"Şimal oxları”na qarşı “Xeybər" əməliyyatı: Hizbullah İsrailin Livana quru əməliyyatı üçün BUNU VƏD EDİR

Xəbər verildiyi kimi, İsrail ordusu dünən axşam saatlarında Livana quru əməliyyatına başladığını elan edib. Ordudan verilən açıqlamada əməliyyatın “məhdud, lokal və hədəflərə yönəlmiş olduğu” bildirilir.

“Şimal oxları” adı verilən əməliyyatın məqsədi Hizbullahı Livanın cənub və cənub-şərqində Litani çayından şimala sıxışdırmaq və beləliklə Livanla sərhədə yaxın məntəqələrə əhalinin dönməsini təmin etməkdir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İsrailin Hizbullaha məxsus hərbi strukturu məhv etmək üçün məhdud əməliyyata başlayacağı haqda onları məlumatlandırdığını deyib.

Metyu Miller, Rusiyanın terrorizmə sponsorluq edən dövlət kimi tanınmasının  müəyyən mənfi nəticələrə səbəb ola biləcəyini deyir - 1TV

Bu gün isə Hizbullah İsrailin quru hücumuna qarşı “Xeybər” müqavimət əməliyyatı başlatdığını bəyan edib. Xeybər Ərəbistanda Mədinə şəhəri yaxınlığında yəhudi qəsəbəsi olub. Məhəmməd Peyğəmbərin (s) rəhbərliyi altında müsəlmanlarla Xeybər yəhudiləri arasında məşhur müharibə zamanı Həzrət Əli Xeybər qalasını fəth edib.

İsrail ordusunun açıqlamasında quru əməliyyatının İsrailin şimal-şərqində, Colan təpələri istiqamətində başladağı bildirilir. Bura Livanın içinə doğru uzanan çıxıntıdır, İsrailin Metula, Misqav Am və Kfar Giladi qəsəbələri faktiki olaraq Livanla sərhəddə yerləşir. Son bir ildə İsrail və Hizbullah arasında davam edən gərginlik zamanı bu bölgənin əhalisi köçürülüb. İsrail ordusu əməliyyatın məqsədinin adıçəkilən qəsəbələrdəki sakinlərin evlərinə dönüşünü təmin etmək və bu istiqamətdə Hizbullahın müqavimət gücünü məhv etməyə çalışacağını bəyan edib.

İsrail ordusu təlimlərə başlayır

Çünki bu istiqamət birincisi, İsrailin yaşayış məntəqələrinin ən çox təhlükəyə məruz qaldığı ərazidir, ikincisi isə İsrail sərhədindən Beyruta ən yaxın məsafə buradandır.
Dünən Hizbullah baş katibinin müavini Şeyx Naim Qasim Həsən Nəsrullahın ölümündən sonra ilk dəfə videomüraciət yayaraq İsrailin ordusuna qarşı savaşa hazır olduqlarını bildirib.

Ancaq hələlik, ən azı bu gün günün birinci yarısında İsrail ordusunun Livana daxil olmadığı məlum olub. Hizbullaha yaxın əl-Məyadin telekanalı bölgədəki müxbirinə istinadən bu gün səhər İsrail ordusunun hələ Livan sərhədini keçmədiyini xəbər verib. Ehtimal olunur ki, İsrail quru qüvvələri artilleriya hazırlığı və aviasiya zərbələrindən sonra sərhədi keçəcək.

Hizbullah Livan işğal olunarsa, İsrailə hücum edəcəyini bəyan ETDİ

Qeyd edək ki, İsrail daha əvvəl 1982 və 2006-cı illərdə eyni istiqamətdən Livana daxil olub. 1982-ci ildə İsrail Beyruta qədər irəliləmişdi. 2006-cı ildəki 34 günlük müharibə zamanı isə İsrail ordusu Litaniyə doğru irəliləsə də Hizbullahın ciddi müqaviməti ilə qarşılaşmışdı.

İsrail ordusu bu dəfəki əməliyyatı “məhdud” sərhədyanı bölgədə keçirəcəyini elan edib, yəni hədəfdə Beyrut yoxdur. Ancaq hər şey müharibənin gedişindən asılı olacaq. Əlbəttə, quru əməliyyatı uğurlu olsa İsrail ordusu Beyruta qədər gedib Hizbullahın bütün infrastrukturunu məhv etməyə çalışar.

Qeyd etdiyimiz kimi, hər şey əməliyyatın gedişindən asılı olacaq. Çünki ağır bombardmanlara baxmayaraq Hizbullah raket və hərbi arsenalının 80 faizini – İsrailin rəsmi açıqlamasına görə - qoruyub saxlayır. Üstəlik ərazi üstünlüyü amili Hizbullahın xeyrinədir.

What is Hizbullah?

İsrailli hərbi ekspertlər etiraf edir ki, ordu Livan ərazisində ciddi müqavimətlə qarşılaşa bilər. Quru qüvvələrinin Livan ərazisinə daxil olmasının ləngiməsi də bu riskin yüksək olduğunu göstərir. Hər bir halda ilk toqquşmalardan sonra real hərbi vəziyyət bilinəcək.

Sərhəddə gərginliyin davam etdiyi bir vaxtda Hizbullah lideri Həsən Nəsrullahın nəşi bu gün İraqda İmam Əlinin məzarının yerləşdiyi Nəcəf şəhərinə gətirilib. Yerli mənbələrin məlumatına görə, Seyid Həsən Nəsrullahın cəsədi Nəcəfdəki müqəddəs ziyarətgahda dəfn olunacaq. Tehranda isə böyük mitinq təşkil olunub.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

01.10.2024 18:50
1647