta Asiyanın Rusiya ilə müttəfiq regionunda dini sahə çoxdan ciddi şəkildə tənzimlənir. Tacikistanda qadınların hicab və niqab taxması, kişilərin saqqal saxlaması, gənclərin isə məscidlərə getməsi qadağan edilib. Mollaların, vaizlərin fəaliyyətinə ciddi nəzarət edilir, öldürülən terrorçuların yaxınları hüquqlarından məhrum edilir.
Tacikistanın radikal islamçılara qarşı sərt mövqe tutmasının əsas səbəbi onların 1990-cı illərdə ölkədə vətəndaş müharibəsinə səbəb olmasıdır. Həmin münaqişə zamanı Tacikistanda 60 mindən çox insan həlak olub, yüz minlərlə insan qaçqın düşüb və vəziyyət yalnız Rusiyanın vasitəçiliyi ilə həll olunub. Bundan əlavə, Tacikistan bir neçə ildir ki, radikal “Taliban” hərəkatının hakimiyyətdə olduğu Əfqanıstanla həmsərhəddir və oradan radikal islamın ölkəyə sirayət edəcəyindən qorxur.
Ona görə də Tacikistanda radikal islama qarşı mübarizə üçün bütün tədbirlər kompleksi həyata keçirilir. 2018-ci ildə ölkə hökuməti qadınlara dini geyim, o cümlədən hicab, niqab və digər örtük növləri geyinməkdən çəkinməyi tövsiyə edib. Tövsiyələrə məhəl qoymayan qadınlarla izahat xarakterli söhbətlər aparılıb, onlar artıq dövlət qurumlarına, xəstəxanalara, məktəblərə və qeydiyyat şöbələrinə buraxılmayıblar. Qazaxıstan və Özbəkistanda da bu cür geyimlər “ərəb geyimləri”, “milli ənənələrə uyğun olmayan libaslar” adlandırılır və qeyd olunur ki, başqa millətlərə xas geyimlərdən istifadə təqlidçilikdir və bunun islama dəxli yoxdur.
Bu ilin iyununda Tacikistan prezident Emomali Rahmon təkcə “yabançı libaslar”ın geyinilməsini yox, həm də idxalını və satışını birbaşa qadağan edən qanun imzalayıb. Sənədə əsasən, qadağanın pozulmasına görə fiziki şəxslər üçün cərimə 750 dollar, hüquqi şəxslər üçün 5,2 min dollar təşkil edəcək. Tacikistan mediası yazır ki, hakimiyyət bu məqsədlə küçələrdə və bazarlarda kütləvi reydlər keçirməyə hazırlaşır, onların tərkibində təhlükəsizlik qüvvələrinin və qadın komitələrinin nümayəndələrinin daxil olduğu xüsusi qruplar yaradılıb.
Tacikistanda kişilərə uzun saqqal saxlamaq da qadağandır. Üzünü “vəhhabi üslubu”nda təraş edənlərə, yəni çənəsində və yanaqlarında tük saxlayıb, bığlarını qaşıyanlara xüsusi diqqət yetirilir. İctimai yerlərdə mütəmadi olaraq reydlər keçirilir, müəyyən edilmiş saqqallılarla söhbətlər aparılır, sonra onlar bərbərlərə aparılır. Təkcə Xatlon rayonunda 13 min kişinin üzünü qırxmağa məcbur edildiyi bildirilir.
Bundan başqa, yaşı 18-dən az olan tacikistanlı yeniyetmələrin məscidlərə getməsi yasaqdır. Yaşı 35-dən aşağı olan gənclər Məkkəyə həcc ziyarətinə gedə bilməzlər. Məmurların cümə namazına getməsi qadağan edilib. Ölkədə dini adət-ənənələrə həddindən artıq riayət olunması yasaqlanıb. Məsələn, iyunun sonunda uşaqların evləri gəzib şirniyyat dilənmələri ənənəsi ölkədə qanunsuz elan edilib. Hüquq-mühafizə orqanları valideynlədən övladlarına nəzarət tələb edirlər.
Daha bir istiqamət din xadimlərinə və dini maarifləndirməyə ciddi nəzarətdir. 2016-cı ildə ölkədə özəl dini məktəblərin fəaliyyətinə qadağa qoyulub. Bu normaların pozulması cinayət məsuliyyəti nəzərdə tutur.
Dövlət məscidlərin işinə diqqətlə nəzarət edir, qanunsuz ibadət evləri dərhal bağlanır və təyinatı dəyişdirilir. 2018-ci ildə respublikada icazəsi olmayan mindən çox ibadət yeri möhürlənib. Respublikada imam və xətiblərin fəaliyyətinə ciddi nəzarət edilir. Hazırda din xadimləri mütəmadi olaraq ekstremizmə qarşı mübarizə üzrə xüsusi təlim keçirlər. Qanunsuz təbliğatçılar cinayət və inzibati məsuliyyətə cəlb olunurlar.
Bu ilin mart ayınının əvvəlində Tacikistan prezidenti Emoməli Rəhmon bəyan edib ki, son üç ildə ölkədə qeyri-qanuni dini məktəblərin 5 min şagirdi müəyyən edilib, 520 din xadimi məsuliyyətə cəlb edilib. “Qeyri-qanuni təhsil bir çox hallarda dini fanatizmin formalaşmasına, sonradan ekstremist və terror aktlarının törədilməsinə gətirib çıxarır. Təhlillər göstərir ki, bu cür cinayətlərdə iştirak edənlərin əksəriyyəti yeniyetməlik dövründə orta məktəblərdən uzaqlaşdırılıb”, - deyə o vurğulayıb.
Suriya və İraqdakı döyüş bölgəsindən respublikaya qayıdan qadınların (onların ərlərinin tam əksəriyyəti öldürülüb) övladlarının internat məktəblərinə yerləşdirildiyi məlumdur. Öldürülən terrorçuların cəsədlərinin qohumlarına verilməməsi haqqında qanun qəbul edilib, onlar qapalı qəbiristanlıqlarda nişansız qəbirlərdə basdırılır.
Qərb hüquq müdafiəçiləri mütəmadi olaraq Tacikistanı son dərəcə sərt din siyasətinə görə tənqid edirlər. Ötən il ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) respublikanı etiqad azadlığının sistemli şəkildə pozulmasının müşahidə olunduğu 17 ölkənin siyahısına daxil edib. Rəsmilər ABŞ hökumətinə Düşənbəyə təzyiq göstərməyi, o cümlədən sanksiyaların tətbiqini nəzərdən keçirməyi tövsiyə ediblər.
Buna baxmayaraq, sərt siyasət öz effektivliyini göstərir. Əsas göstərici odur ki, 2019-cu ildən bəri Tacikistanda böyük terror aktı baş verməyib. Görünən odur ki, radikal islam tərəfdarları təzyiqlərə tab gətirə bilmirlər və onlarla daha yumşaq davranan ölkələrə üz tuturlar. Taciklərin iştirak etdiyi ən böyük terror aktı bu ilin martında Moskva ətrafındakı “Crocus City Hall” konsert zalında baş verib.
İndi hiss olunur ki, Rusiya da dini ekstremistlərlə mübarizədə Tacikistan nümunəsindən yararlanmaq fikrindədir.
Maraqlıdır ki, dini fanatizmin ən geniş yayıldığı Çeçenistanın adını çəkən yoxdur. Bu ölkədə artıq şəriət rejimi hökm sürür, ancaq situasiyaya total nəzarət Kadırov klanının vasitəsilə Kremlin tam nəzarətindədir deyə, Çeçenistandakı vəhhabizm təhlükəli sayılmır.
Araz Altaylı, Musavat.com