"Şimal-Cənub" dəhlizi layihəsindəki 13 ölkə - önəmli rolu olanlar...

Ekspert: “İştirakçı ölkələrin hər birinin üzərinə vəzifələr düşür, ən böyük işlər Rusiya və İranda görülməlidir”

Rusiya və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin işlək mexanizmə çevrilməsi üçün fəaliyyətlərini aktivləşdiriblər. İyunun ortalarında məlum olub ki, Azərbaycan, Rusiya və İranın nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaları üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər. Bu məlumatı TASS-a Rusiyanın İrandakı ticarət nümayəndəliyində Dağıstan hökumətinin nümayəndəsi Andrey Tanaev verib.

Onun sözlərinə görə, üç  ölkənin rəsmiləri Rusiya-Azərbaycan və Azərbaycan-İran sərhədlərində sərhəd və gömrük terminallarına baxış keçiriblər: “Biz Dərbənddə Rusiya, Azərbaycan və İran nümayəndə heyətləri arasında ekspertlər səviyyəsində üçtərəfli görüş və Astara İran, Astara Azərbaycan, Astara Azərbaycanın Cənubu, Taqirkent-Kazmalyar, Yarağ-Kazmalyar məntəqələrinin daxil olduğu gömrük və sərhəd məntəqələrinə baxış keçirdik”.

O, İran tərəfi ilə bu görüşün keçirilməsi ilə bağlı razılaşmaların 2024-cü ilin fevralında Rusiya baş nazirinin müavini Aleksandr Novak və İranın neft naziri Cavad Oujinin sədrliyi ilə Tehranda ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya-İran hökumətlərarası komissiyasının iclası zamanı əldə olunduğunu açıqlayıb. 

Rusiya rəsmisi deyib ki, Yaraq-Kazmalyar keçid məntəqəsində hər şey bir pəncərə prinsipi ilə baş verir: “Sənədləri təqdim ediblər, 30-40 dəqiqə ərzində hazırlayır, sürücüyə verirlər və gedir”. Tanaev yükdaşıma məsələlərinin həlli üzrə üçtərəfli ekspert qrupunun iclasının “demək olar ki, on ildə ilk dəfə keçirildiyini” vurğulayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, ekspertlər səviyyəsində keçirilən görüşdə hər tərəfdən 9 nəfər olmaqla ümumilikdə 27 nəfər iştirak edib. 

İyunun 20-də İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbər Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan İranın Rəşt şəhərindən Xəzər limanına qədər olan dəmir yolunun hissəsinin açılış mərasimində iştirak edib. Mərasim İranın IRIB telekanalı tərəfindən canlı yayınlanıb.

Ənzəli azad iqtisadi zonasının ərazisində baş tutan tədbirdə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş da iştirak edib. Onların iştirakı ilə yeni dəmir yolu xəttində simvolik yükləmə-boşaltma işləri aparılıb.

Qeyd edək ki, iyunun 19-da “Tasnim” agentliyi ad çəkmədən Rusiya prezidentinin köməkçisi və Azərbaycan baş nazirinin müavininin mərasimdə iştirakı planlaşdırıldığına dair məlumat yayıb. Lakin sonradan yayımlanan mərasimdə Azərbaycan nümayəndələrinin iştirakı qeydə alınmayıb. 

İran tərəfinin məlumatına əsasən, Rəşt-Xəzər hissəsi 162 km uzunluğunda olan Rəşt-Astara dəmir yolunun birinci mərhələsidir.  Rəşt-Astara dəmir yolunun  tikintisinə dair Rusiya və İran 2023-cü il mayın 17-də saziş imzalayıblar. O, Şimal-Cənub dəhlizinin quru hissələrini birləşdirəcək və dəhlizin Qərb marşrutunun iqtisadi səmərəliliyini artıracaq. Layihənin həyata keçirilməsi üçün Moskva Tehrana 1,3 milyard avro dəyərində dövlətlərarası kredit ayırıb, layihənin ümumi dəyəri isə 1,6 milyard avro olaraq qiymətləndirilir.

Bütün xəttin 2027-2028-ci illərdə tikiləcəyi gözlənilir. Rusiya səlahiyyətliləri bu layihənin Süveyş kanalına alternativ ola biləcəyini, həm Avropaya, həm də Rusiyadan Fars körfəzinə tranzit nəqli üçün başdan-başa marşrut yaradacağını gözləyirlər.

İyunun 19-da Rusiya prezidentinin müşaviri İqor Levitin Beynəlxalq Sibir Nəqliyyat Forumunun plenar iclasında videobağlantı vasitəsilə çıxışında bildirib ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsində 13 ölkə iştirak edəcək: ""Şimal-Cənub" dəhlizi layihəsində iştirak edən demək olar bütün ölkələrlə - onların sayı 13-dür - razılaşma əldə edilib, onların hamısı iştirakını təsdiqləyib".

Levitin əlavə edib ki, hazırda Şimal Dəniz Yollarına (ŞDY) çıxışın inkişafına təcili ehtiyac var: “Uralda və Sibirdə dəmir yolu xətlərinin tikintisi layihəsini həyata keçirmək lazımdır. Bu, Transsibir magistralında sıxlığı aradan qaldıracaq və Asiya ölkələrinə yükdaşımaları artıracaq”.

Azərbaycan hazırda ŞCD çərçivəsində infrastrukturun gücləndirilməsi üçün bir sıra mühüm layihələr həyata keçirir. Bura ilk növbədə dəmiryol sisteminin potensialının artırılması aiddir. Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planına əsasən, 2024-2026-cı illərdə Ələt-Osmanlı-Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb. Həmçinin bununla bağlı 2026-ci ildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri nəzərdə tutulub.

İyunun əvvəlində Azərbaycan Dəmir Yolları QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə verdiyi məlumata görə, Bakı-Astara dəmir yolu istiqamətində xüsusi plan üzə 2025-ci ildən layihələndirmə və tikinti işlərinin başlanması hədəflənir. O vurğulayıb ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi xüsusi proqram üzə həyata keçirilir.

R.Rüstəmovun sözlərinə görə, hazırda Bakı-Yalama istiqamətində yollar yenidən qurulur: “Növbəti ilin birinci yarım ilində bu istiqamətdə işlərin sona çatdırılması planlaşdırılır”.

İyunun əvvəlində bir sıra xəbər agentliklərinin rəhbərləri ilə görüşən Rusiya prezidenti Vladimir Putin ŞDC ilə yüklərin Asiyadan Avropaya və əksinə Süveyş kanalından keçən marşrutdan ən azı 10 gün tez çatdırılacağını bildirib. Onun sözlərinə görə, dəhlizə qoyulan vəsaitlər özünü artıqlaması ilə doğruldacaq, çünki çox gəlirli olacaq.

ŞCD-nin əsas həlqə ölkələri olan Rusiya və İranın hazırda Qərbin ən ağır sanksiyalarına məruz qaldığını, ABŞ-ın Hindistanı İranın Çabahar limanına investisiya yatırdığına görə sanksiya ilə hədələməsini nəzərə alsaq, bu dəhlizin perspektivlərini yüksək qiymətləndirmək olarmı?

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov

Sualı cavablandıran iqtisadçı-ekspert Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, Şimal-Cənub dəhlizi layihəsi hələ 1976-cı ildə 27 ölkənin iştirakı ilə Parisdə keçirilən Şimal-Cənub dialoqu kimi formalaşdırılıb: “Bu zaman Şimal dedikdə, inkişaf etmiş ölkələr, cənub isə inkişafa ehtiyacı olan ölkələr nəzərdə tutulurdu. Lakin sonradan SSRİ ilə Qərb ölkələri arasında münasibətlərin gərgin olması səbəbindən yüklərin Hindistandan digər marşrutla daşınması yoluna üstünlük verildi. Asiyadan Avropaya daşınan yüklər gəmilərə vurularaq Hind okeanından Ədən boğazı, Qırmızı dəniz və Süveyş kanalından keçməklə Aralıq dənizinə daxil olurdu. Oradan isə Rusiyaya, Mərkəzi Avropaya paylanırdı. Şimalda yerləşən ölkələrə yüklər daha uzaq yolla gedirdi: Cəbəllütariq boğazından Atlantik okeanına, oradan La-Manş boğazı və Baltik dənizi ilə Şimal ölkələrinə çatırdı. Lakin 2000-ci ildən Rusiya və İranın yenidən təşəbbüsü ilə yenidən Şimal-Cənub nəqliyyat dəhlizi məsələsi gündəmə gətirildi. Bunun əsas səbəbi ənənəvi marşrutda dar boğazların artan yükləri ötürmək imkanlarının məhdud olması idi. Məsələn, 2021-ci il statistikasına görə, dünya ticarətinin 12 faizi Süveyş kanalından keçirdi. Bu, həddən artıq böyük həcmdir və kanalda baş verən adi bir qəza həftələrlə yükdaşımalarda gecikmələrə səbəb olurdu”.

Ekspert xatırladır ki, Azərbaycan ŞCD-yə rəsmən 2005-ci ildə qoşulub: “Mən bugünlərdə nəşr olunan "Avrasiyanın arteriyaları" adlı kitabımda Şimal-Cənub nəqliyyat dəhlizinə geniş yer ayırmışam, çünki bu, çox böyük layihədir. Ümumilikdə Ermənistan da daxil olmaqla, dəhliz layihəsinin 13 iştirakçı ölkəsi var. Bu yeni marşrutun bir sıra üstünlükləri var. Məsələn, Süveyş kanalından keçən marşrutla müqayisədə xərclərdə 20-25 faiz azalma, daşıma müddətinin 3 həftəyə qədər qısalması var. Mumbaydan birbaşa Şimali Avropaya qədər 7200 km uzunluqdadır. Əvvəlki marşrutla Hind okeanından Avropaya 60 günə çatırdısa, yeni marşrutda bu müddək kəskin şəkildə azalır. Dəhlizin tam işlək vəziyyətə gəlməsi üçün iştirakçı ölkələrin hər birinin üzərinə vəzifələr düşür, ən böyük işlər Rusiya və İranda görülməlidir. Azərbaycan hökuməti ŞCD üzrə üzərinə düşən işləri həyata keçirmək üçün bütün mümkün prosesləri vaxtında icra edir. Cənab Prezidentin bununla bağlı ciddi tapşırıqları var və onların hamısı icra olunur. Dəhlizdə İran üzərindən ötürüləcək yüklərin 3 marşrutla Rusiyaya çatdırılması imkanı var: Türkmənistan və Qazaxıstan üzərindən, Xəzər dənizi vasitəsilə və Azərbaycan üzərindən. Aparılan araşdırmalar göstərir ki, bunlardan ən əlverişlisi Azərbaycan üzərindən olandır". 

E.Əmirovun sözlərinə görə, ŞCD üzərindən yükdaşımaların həcminin 2030-cu ilədək 30 milyon tona çatdırılması nəzərdə tutulur: “Bu hədəfə nail olunması üçün Rusiya və İran çox işlər görməlidir. Xüsusilə İranın ərazisindəki infrastruktur geridə qalır, onları müasirləşdirmək üçünsə maliyyə imkanları məhduddur. Məhz buna görə də 2023-cü ildə Rusiya İranın ərazisində Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi, İranın dəmiryol infrastrukturunun təkmilləşdirilməsi üçün kredit ayırdı. İndi İran tərəfi dəmiryol xəttinin tikintisi üçün bütün texniki detalların razılaşdırıldığını bildirir”.

Onu da qeyd edək ki, Ermənistan da ŞCD-yə qoşulub. İrəvan hökuməti Hindistanla Çahabar limanında operatorluqla bağlı razılığa gəlib, İran üzərindən ötürüləcək yüklərin bir qisminin öz ərazisindən daşınmasına nail olmağa çalışır. E.Əmirovun dediyinə görə, Ermənistanın ŞCD-nin hazırkı vəziyyətində onun tranzit ölkəsinə çevrilməsi real görünmür: “İranın dəhlizin 3 mövcud marşrutu üzrə infrastrukturunu təkmilləşdirməyə imkanı çatmır. Bu ölkə Qərbin ağır sanksiyaları altındadır. Yəni Ermənistana qədər yüklərin daşınmasını təmin edəcək infrastrukturun qurulması üçün nə İranın özünün yetərincə maliyyə imkanları var, nə də Ermənistanın bunu maliyyələşdirməyə gücü. Yəni bir beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olmaq istəyən ölkə mütləqdir ki, öz ərazisində müvafiq infrastrukturu qursun. Ermənistanın isə heç öz ərazisində yükdaşımaları təmin edəcək infrastruktur yaratmaq imkanı yoxdur. Bu baxımdan, yaxın 5 ildə belə Ermənistanın Şimal-Cənub dəhlizinin aktiv iştirakçısı olması perspektivini görmürəm”.

Dünya SAKİT,
“Yeni Müsavat”

21.06.2024 09:35
1378