Silah anbarını xatırladan səfirlik – Moskvanın Parisdə yaratdığı “NKVD” xofu

 

 

SSRİ tarixinin ən yadda qalan səhifələrindən biri də “NKVD”-nin fəaliyyəti ilə bağlıdır. Bu qurum yarandığı gündən dövlət qurumları arasında sonsuz səlahiyyətləri ilə fərqlənib. Elə “NKVD”-yə təyin olunan komissarlar da ən qısa müddətdə ölkənin ən tanınmış simalarına çevriliblər. Sözsüz ki, Stalinin əmri ilə Henrix Yaqoda, Nikolay Yejov, Lavrenti Beriya kimi cəllad xislətli şəxslərin bu quruma başçı təyin edilməsi də təsadüfi olmayıb. Repressiya “mütəxəssisləri” sayılan bu komissarlar öz fəaliyyətləri dövründə milyonlarla insanın həyatına son qoyublar,  böyük “peşəkarlıqla” həm əhalini, həm də dövlət məmurlarını xof və qorxu içində saxlamağı bacarıblar.

“NKVD”-nin fəaliyyətinin coğrafiyası təkcə SSRİ ilə yekunlaşmayıb. Qurum xarici ölkələrdə də kifayət qədər fəallığı ilə diqqət mərkəzində dayanıb. Hətta bu fəallıq o dərəcəyə çatıb ki, “NKVD”-nin xarici ölkələrdə başqa vəzifələr adı altında xidmət göstərən əməkdaşları faşist Almaniyasının rəhbərlərini də təəccübləndirə biliblər.

1000013963.jpg (70 KB)

1941-ci ildə Almaniya xüsusi xidmət orqanlarının əməkdaşları Fransada SSRİ səfirliyini ələ keçirəndə “maraqlı” səhnələrlə rastlaşıblar. Kifayət qədər böyük ərazisi olan səfirliyin bəzi tikililəri əsl həbsxananı xatırladıb.

Hitlerin təbliğat naziri Yozef Göbbels səfirlikdə gördüklərini  şəxsi gündəliyində aşağıdakı kimi qeyd edib:

“SSRİ-nin Parisdəki səfirliyində gördüklərim və aşkar olunanlar məni təəcübləndirməyə bilməzdi. Avtomatlar, tapançalar, partlayıcı maddələr, saat mexanizmli bombalar, içərisində partlayıcı maddə olan siqarlar və s. əsl silah-sursat anbarını xatırladırdı. Bütün bunlar səfirlikdə başqa vəzifə adları altında işləyən “NKVD” əməkdaşlarının əməlləri idi. SSRİ-nin Fransadakı səfirliyini SSRİ “NKVD”-sinin yerli şöbəsi də adlandırmaq olardı. Burada, belə bir şəraitdə heç bir diplomatik missiyadan söhbət gedə bilməzdi. Axtarış zamanı aşkar edilən sənədlərin arasında siyahılar da var idi. Bu siyahılarda Fransada yaşayan keçmiş sovet vətəndaşların adları əks olunmuşdu. Adların qarşısında xüsusi qeydlər var idi. Kim, nə vaxt və necə məhv edilməlidir. Tətbiq olunan işgəncə vasitələri isə sözün əsl mənasında insanı dəhşətə gətirirdi. Məngənələr, insan bədəninə elektrik enerjisi ötürən cihazlar, rezin kostyumlar, boğucu qaz balonları, dəmir çıxıntılı stullar sovet “diplomat”larının iş predmetləri idi. Onlar diplomatik missiyalarını məhz bu alətlərlə icra ediblər...  ”

Almaniya Xarici Kəşfiyyat İdarəsinin rəisi Valter Şellenberq də öz memuarlarında səfirlikdə gördüklərini belə bölüşüb:

“Səfirlik binasının zirzəmisində işgəncə üçün bütün vasitələr var idi. Zirzəmi divarlarının izolyasiyası  silah səslərinin çöldə eşidilməsinə imkan vermirdi. Bununla yanaşı, zirzəmidə meyitlərin yandırılıb külə çevrilməsi üçün xüsusi kameralar da quraşdırılmışdı. Zirzəminin digər qapalı bir hissəsində isə çoxlu sayda insan sümükləri və saçları var idi. Cəhənnəmi xatırladan bu zirzəmi “NKVD”-nin fəaliyyətinin açıq ifadəsi idi. Vaxtilə SSRİ-dən Fransaya qaçanlar yerli kommunistlərin köməyi ilə “NKVD” əməkdaşları tərəfindən ələ keçirilib, səfirliyin zirzəmilərində cəzalandırılıblar. Bütün tapşırıqlar isə Moskvadan, Mərkəzi Komitədən gəlib. Kreml Fransada “NKVD” xofunu məhz bu səfirlikdə yaradıb...”

1000013965.jpg (119 KB)

Səfirlikdə xüsusi kimyəvi laboratoriya da fəaliyyət göstərib. Bunun üçün səfirliyin zirzəmisində iki otaq ayrılıb.  Məhz bu laboratoriyada sovet mütəxəssisləri tərəfindən zəhərli maddələr hazırlanıb, seçilmiş “hədəf”in məhv edilməsi üçün onlardan istifadə edilib.

Alman tarixçisi Xoffmanın yazdığına görə, SSRİ-nin Fransadakı səfirliyindəki həbs, işgəncə, ölüm üçün istifadə olunan vasitələr mövcud dövrün ən müasir avandanlıqlarından ibarət olub. Bu məsələdə SSRİ hökuməti büdcədən vəsait ayırmaqda “xəsislik” etməyib. Tarixçi onu da qeyd edib ki, SSRİ-nin siyasəti ilə barışmayan və öz ölkələrini tərk etmək məcburiyyətində qalan yüzlərlə ziyalı, hərbçi və dövlət məmuru səfirliyin binasında ağır işgəncələrdən sonra vəhşicəsinə öldürülüblər.

1000013964.jpg (109 KB)

SSRİ rəsmiləri bu faktı təkzib etməyə çalışsalar da, Yozef Göbbelsin səfirlikdən götürdüyü əyani vasitələrin dünya mətbuatında tirajlanması Kremlin bu cəhdini boşa çıxarıb. Göbbelsin dünya mətbuatına ötürdüyü fotoların altında isə bu sözlər yazılıb:

“SSRİ-nin Fransadakı səfirliyi diplomatik missiyadan başqa, bütün “qaranlıq” işlərlə məşğul olub...”

Qeyd edək ki, SSRİ-nin müharibəyə qədərki dövründə Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən səfirliklərində də Fransada olduğu kimi eyni vəziyyət aşkar edilib.

İlham Cəmiloğlu, Musavat.com

05.04.2024 12:22
1944