Si Cinpinin Avropa səfərinin şok pərdəarxası: Çin Rusiyanı “sata” bilər!

Çin lideri Si Cinpinin bu gün Avropaya səfəri başlayır. O, səfər çərçivəsində ilk əvvəl fransalı həmkarı Emmanuel Makronla görüşəcək, ardınca da Serbiya və Macarıstana gedəcək. Rusiya-Ukrayna savaşının getdikcə qızışdığı, ABŞ-ın açıq şəkildə Çini Moskvaya silah və hərbi strateji avadanlıqlar verməkdə ittiham etdiyi bir zamanda bu səfər bir sıra suallar doğurur: əcəba, Si Cinpin bu səfər çərçivəsində nəyi hədəfləyir? İndiyədək NATO-nun beyin ölümü keçirdiyi, Avropanın ABŞ vassallığından qurtulması və özünə yeni ordu qurması kimi anti-amerikan mövqeyi ilə seçilən Makronla yanaşı Rusiya yönümlülüyü ilə seçilən Serbiya və Macarıstan liderləri ilə gözlənilən bu görüşlər hansısa geosiyasi qırılmalara yol aça bilərmi?

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz Si Cinpinin Avropa turunun dünyanın geosiyasi arxitekturasında müəyyən silkələnmələrə yol açacağını istisna etmir.

Naxçıvan gömrüyündə nələr baş verir? - "İrana müalicəyə gedənlər evinə  qayıda bilmir" - Heydər Oğuz - VİDEO

Bununla belə, o, Çin liderinin Avropa səfərindən istədiyi hər şeyi ala biləcəyinə inanmır.

“Si Cinpin səfərdən əvvəl Fransanın ən ünlü nəşrlərindən olan “Le Figaro” üçün qələmə aldığı məqaləsində Avropa turunda gündəmində 3 əsas məsələnin dayanacağını vurğulamışdı:

- Çin-Fransa münasibətlərində yeni üfüqlər açmaq;

- Dünyaya daha çox açılmağı hədəfləyən Çin Fransa və digər ölkələrlə əməkdaşlığı dərinləşdirəcək;

- Dünyada sülh və sabitliyi qorumaq üçün Fransa ilə əlaqə və koordinasiyanı gücləndirmək.

Putinlə Cinpinin söhbəti 1 saat davam edib — Yenilənib

Göründüyü kimi, Si Cinpinin Fransa və digər Avropa ölkələrinə səfərində əsas məqsədi iqtisadi əməkdaşlıq münasibətlərini müzakirə etməkdir. Digər hədəfi isə dünyada sülhə nail olmaq və bundan istifadə edərək münasibətləri daha aktiv fazaya gətirmək kimi xarakterizə oluna bilər. Dərindən düşünəndə bu da əslində iqtisadi əməkdaşlığı gücləndirməyə xidmət edir”.

Siyasi şərhçinin fikrincə, Si Cinpinin sülh çağırışlarında Ukrayna-Rusiya savaşını bitirmək əsas hədəf ortaya çıxır: “Barəsində danışdığımız məqaləsində də Çin lideri bunu rəsmən etiraf edərək deyir: “Çin Ukrayna böhranının Avropa xalqlarına təsirindən xəbərdardır, Ukrayna böhranının təşəbbüskarı, bu böhranın tərəfi və ya iştirakçısı deyil. Bununla belə, Çin böhranın sülh yolu ilə həlli səylərində konstruktiv rol oynayır”.

Məqalədə daha çox sonra Ukrayna savaşının necə sonlandırılması barədə Çinin mövqeyinə aydınlıq gətirən Cinpin öz hədəflərini belə sıralayır: “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək və bütün tərəflərin qanuni təhlükəsizlik problemlərini həll etmək... Biz böhrandan ağlabatan çıxış yolu tapmaq üçün Fransa və bütün beynəlxalq ictimaiyyətlə işləməyə hazırıq”.

Si Cinpinin fikirlərinin Rusiya üçün arzuolunmaz məqamlar ehtiva etdiyini vurğulayan Heydər Oğuzun iddialarına görə, Çin liderinin bu mövqeyi təsadüfi saymır: “Bilirsiniz ki, Cinpin Avropa səfərinə çıxmamışdan qabaq ABŞ-ın Dövlət Departamentinin katibi Antoni Blinkeni qəbul etmişdi. İstər Cinpinin, istərsə də digər Çin rəsmilərinin saatlarla sürən görüşlərində masaya yatırılan əsas məsələ Rusiyaya silah və sursat verilməsinin dayandırılması idi. ABŞ nəşrləri bildirirlər ki, Blinken Çin qarşısında konkret şərtlər qoymuşdu; əgər bu silah təchizatı dayandırılmasa, Çin şirkətləri və bankları da sanksiyalara məruz qalacaqlar. Qərb mətbuatına yansıyan məlumatlarda bu danışıqların uğursuzluğu qeyd olunsa da, Rusiyanın həmin səfər zamanı əndişəsini gizlətməməsi fərqli nünaslardan xəbər verirdi. Kremlə yaxın media qurumları Çinin Rusiyadan üz döndərdiyinə eyham vurur və fikirlərini təsdiqləyən bəzi dəlillər ortaya qoyurdular.

Lavrov: “Rusiya-Çin münasibətləri görünməmiş səviyyəyə çatıb”

Məsələn, “İzvestiya”nın məlumatına görə, Çin Sənaye Bankı (ICBC-də -E.M) da daxil olmaqla ən böyük Çin bankları ikinci dərəcəli sanksiyalar riskindən ehtiyat edərək, artıq Rusiyadan yuanla ödənişləri qəbul etmir.

Nəşrin məlumatına görə, Çinə edilən ödənişlərin demək olar ki, 80 faizi geri qaytarılıb. “Kommersant” qəzeti isə Pekinin hərbi əməliyyatları dayandırmağa, faktiki olaraq münaqişəni dondurmağa çağırdığı halda Ukraynanın demilitarizasiyası və denasifikasiyası barədə hər hansı fikir yürütmədiyinə xatırladaraq, Si Cinpini tənqid atəşinə tutub. Nəşrin müəlliflərindən olan Maksim Yusinə görə, Çinin əsl simasını göstərən məqam Pekin Universitetinin professoru Feng Yujunun “The Economist” jurnalında dərc olunan məqaləsidir. Çinli professor Rusiya və Ukrayna münaqişəsi haqqında tamamilə Qərbin siyasi düşüncəsindən çıxış edir, Moskvanı tənqid atəşinə tutur, onun məğlubiyyətini proqnozlaşdırır, ukraynalıları “səbatlı müqavimətə” görə tərifləyirdı. Hətta etiraf edirdi ki, bu müharibə dayanmayacağı təqdirdə Rusiyada hakimiyyət dəyişikliyi baş verə bilər.

Analitikin fikrincə, Çin kimi avtoritar bir rejimdə hansısa professor rəhbərlikdən icazə almadan xarici media orqanına belə bir məqalə yaza bilməzdi. Yusin Çin banklarının Rusiyadan ödəmələri dayandırmasını nəzərdə tutaraq, Pekinin Rusiyanı yarı yolda qoyduğunu iddia edirdi”.

Çinin ABŞ rəsmilərinin səfərlərindən sonra mövqeyini dəyişməsini təsadüf hesab etməyən Heydər Oğuz Asiya nəhəngi adlanan bu dövlətin iqtisadi tələbatlarının onu geosiyasi rəqabətdə zəif duruma düşürdüyünü vurğuladı: “Çinin 1.5 milyard əhalisi var. Əhalini dolandırmaq üçün Qərb ölkələri, xüsusilə ABŞ-la iqtisadi əlaqələrini kəsə bilməz. Rusiya ilə Avropa arasında ziddiyyətlərin ortaya çıxması və böyüməsi Çinin xeyrinə işləsə də, onun milli gəlirlərinə o qədər də böyük təsir göstərməyib. Statistik məlumatlara görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi illik müqayisədə 27,7 faiz artaraq 196,48 milyard dollara çatıb. Ötən ilin 10 ayı ərzində Çindən Rusiya Federasiyasına ixrac 52,2 faiz artaraq 90,08 milyard dollara yaxın, Rusiya mallarının idxalı isə 12,4 faiz artaraq 106,4 milyard dollar təşkil edib. Beləliklə, hesabat dövründə Rusiyanın müsbət saldosu 2022-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 53 faiz azalaraq 16,32 milyard dollar təşkil edib. Eyni dövrdə ABŞ-la ilə ticarət dövriyyəsi isə 13,2 faiz azalaraq 550,77 milyard dollar təşkil edib. Çinin ABŞ-a ixracı 15,4 faiz azalaraq 415,03 milyard dollara, Amerika məhsullarının idxalı isə 5,8 faiz azalaraq 135,74 milyard dollara düşüb. Eyni sözləri Çinin Avropa İttifaqı ilə ticarət dövriyyəsinə də şamil etmək olar. Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında Çin və Avropa İttifaqı ölkələr arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azalaraq 529,1 milyard dollar təşkil edib. Hesabat dövründə Çin məhsullarının Avropa İttifaqına ixracı 10,5 faiz azalaraq 340,9 milyard dollar təşkil edib. Aİ ölkələrindən Çinə ixrac isə 2,5 faiz azalaraq 188,2 milyard dollar olub. Göründüyü kimi, Rusiya ilə ticarət dövriyyəsində müsbət saldo Moksvanın, ABŞ və Avropa İttifaqı ilə ticarət dövriyyəsində isə Pekinə aiddir. Belə anlaşılır ki, Çin Rusiyaya yaxınlaşdıqca Qərb bazarını itirir. Üstəlik, Çinin Rusiyadan aldığı mallar əsasən neft və qazdır. Onun emalı və istehsalı nəticəsində əldə edilən mallar Qərb ölkələrinə satılmalıdır. Bu yol bağlanarsa, Rusiyadan alınan təbii sərvətlərin də heç bir anlamı qalmaz”.

XİN: Çin-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib

Bütün bu amillərin Çin üçün Qərb əleyhinə Rusiya ilə iqtisadi münasibətləri inkişaf edirməyin anlamsızlaşdığını düşünən Heydər Oğuz Sİ Cinpinin Avropaya səfərinin əsas səbəbini də bu həqiqətdə axtarır: “Məlumdur ki, Çinin 2013-cü ildə irəli sürdüyü beynəlxalq proje “Bir Yol, Bir Kəmər” layihəsidir. Qədim “İpək yolu”nun yenidən canlandırmağı hədəfləyən bu marşrutlardan biri də Rusiyadan keçir. Adına “Şimal dəhlizi” deyilən marşrut Ukrayna savaşının çıxması ilə bağlanıb. Bundan ən çox əziyyət çəkən isə Çindir. Çin bu yolun açılmasını öz həyati məsələsi kimi görür və bu səbəbdən də Rusiyanın heç kimə xeyir gətirməyən, hətta özünü də məhvinə aparan müharibənin dayandırılmasının tərəfdarıdır. Moskvanın inadkarlığı və ABŞ-ın fürsətdən faydalanıb “Bir Yol, Bir Kəmər” layihəsinə ciddi əngəllər yaratması Çini narahat etməyə bilməz. Si Cinpinin ölkələrin ərazi bütövlüyü və suverenliyi əsasında savaşı bitirməyi dəstəkləməsi də bununla bağlıdır”.

Heydər Oğuz onu da xatırlatdı ki, “Bir Yol, Bir Kəmər” layihəsinin digər marşrutu Cənubi Qafqazdan, bir başqası isə ərəb ölkələrindən keçir: “Odur ki, Çin liderinin Avropa turunda üzərində dayanacağı digər məsələ Fələstin problemi olacaq. Si Cinpin “Le Figaro”da dərc olunan məqaləsində də bunu etiraf edirək yazırdı: “Fələstin-İsrail münaqişəsi bizim də ürəyimizi parçalayır. Əsas həll yolu müstəqil Fələstin dövlətinin yaradılmasındadır. Tarix dəfələrlə göstərdi ki, təkrarlanan Fələstin-İsrail problemi ilk növbədə BMT-nin müvafiq qətnamələrinin faktiki olaraq yerinə yetirilməməsindən, iki dövlətli həllin əsaslarının davamlı şəkildə aşınmasından və Yaxın Şərq sülh prosesindən kənara çıxmasından qaynaqlanır”. Si Cinpin fərqindədir ki, ABŞ-ın Yaxın Şərqlə bağlı siyasəti İranla ərəb ölkələrini qarşı-qarşıya gətirməyə hesablanıb. İsrail-Fələstin münaqişəsində ərəb ölkələrinin Təl-əvivin tərəfindən çıxış etməsi İranla körfəz dövlətlərinin arasındakı uçurumu daha da böyüdür. Bu isə ilk növbədə Çinin “Cənub dəhlizi” projesinin həyata keçirilməsinin qarşısını alır.

Eyni zamanda Avropanın da Hind və Sakit okeana geçiş yollarını bağlayır. Əslində bu yolların bağlanması Çini özünə ən böyük rəqib görən ABŞ-ın da işinə gəlir. Çin və Avropa ölkələri isə bundan ciddi zərər çəkirlər. Si Cinpinin anqlo-sakson hegemoniyasına qarşı çıxan Fransa, Macarıstan və Serbiya kimi ölkələrə səfərə çıxması bu mənada təsadüfi sayılmamalıdır. Görünür, Si Cinpin bu görüşlərdə Aİ ilə dil tapa və ABŞ-a təzyiq göstərə biləcəyinə inanır. Bir sözlə, Çin lideri həm Rusiyanın bu anlamsız savaşdan çəkilməsini, həm də Avropanın ABŞ himayəsindən uzaqlaşmasını arzulayır. Ukrayna müharibəsi davam etdikcə, bu iki arzunu reallaşdırmaq mümkün deyil”.

Heydər Oğuzun fikrincə, Çin lideri ilə Avropa həmkarlarının gündəmində elektriklə işləyən avtomobillərin alış-verişi də yer alacaq: “Çin elektirikli avtomobil istehsalında ciddi məsafələr qət etmiş ölkədir. Məlumata görə, o, 2023-cü ildə 14 milyon 650 min elektrikli avtomobil istehsal edib. Onun cəmi 1 milyon 203 minini ixrac edə bilir. Bu, qlobal satışların cəmi səkkiz faizinə bərabərdir və Çin öz ixracatını inkişaf etdirməkdə maraqlıdır. ABŞ isə Çinin yeni texnologiyaların istehsalında özünü inkişaf etdirib yeni sənaye inqilabında ön plana çıxacağından ehtiyatlanıb onun qarşısını almağa çalışır. Elektrikli avtomobil sahəsində Çinin axracatının daxili tələbatdan xeyli geri qalmasının da əsas səbəbi ABŞ-ın əngəllərindən irəli gəlir. Çin də bu problemi yerində çözmək üçün Avropaya səfər edib”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

06.05.2024 20:46
955