“Səudiyyə Ərəbistanı Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən Avropa bazarına çıxacaq”.
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Səudiyyə Ərəbistanı son illərdə xarici və təhlükəsizlik siyasətini balanslaşdırıb:
“Bu Ər-Riyadın manevr imkanlarını genişləndirib. Keçmiş illərdə Amerika Birləşmiş Ştatlarının müttəfiqi kimi çıxış edən Ər-Riyad yaxın və uzaq ölkələrlə faydalı əməkdaşlığa üstünlük verməyə başlayıb. Səudiyyə Ərəbistanı bir neçə il əvvəl Qətər dövlətinə qarşı ultimatum irəli sürmüş, Dohadan xarici və təhlükəsizlik siyasətini korrektəsini tələb etmişdi. Səudiyyə Ərəbistanı tərəfdaşları ilə birgə Qətərə qarşı blokada siyasəti yürütməyə başlamışdı. Ancaq Qətər təzyiq altında siyasətini dəyişdirmədi. Səudiyyə Ərəbistanı bu siyasətini korrektə edərək mehriban qonşuluq münasibətlərinə üstünlük verdi.
Səudiyyə Ərəbistanı eyni ilə İranla da münasibətləri normallaşdırmağa üstünlük verib. Bu iki dövlət arasındakı münasibətlər uzun illər gərgin olub. Səudiyyə Ərəbistanı ABŞ-ın İrana qarşı güc siyasətini dəstəkləyib. Ancaq bir müddət sonra Səudiyyə Ərəbistanı İran siyasətini də korrektə etməyə qərar verib. İki dövlət arasında diplomatik münasibətlər bərpa edilib. Ər-Riyad artıq ABŞ-ın və ya İsrailin İrana qarşı hərbi təzyiqini dəstəkləmir. Bu həftə ərzində Səudiyyə Ərəbistanı ilə İran müdafiə nazirlərinin Tehranda görüşünün baş tutması yaxınlaşmanın elementi kimi göstərmək olar. Səudiyyə Ərəbistanı Yaxın Şərqdə sülhün bərpası və bölgə dövlətləri arasında əməkdaşlığa üstünlük verir.
Səudiyyə Ərəbistanının Çin və Hindistanla da yaxşı münasibətləri var. Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysal bin Fərhan Al Səudun 12 noyabrda Hindistana başlayan iki günlük səfəri də bundan xəbər verir. O Dehlidə hindli həmkarı Subrahmanyam Jaishankarla birgə Hindistan-Səudiyyə Ərəbistanı Strateji Tərəfdaşlıq Şurasının Siyasi, Təhlükəsizlik, Sosial və Mədəniyyət Komitəsinin 2-ci iclasına həmsədrlik edib. Bu komitə Hindistanın baş naziri Narendra Modinin 2019-cu ilin oktyabrında Səudiyyə Ərəbistanına səfərindən sonra yaradılıb. Komitənin məqsədi iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişlənməsinə nail olmaqdır. Hindistan və Səudiyyə Ərəbistanı son illərdə qida, əczaçılıq, enerji, kiçik və orta sahibkarlıq, rəqəmsallaşdırma və elektron istehsal kimi sektorları əhatə edən bir çox ikitərəfli sazişlər imzalayıblar. Ər-Riyad və Dehli yeni texnologiyalar, enerji səmərəliliyi, təmiz hidrogen, tekstil, mədənçıxarma sahələrində əməkdaşlıq imkanlarını araşdırırlar.
Səudiyyə Ərəbistanının Cənubi Qafqaz və Mərkəzi Asiyaya da marağı artıb”.
Politoloq xatırladıb ki, Səudiyyə Ərəbistanının şirkətləri Azərbaycanda, Qazaxıstanda və Özbəkistanda alternativ enerji istehsalına yatırımlar ediblər:
“Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Qazaxıstan və Özbəkistan Prezidentləri ilə birgə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişi imzalayıb. Bakıdakı tədbirdə Səudiyyə Ərəbistanının enerji naziri də iştirak edib. İlham Əliyev çıxışında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin fəaliyyətini xüsusi qeyd edib. Bu şirkət hər 3 ölkədə alternativ enerji istehsalıyla məşğuldur. Azərbaycan, Qazaxıstan və Özbəkistan yaxın illərdə Avropaya alternativ enerjinin nəqlini həyata keçirməyi planlaşdırırlar. Bu, bölgə ölkələrinə həm yeni gəlir imkanları qazandıracaq, həm də Orta dəhlizlə birgə Xəzər və Qara dəniz hövzəsini birləşdirəcək əsas layihələrdən birinə çevriləcək”.
Xalidə Gəray
Musavat.com