Azərbaycan dünya əhalisinin yarısının təmsil olunduğu təşkilat üçün vacib ölkədir
Ötən həftənin dünya siyasəti və Azərbaycan üçün əhəmiyyətli hadisələrindən biri Qazaxıstanın Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı, zirvə toplantısına Azərbaycan Prezidenti İlham Əliyevin dəvət edilməsi oldu. Bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakı idi. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş zirvə toplantısında iştirak edib.
Astana Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan Respublikasının Baş naziri Şərif, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub. Azərbaycan liderinin Astana səfəri həm də bu baxımdan önəmli və əhəmiyyətli bir səfər kimi tarixə düşüb.
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün etibarlı tərəfdaşdır. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq istiqamətləri arasında Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizmlə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib.
Prezident İlham Əliyevin uzaqörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda nüfuzlu dövlətə çevrilən Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu alması bu qurum üçün də böyük önəm daşıyır. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün etibarlı tərəfdaşdır.
Siyasi analitiklər vurğulayır ki, Prezident İlham Əliyevin Astana sammitində iştirakı Azərbaycanın COP-29-la bağlı mesajlarının çatdırılması, səmərəli müzakirələrin aparılması baxımından da çox əhəmiyyətli oldu. Dövlət başçımızın Astanaya səfəri çərçivəsində Çin, Rusiya, Türkiyə, Pakistan və Qazaxıstan dövlət başçıları ilə ikitərəfli görüşlərində ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı.
Elçin Mirzəbəyli
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirib ki, bizim üçün strateji əhəmiyyət kəsb eləyən Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin ŞƏT-də üzvlüyü, yaxud təşkilatla sıx əlaqədə olmasıdır. Dünya inkişaf edir, rəqabət mühiti genişlənir, Azərbaycanın xarici siyasətinin, xarici iqtisadi siyasətinin təməl prinsipləri qarşılıqlı faydalılıq prinsipləri əsasında ölkənin imkanlarını genişləndirməkdən ibarətdir. ŞƏT də Azərbaycan üçün belə bir perspektivlər yaradır: “Azərbaycanın ŞƏT-in sammitində ikinci dəfə iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanın Prezident İlham Əliyevin şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Bu, eyni zamanda ölkəmizin şərqlə qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.
Təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin Astana Sammitində iştirakı Azərbaycanın COP29-la bağlı mesajlarının çatdırılması, səmərəli müzakirələrin aparılması baxımından da çox əhəmiyyətli oldu.
Azərbaycanın geosiyasi və geoiqtisadi proseslərin mühüm aktorları ilə strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin inkişafı, bu istiqamətdə son bir neçə il ərzində - qlobal müstəvidə hadisələrin ziddiyyətlər və qarşıdurmalarla müşayiət edildiyi zaman kəsiyində qazanılan nailiyyətlər Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının uğurla həyata keçirilməsinin sübutudur.
Azərbaycan öz maraqları və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərindən dünyaya açılır. Bu xüsusda ölkəmizin Avropanın, Cənubi və Şimali Amerikanın ayrı-ayrı dövlətləri ilə yanaşı, Avrasiyanın regional və qlobal iqtisadi-siyasi güc mərkəzləri ilə münasibətlərini irəliyə doğru aparması, Afrikadakı, eləcə də hazırda qlobal iqtisadi-siyasi proseslərin əhatəsindəki ölkələrlə qarşılıqlı dialoqu və əməkdaşlığı intensivləşdirməsi təkcə bizim deyil, bütövlükdə bölgəmiz üçün böyük perspektivlər vəd edir. Qərb dairələrinin Azərbaycana qarşı həddən ziyadə təcavüzkarlıqla müşayiət olunan bir siyasət yürütdüyünü nəzərə alsaq, əldə olunan nəticələrin nə qədər böyük bir potensial və diplomatik məharət hesabına başa gəldiyini müəyyənləşdirə bilərik".
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ümumi ərazisi iki qitənin - Avropa və Asiyanın 65 faizini, əhalisi isə dünya əhalisinin təqribən yarısını təşkil edir. ŞƏT hətta müşahidəçi və dialoq üzrə tərəfdaşlar nəzərə alınmasa, dünyanın ən zəngin təbii resurslarının yerləşdiyi coğrafiyanı əhatə edir. Dünya ÜDM-in 1/4 faizi ŞƏT-ə üzv ölkələrin payına düşür. Bu isə 23 trilyon ABŞ dolları deməkdir. Prezident İlham Əliyevin qısa zaman kəsiyində artıq ikinci dəfə ŞƏT-in Zirvə toplantısına dəvət alması Azərbaycana təkcə coğrafi mövqeyinə, regional və qlobal proseslərdə oynadığı rola görə deyil, həm də ilk növbədə, Prezident İlham Əliyevin nüfuzuna, yüksək liderlik keyfiyyətlərinə verilən dəyər kimi qəbul olunmalıdır.
Yazını hazırladı: Etibar SEYİDAĞA