“Şərurlu İsfəndiyar” özü ilə Tramp arasında fərqi izah etdi: “Kaş savadım olaydı”

“Şərur MTK”nın sahibi, tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundov ("Şərurlu İsfəndiyar") “Otaq 9” layihəsində verdiyi “Mən oturmuşam - çoban. Amma alimlər işləyir, pullar da gəlir” müsahibəsinə görə tənqid edilməsinə münasibət bildirib.

O özünə bəraət olaraq Trampın yanında milyarder İlon Maskın olmasını əsas gətirib:

“O da oturub, bütün alimlər işləyir. Dünyada qurub-yaradan, ixtira edən, yol göstərən elə alimlərdir. Alimlər olmasa, təkcə Azərbaycanda yox, dünyada durğunluq olar. Atom bombasına qədər hazırlayıblar.

İstənilən iş adamı nə qədər işləsə də, sonda ən savadlı kadrlarla iş birliyi quracaq. Mən idarəetməni bacarıram, onlar da ixtiranı, yenilikləri. Birləşsək, nələrsə əldə edə bilərik. Mən yaza-poza bilmirəm. Nə olsun, idarəetməni bilirəm, həddindən artıq ağlım, düşüncələrim var. Alimlərsiz tək başıma nailiyyətlərim görünməz. Dar ayaqda çağırırsan, savadlılar köməyə gəlir.

12 nəvəm var, hamısını Amerikada oxutmaq istəyirəm. İkisi artıq oxuyub gəlib, biri mənə kömək edir. İnsan ölənə qədər çalışmalıdır. 8 uşaq olmuşuq, məktəbə gedə bilməmişik. O demək deyil ki, ağlımız da yoxdur. Kaş ki, savadım olardı. Müsahibədə bütün həyatımı danışmışam, həmin hissəyə də qulaq assınlar.

Ayaqqabı görməmişəm, ayaqyalın gəzmişəm. Çox zülmlərlə bu yerə gəlib çatmışam. Bu günə qədər kənardan heç kim dəstək olmayıb. Ağıllı adam savadlı adamdan istifadə etməlidir. Alimə 5-10 min maaş vermək azdır. Ən güclü alimləri xaricə aparıb milyardlara işlədirlər. Onların başında duranlar kimdir? Stalin haranı bitirmişdi? Orta məktəbi də bitirməmişdi, amma idarə edirdi. Onun düşüncələrini alimlər həyata keçirirdi. Alimlər olmasa, iş adamları bir tərəfə çıxa bilməzlər. Ən çox da mənim kimi məktəbə getməyənlər”.

İ. Axundov əlavə edib: "Tramp institutut bitirib. Fərqimiz budur. Kaş oxuyardım, savadım olardı, onda bu gün Azərbaycanda yox, dünyada tanınmış bir adam olardım. Birinci sinfə getməyən adam çobanlıqdan bu zirvəyə qalxıbsa, deməli, bu, Allahın verdiyi istedaddır. Biz əslən ermənistanlıyıq. Qaçqın, evsiz-eşiksiz olmuşuq. Faciələr görmüşük. Buna baxmayaraq, bu yerə gəlib çıxmışam. Allahdan başqa heç kim mənə kömək etməyib”.

O, tikdirdiyi binaların keyfiyyətsiz olması iddiasına, bunun savadsızlığı ilə əlaqələndirilməsinə də cavab verib:

“Fövqəladə Hallar Nazirliyi yeni yarananda obyektlərimi yoxladılar. Təsəvvür edin, FHN ən yaxşı işçilərimin bir neçəsini Nazirlikdə tikintini idarə etmək üçün apardı. Mütəxəssislər gəlib tikitinti işlərimi yoxlasınlar. Zəlzələdə də demişdim ki, insanlar qorxmasınlar. İtalyadan ən birinci ölkəyə beton yoxlayan avadanlıqları da mən gətirmişəm. Çünki bir binanın uçması həyatımı məhv edər. Kosmetik baxımdan kiçik nəsə keyfiyyətli olmaya bilər. Ən güclü mütəxəssisləri gətirin, hazıram. Türkiyədə də işləyirəm. Mənim binalarımdan keyfiyyətli bir bina tapılsa, onda həmin gün həyatımı məhv edərəm, onda mənim yaşamağa haqqım olmaz”./pravda.az

01.04.2025 19:03
1272