“Əgər insan mükəmməl iş mexanizmi qura bilibsə, stabil pul qazanırsa, savadlı adamlara dəyər verib ətrafına yığırsa, deməli, o, düzgün düşünə bilir, ağıllıdır. Yəni oxumadan bu ağıla sahib olub”.
Musavat.com xəbər verir ki, bu fikirləri dosent İlham Əhmədov iş adamı İsfəndiyar Şərurlunun son günlər müzakirələrə səbəb olan açıqlaması ilə bağlı şərh verərkən deyib. O əlavə edib ki, həyatda təhsilsiz olub, ağlı və təcrübəsi hesabına ayağa qalxan insanlar çox olub: “Misal üçün, keçən əsrin əvvəlində Bakının neft milyonerləri kimi. Məncə, belə adam nazir olsaydı, təhsili olmasa da, ingilis dilini bilməsə də, indiki bir çox nazirlərdən daha yaxşı işləyərdi. Çünki zəngin həyat təcrübəsi var, savadsızlığını anlayır və bu boşluğu doldurmaq üçün savadlı insanları ətrafına yığır, onların savadından və ağlından istifadə edir, təki işi yaxşı getsin.
Bu tikinti maqnatı əgər nazir olardısa, onda həmin qurumda 1 savadsız, 500 savadlı və təcrübəli insan olardı, işlər də o sahədə çox yaxşı gedərdi. Təhsilsiz olduğu üçün özünə “çoban” desə də, bu adam çoban deyil. Alimlərin qədrini bilib, ətrafına alimləri yığırsa (zər qədrini zərgər bilər), deməli o, ağıllıdır, nə olsun ki, oxumayıb, ağlı, zəkası var. Amma elələri də var ki, ətrafına özü kimi "savadlıları" yığıb, nə bilgisi, nə təcrübəsi var. Hər iki halda taylı tayını tapır”.
Afaq,
Musavat.com