Şeyx Əbdüldən aktrisaya SƏRT CAVAB: "İctimai qınağı nəzərə almayanlar ədəbsizdirlər"

Aktrisa və prodüser Sevinc Əliyeva qonaq olduğu "Qapqara" verilişində qəribə açıqlama verib. O, cəmiyyətimizdə ictimai qınağın olduğunu bildirib və bunun önəmli olmadığını vurğulayıb.

Aktrisanın bu fikirləri birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı bizim.media-ya danışan rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib ki, ictimai qınağı nəzərə almayanlar məsuliyyətsiz və ədəbsiz adamlardır:

"Bu adamların ədəblə, tərbiyə ilə problemləri var. İctimaiyyət xalq deməkdir. Əgər xalqın fikri nəzərə alınmırsa, onda o aktrisa hansı cəmiyyəti, hansı xalqı təmsil edir?! Sevinc Əliyeva çox böyük səhv edir. Bu sözlərinə görə o, xalqdan üzr istəməlidir.

Konstitusiyamızda yazılıb ki, dövlətin mənbəyi xalqdır. Xalqın fikrini nəzərə almayan biri nə bu xalqa, nə də bu dövlətə hörmət etmir. Belə düşünənləri sənətdən qovmaq lazımdır".

Sosioloq Üzeyir Şəfiyev isə qeyd edib ki, hər bir ölkənin kino sənayesi onun haqqında təsəvvür yaratmalıdır:

"Azərbaycan kino, film, teatr tarixində kifayət qədər ölçü çərçivəsində sözügedən aktrisaların oynamaq istədiyi səhnələr var. Ancaq bu səhnələr aktrisalarımızı sanki qane etmir. Onlar Qərb kino sənayesinin qəhrəmanlarının rol aldığı səhnələrin aclığını yaşayır və bunu israrlı bir şəkildə dilə gətirirlər. Buyurub Qərb ölkələrinin səhnə qapılarını döysünlər, meyarlara cavab verərək qəbul olunarlarsa, bu "aclığı" doldura bilərlər. Bunu da bacarmırlarsa, onda ictimai rəyə hörmət etməyə borcludurlar".

09.06.2024 18:12
998