Çinin dövlət rəhbəri Si Cinpin aprelin 14-dən 18-dək Vyetnam, Malayziya və Kambocaya rəsmi səfər edəcək.
Musavat.com xəbər verir ki, məlumatı Çin Xarici İşlər Nazirliyi yayıb.
Nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, Si Cinpin Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam və respublika prezidenti Luonq Kuonqun dəvəti ilə aprelin 14-15-də Hanoyda səfərdə olacaq. ÇXR rəhbəri aprelin 15-18-də Malayziya Kralı İbrahim və Kamboca Kralı Norodom Sihamoninin dəvəti ilə Kuala-Lumpur və Pnompendə səfərdə olacaq.
Vyetnam, Malayziya və Kamboca Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) üzvləridir və 2024-cü ildə Çinin bu birlik ölkələri ilə ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 7,8 faiz artaraq 982,33 milyard dollar təşkil edib. Vyetnam Çinin icma ölkələri arasında əsas tərəfdaşıdır və ASEAN-ın Çinlə ticarət dövriyyəsinin təxminən 27 faizini (260,65 milyard dollar) təşkil edir.
Bundan əvvəl Çinin ticarət naziri Vanq Ventao ASEAN-ın dönəm sədri olan Malayziyanın investisiya, ticarət və sənaye naziri Tengku Zafrul Əziz ilə videokonfrans görüşü keçirib. Vanq Ventao qeyd edib ki, ABŞ-ın tarif siyasəti təkcə öz maraqlarına zərər vermir, həm də qlobal iqtisadi inkişafa təhlükə yaradır. O əlavə edib ki, Çin ticarət tərəfdaşları, o cümlədən ASEAN ilə kommunikasiyaları gücləndirmək və çoxtərəfli ticarət sistemini birgə dəstəkləməyə hazırdır.
Qeyd edək ki, Çin rəhbərinin xarici səfərləri çox az rast gəlinən hadisədir. Bu səfərin planlaşdırıldığına dair indiyədək hər hansı açıqlama verilməmişdi. Bu isə Si Cinpinin 3 ölkəyə məhz ABŞ-ın başladığı tarif müharibəsi ilə bağlı müzakirələr aparmaq üçün getdiyini deməyə əsas verir. Son iki həftədə Pekin ABŞ-ın ticarət təzyiqlərinə qarşı həm Avropa İttifaqı, həm də ASEAN ölkələri ilə fəaliyyətləri əlaqələndirmək üçün addımlar atdığı açıq hiss olunur.
Musavat.com