Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərində Yenidən Rifah Partiyası (YRP) namizədinin qalib gəldiyi Bitlis vilayətinin Güroymak rayonunda hakim partiyanın etirazından sonra seçki komissiyası səslərin yenidən sayılmasına qərar verib.
Modern.az TRT-yə istinadən xəbər verir ki, buna səbəb YRP namizədinin cəmi 2 səs fərqi ilə qələbə çalması olub.
Belə ki, seçki nəticələrinə görə, AKP namizədi Eşref Mutlu 4 290, YRP namizədi Emrullah Yıldırım 4 292 toplamışdı. Üçüncü sıradakı DEM Partiya namizədi Mehmet Şirin Üncü isə 4 206 səs yığmışdı.
Etirazlardan sonra seçki komissiyası 14 107 seçicinin səs verdiyi 62 seçki məntəqəsində səslərin yenidən sayılmasına qərar verib.
Hesablama nəticəsində AKP namizədi Mutlunun səsi 13 vahid artaraq 4 313, YRP namizədi Yıldırımın səsi 5 vahid artaraq 4 min 297, DEM Partiya namizədi Üncünün səsi isə 15 vahid artaraq 4 221 olub.
Bu nəticələrə görə, AKP-nin Güroymak bələdiyyəsinin sədrliyinə namizədi Eşref Mutlu qalib olub.