Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Muxtar Respublikanın keçmiş maliyyə naziri Rəfael Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Musavat.com xəbər verir ki, sabiq nazir 145 milyon manata yaxın yeyintidə suçlanır.
O, ittiham üzrə özünü qismən təqsirli bilir. Deyir ki, istər 2020-ci ilədək Naxçıvan MR-in Gömrük Komitəsində çalışdığı dövrdə, istərsə nazir vəzifəsini tutanda maaşından əlavə paketdə pul alıb. Rəfael Əliyevin sözlərinə görə, Naxçıvan MR Gömrük Komitəsində Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləyəndə hər ay maaşından əlavə, ayrıca zərfdə ona 1500 manat verilib. Nazir olduğu dövrdə isə aylıq rəsmi maaşı 2 min 300 manat, paketdə aldığı pulun məbləği 15 min manat olub. Rəfael Əliyev deyib ki, hər ay 15 min manatı Seymur Talıbov ona sürücüsü vasitəsilə göndərib. Rəfael Əliyev hakim qarşısında tək deyil. O, nazir təyin ediləndən sonra Gömrük Komitəsində onun vəzifəsini tutmuş Mansur Əsgərov ilə birlikdə çıxarılıb. Məhkəmədə prokurorun elan etdiyi ittiham aktında Gömrük Komitəsində 2016-2022-ci illərdə yeyinti və korrupsiyadan, eləcə də Rəfael Əliyevin maliyyə naziri olduğu dövrdəki mənimsəmələrdən söz açılır.
Rəfael Əliyevə 144 milyon manatlıq ittihamın 3 milyondan bir qədər çox hissəsi onun çalışdığı 2 ilə aiddir. İddia olunur ki, müxtəlif dövlət strukturlarında mənimsənilən vəsaitin 10 faizi Maliyyə Nazirliyinə çatıb. Bu səbəbdən nazirlik də dövlət orqanlarındakı on milyonlarla manat yeyintiyə göz yumub.
Məhkəmədəki ifadəsində Rəfael Əliyev Gömrük Komitəsindəki fəaliyyətindən danışıb, deyib ki, bu sistemdə 2009-cu ildən işə başlayıb.
Onun sözlərinə görə, gömrükdə həm böyük yük üçün, həm də sərnişinlərin gətirdikləri yüklərə görə pul alınıb. Sərnişin və yük şöbələri ayrı olduğundan hər istiqamət üzrə toplanmış vəsait də həmin şöbənin rəhbərinə çatdırılıb. Rəfael Əliyev bildirib ki, şöbə rəisləri də öz növbələrində pulu idarə rəisinə verib. Son nəticədə isə toplanan pullar Gömrük Komitəsi sədrinə ötürülüb.
“Mənə gətirilib verilən pullar arasında həm dollar olurdu, həm də manat. Manatları da dollara çevirib komitənin sədrinə verirdim”, - Rəfael Əliyev məhkəmədəki ifadəsində belə deyib.
Nazir vəzifəsinə təyin olunandan sonra baş verənlərə gəlincə, o deyir ki, ayrı-ayrı dövlət orqanlarında qiymətlərin şişirdilməsi, bu yolla büdcə vəsaitlərinin yeyilməsi hallarını üzə çıxarıb. Bu barədə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovu bilgiləndirib. Seymur Talıbov problemin çözüm yolunu o qurumların hər birindən mənimsənilən məbləğin 10 faizini almaqda görüb. Təqsirləndirilən Rəfael Əliyev deyir ki, bu göstərişə də əməl edilib.
Sabiq nazirə qarşı ittihamlardan biri də nazirlikdə dövlət qulluqçusu statusu olmayan əməkdaşlara da əlavə maaş yazılmasıdır. Bu yolla 100 min manata yaxın büdcə vəsaiti israf olunub. Bu ittihamla razılaşmayan Rəfael Əliyev deyir ki, həmin maaş məbləğləri o, nazir təyin olunmazdan öncə müəyyənləşib.
Digər təqsirləndirilən Mansur Əsgərov isə 138 milyon manatın mənimsənilməsində iştirakda suçlanır. O, 20 ildən çox Gömrük Komitəsində çalışıb.
Mansur Əsgərovun sözlərinə görə, 2020-ci ildə Rəfael Əliyev nazir postuna gedəndən sonra onun əvəzinə Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsinə təyin olunanda Gömrük Komitəsinin sədri onu qəbul edərək toplanan vəsaitin çatdırılma qaydasını söyləyib.
Əvvəlki vəzifələrində maaşdan əlavə, paketdə 500 manat pul aldığını deyən Mansur Əsgərov bildirib ki, komitədə yeni təyinatından sonra paketdəki məbləğ 3 min manata qalxıb: “Alınan pullardan mənə heç nə çatmırdı. Hamısı komitə sədrinə çatırdı. Mənə paketdə yalnız 3 min manat verilirdi. Gətirilən pullar həm dollarla, həm də manatla olurdu. Manatı Nurlana verirdik, dəyişib gətirirdi. O, “Badamlı”da işləyirdi...”
Sabiq məmurların məhkəməsi mayın 2-də davam edəcək.
Rəfael Əliyev və Mansur Əsgərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələri ilə suçlanırlar. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.
Hər iki şəxs Naxçıvandakı əməliyyatlar nəticəsində milyonlarla manat yeyinti ittihamı ilə həbs olunub. Onlarla bərabər Naxçıvan MR Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli, Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etmiş Hicran Rüstəmov tutulmuşdular. General-mayor Səhət Həbibbəyli Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur. Onların həbsdə olduqları dövrdə yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödədikləri bildirilir. Naxçıvan MR-də həbs olunan məmurlar arasında Penitensiar Xidmətin rəisi, general-mayor Tofiq Həsənov da vardı. Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il azadlıqdan məhrum edilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com