Şimali Koreya Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini ratifikasiya edib

Koreya Xalq Demokratik Respublikası Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini ratifikasiya edib.

“Report” “Koreyanın Səsi” radiosuna istinadən xəbər veir ki, müvafiq fərmanı noyabrın 11-də Dövlət Şurasının Sədri Kim Çen In imzalayıb.

Bildirilib ki, razılaşma ratifikasiya sənədlərinin mübadiləsi günündən qüvvəyə minəcək.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin sənədi ratifikasiya etmişdi.

Qeyd edək ki, müqavilə iyun ayında Rusiya Prezidenti Vladimir Putinin paytaxt Pxenyana səfəri zamanı imzalanıb. Bu sazişin 4-cü maddəsində nəzərdə tutulur ki, “tərəflərdən biri bir və ya bir neçə dövlətin silahlı hücumu nəticəsində müharibə vəziyyətinə düşərsə, digər tərəf BMT Nizamnaməsinin 51-ci maddəsinə və KXDR və Rusiya Federasiyasının qanunlarına uyğun olaraq dərhal bütün mövcud vasitələrlə ona hərbi yardım göstərəcək”.

Müqavilədə ümumilikdə 23 maddə var.

RF və KDRX arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi əvvəllər rəsmi olaraq qüvvədə olmasa da, uzun müddətdir ki, müxtəlif mənbələr Şimali Koreyadan olan hərbçilərin artıq Rusiya olduğunu və Ukraynaya qarşı müharibəyə göndəriləcəyini bildirir.

ABŞ, Cənubi Koreya və Ukraynadan olan yüksəkvəzifəli məmurların qiymətləndirmələrinə görə, RF-də bu əsgərlərin sayı azı 10 min nəfərdir. KİV-in məlumatına görə, onlar Rusiyanın Uzaq Şərq bölgələrindəki hərbi obyektlərdə təlim keçirlər. Kiyevə görə, şimali koreyalı əsgərlərin bir qismi təlimdən sonra Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatlarının davam etdiyi Kursk vilayətinə göndərilib və KXDR qüvvələri arasında artıq itkilər var.

Bundan əlavə, Kiyevin məlumatına görə, cəbhədə artıq Şimali Koreya zabitləri var və onlar RF qüvvələrinə Pxenyanın əvvəllər Moskvaya verdiyi silahlardan Ukraynaya hücumlar üçün istifadə etməyə kömək edirlər.

KDRX hərbçilərinin Rusiyada olması barədə çoxsaylı bilgilər azı sentyabrdan daxil olur. Lakin “Mediazona” internet nəşri hesab edir ki, şimali koreyalı əsgərlər RF-yə kütləvi şəkildə hələ iyuldan gəlməyə başlayıblar.

Daha əvvəl NATO, eləcə də Avstraliya, Yaponiya, Yeni Zelandiya, Cənubi Koreya və Ukrayna birgə bəyanatda Pxenyan və Moskva arasındakı hərbi əməkdaşlığı qətiyyətlə pisləyiblər.

“KXDR-in Rusiyaya müharibədə göstərdiyi milyonlarla döyüş sursatı və ballistik raketlərin tədarükü də daxil olmaqla əhəmiyyətli dəstəkdən əlavə, Pxenyandan minlərlə əsgərin yerləşdirilməsi Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsində davam edən yardımının təhlükəli genişlənməsini ehtiva edir”, – bəyanatda qeyd olunub.

Bundan əlavə, NATO Rusiya tərəfinin KXDR-in nüvəsizləşdirilməsi mövzusunu “gündəlikdən çıxarmasını” “qəbuledilməz” adlandırıb. Belə ki, bu cür bəyanatları əvvəllər Rusiyanın xarici işlər naziri Sergey Lavrov vermişdi. Moskva bununla əlaqədar olaraq, veto hüququ ilə üzvlüyünü davam etdirdiyi BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozmaqda ittiham edilib.

12.11.2024 02:02
239