Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza maliyyə qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
SİMA yeni nəsil rəqəmsal imzanın növbəti tərəfdaşı “Turan Bank” olub. Tərəfdaşlığa əsasən, vətəndaşlar SİMA vasitəsilə “TuranBank” mobil tətbiqi üzərindən onlayn kredit əldə edə bilərlər.
Kreditin əldə olunması üçün müştərinin filiala getməsinə ehtiyac qalmayacaq və bank əməliyyatlarına vaxt sərf olunmayacaq. Hazırda “TuranBank” mobil əlavəsi üzərindən kredit üçün müraciət edən və müsbət cavab alan şəxslər SİMA – yeni nəsil rəqəmsal imza ilə sənədləri imzalayaraq onlayn şəkildə istehlak krediti əldə edirlər.
Qeyd edək ki, bu yenilik müştəriləri kağız sənəd toplamaq yükündən azad edəcək. Bundan başqa, müştərilər kredit müqavilələrini qeyri-iş günləri də daxil olmaqla, günün istənilən saatında sadəcə mobil tətbiqə daxil olmaqla SİMA ilə imzalaya bilərlər.
Xatırladaq ki, 2022-ci ilin may ayından etibarən SİMA yeni nəsil rəqəmsal imza ilə “TuranBank” mobil tətbiqi üzərindən onlayn əmanət yerləşdirmək də mümkündür. Gələcəkdə digər məhsullardan istifadə üçün “AzInTelecom” və “Turan Bank” tərəfindən bu istiqamətdə birgə iş aparılır.
SİMA yeni nəsil rəqəmsal imza ilə maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Həmçinin SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı ətraflı məlumatı “AzInTelecom”un rəsmi saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.