Masallının Mahmudavar kənd sakini, Tovuzda istədiyi qıza görə özünü yandıran 1993-cü il təvəllüdlü Ceyhun Cabbarovun hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Musavat.com bildirir ki, yaxınlarının "Teleqraf"a verdiyi məlumata görə, Ceyhunun atası Elşad Cabbarov oğlundan imtina edib.
Qeyd edilib ki, C.Cabbarov 3 yaşından uşaq evində böyüyüb. Onun bir bacısı var. Daha sonra anası övladlarını geri götürərək, Tovuza köçüb. Bir müddət birlikdə sözügedən rayonda yaşayıblar.
İddiaya görə, anasının ölümünə Ceyhun səbəb olub. Belə ki, o, valideynini dəfələrlə döyərək ondan pul tələb edib. Buna görə də, anası 3-4 il əvvəl xəstəlik taparaq dünyasını dəyişib.
Atası Elşad Cabbarov isə uzun illərdir Bakıya köçüb və ailə həyatı qurub, iki övladı var. Qeyd olunur ki, Ceyhun atasını da bir neçə dəfə öldürməyə cəhd göstərib. Buna səbəb kimi isə onların uşaq evinə atılması görstərilibmiş. Vurğulanır ki, Elşad Cabbarov onkoloji xəstədir və hazırda vəziyyəti ağırdır.
Ata oğlunun həyatına qəsd etməsini bilsə də, səhhəti ilə maraqlanmayıb. Elşad Cabbarova oğlunun özünə qəsd etdiyi barədə xəbəri isə intihara cəhd göstərən şəxsin əmisi Elman Cabbarov verib.
Məlumata görə, əmisi də qardaşı oğlundan imtina edib. Vurğulanır ki, buna səbəb Ceyhunun bir neçə il əvvəl əmisi ilə dalaşması olub. Yaxınları bildirirlər ki, Elman qardaşı uşaqlarını illər əvvəl - həbsxanadan çıxdıqdan sonra himayəsinə götürmək istəsə də, buna icazə verilməyib. Adıçəkilən şəxsə məlumat veriblər ki, uşaqları yalnız ata və anası yenidən himayəyə götürə bilər. Lakin daha sonra qeyd olunduğu kimi, anası övladlarına sahib çıxıb.
Ceyhunun ata nənəsinə isə hadisə ilə bağlı heç bir məlumat verilməyib. Sözügedən şəxsin səhhəti ilə yeganə maraqlanmaq istəyən Ceyhunun bacısı olub. Lakin bunun da qarşısını onun əmisi Elman Cabbarov alıb.
Bildirilib ki, Ceyhun uzun müddət bacısı və onun yoldaşından zəng edərək pul istəyirmiş. Həmçinin qeyd olunur ki, dayısı onu Rusiyaya işləməyə aparmağa çalışsa da, Ceyhun razı olmayıb.
Yaxınları həmçinin Ceyhunun qıza görə özünü yandırmağa cəhd göstərməsini əsas gətirərək, ondan imtina etdiklərini bildirirlər.