Seulda əndişə: Tramp Kim Çen Inla dil tapacaq və cənubu təhdid edəcək

Donald Trampın ABŞ prezidentliyinə qayıdışı Cənubi Koreya ictimaiyyətini çox narahat edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Trampın rəhbərliyi zamanı Koreya yarımadasındakı vəziyyət cənublular üçün ürəkaçan olmaya bilər.

Bildirilir ki, hər şey Trampın yenidən Şimali Koreya lideri Kim Çen Inla birbaşa əlaqə saxlamağa cəhd edib-etməməsindən və hərbi münaqişənin qarşısını almaq üçün tədbirlər haqqında razılığa gəlməsindən asılıdır. Ekspertlərin fikrincə, belə bir görüşün keçirilməsi istisna edilmir, lakin iki Koreya dövlətinin rəhbərliyi arasında qarşılıqlı şübhələri tez bir zamanda aradan qaldırmaq mümkün olmayacaq. İstənilən halda Seul təhlükəsizlik zəmanətlərinə görə böyük müttəfiqinə xəracını artırmalı olacaq.

“The New York Times” yazır ki, 2024-cü il seçki kampaniyası zamanı Tramp Cənubi Koreya ilə hərbi ittifaqı ölkəsi üçün son dərəcə əlverişsiz adlandırıb, deyib ki, bu müttəfiqlik Amerikanın Cənubi Koreyanı qorumaq üçün çəkdiyi xərcləri ödəmir. Vaşinqton Cnubi Koreyada 28500 zabit və əsgər yerləşdirib.

Tramp KXDR lideri ilə görüşlər barədə danışarkən bildirib ki, əlində çoxlu nüvə silahı və ya buna bənzər bir şeyə sahib olan biri ilə ünsiyyət qurmaq xoşdur.

Qəzet qeyd edir ki, Cənubi Koreya ABŞ qoşunlarının yarımadada saxlanması xərclərinini artırmayacağı təqdirdə Trampın qoşunları ölkədən çıxarmaqla yenidən təhdid edib-etməyəcəyi haqda sual doğub. Narahat olmaq üçün başqa bir səbəb Trampın Kim ilə “diplomatik görüşlər”ə yenidən başlaya biləcəyidir. Seuldakı Uzaq Şərq Araşdırmaları İnstitutunun ekspertləri ABŞ prezidenti ilə Kim Çen In arasında yeni görüşlərin tamamilə mümkün olduğunu bildiriblər.

Şimali Koreya hələ də Trampın seçkilərdəki qələbəsinə yüksək səslə cavab verməyib. Lakin Kim Çen In çox güman ki, yenidən ABŞ prezidenti ilə görüşmək istəyəcək. İndi onun əlində Trampla ilk ünsiyyətdə olduğundan daha çox kart var. 2019-cu ildən bəri Şimali Koreya nüvə silahı və raket arsenalını artırıb. Bu o deməkdir ki, Şimali Koreyanın ABŞ ilə danışıqlar aparması daha asan olacaq.

Musavat.com

12.11.2024 15:40
203