“Şərurlu İsfəndiyar”la bağlı ədliyyə nazirinə ŞOK müraciət

“Sonuncu dəfə “Şərurlu İsfəndiyar”ın yanında olanda uşaqlarından danışdı. Mən də dedim ki, oğlumu evləndirmək üçün evimi satıb, pulunu gətirib sənə verdim. İndi sənin uşaqların kef çəkir, oğlum isə sən mənim son ümid yerim olan evimin satışından əldə etdiyim pulumu alıb mənzili vermədiyinə görə kirayədə qalır”.

Bu sözləri Musavat.com-a Ağahüseyn Şamil oğlu Səmədzadə deyib.

Onun sözlərinə görə, 2008-ci ildə evini satıb, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun “Olimpiks” tikinti şirkətinə müraciət edərək mənzilin alqı-satqısı müqaviləsi bağlayıb:

“O zaman müqavilə bağladıq, mənzilin dəyəri 31 min manat idi. 31 min manatı 2008-ci ildə İsfəndiyar Axundovun ofisində Rauf adlı işçisinə ödədim. Mənə mənzilə aid sənədləri, pulu tam ödəməyim haqda qəbz verdilər. O zaman binanın 3-4 mərtəbəsi tikilmişdi. Mən 14-cü mərtəbədən mənzil aldım. Müqaviləni bağlayandan sonra 1 il keçdi, binanın tikintisi dayandırılmışdı. Mən də ofisə gedib-gəlirdim, maraqlanırdım, deyirdilər ki, tikiləcək.

Məsələnin uzandığını gördüm, mühasibatlığa yaxınlaşdım ki, pulumu qaytarın, mənzili istəmirəm. Dedilər ki, yox, narahat olma, ev tikiləcək. O qədər gedib-gəldim, əsəbiləşdim ki, 2010-cu ildə əsəbdən ürəyimdə problem yarandı, əməliyyat olundum. Sonra da “Olimpiks”in Yasamaldakı ofisini bağladılar. Mən də axtarıb İsfəndiyar Axundovu tapdım. Dedi ki, mən sənə o köməyi edirəm ki, 31 min manatdan 15 min manatı bağışlayaram, amma 41 min manat da ödə, sənə 56 min manata ev verim.

Deməli, İsfəndiyar Axundov məndən 31 min manat alıb, deyir ki, guya mənə 15 min manat bağışlayır və 56 minlik evi 41 min manata satır. Halbuki, 31 min manatım ondadır, 41 min manat da versəydim, mənzil mənə 72 min manata başa gəlirdi. 2010-cu ildə Yasamalda o qiymətə daha böyük və təmirli mənzil almaq olardı. Və ya elə 40 minə mənzil ala bilərdim. İsfəndiyar Axundov dedi ki, istəmirsən, belədir, budur, çıx get”.

Ağahüseyn Səmədzadə deyib ki, İsfəndiyar Axundovla bu söhbətdən sonra vəkil tutub, Yasamal Rayon Məhkəməsinə iddia verib:

“Məhkəmə xeyrimə qərar çıxardı, mənzilin mənə verilməsi öhdəliyini İsfəndiyar Axundovun üzərinə qoydu. Lakin bu günə qədər məhkəmə qərarı icra olunmayıb. Məhkəmə qərarından sonra mənimlə görüşdü, Müsavat TV-də danışdıqlarını mənə də danışdı, çobanlıqdan tikintiyə gəlməsindən tutmuş çox söhbət etdi.

Mənə 10 min manat təklif etdi. Dedi ki, 10 min verim, çıx get. Əlacsızlıqdan razılaşdım. Pulu 1 həftəyə verəcəyini desə də, bu günə qədər verməyib. Bu söhbət 2016-cı ildə olmuşdu.

Yasamal rayon icra şöbəsinin məmurları da İsfəndiyar Axundovun qarşısında acizdirlər. Məhkəmə 2016-cı ildə qərar çıxarıb, üstündən 9 il keçib, icraçılar heç nə edə bilmirlər. İsfəndiyar Axundov özünü qanundan üstün bilir”.

A.Səmədzadə bildirib ki, zamanında öz evini satmaqla oğlunu evləndirərkən təzə mənzilə köçürmək arzusunda olub:

“İsfəndiyar Axundovun süründürməçiliyinə, haramçılığına görə illərlə oğlumu evləndirə bilmədim. Ümidliydim ki, mənzilimi verəcək, oğlumu evləndirəcəyəm, ləyaqətli şərtlərdə yaşayacaq. Baxdım ki, illər gedir, oğlum yaşlanır. Məcbur olub evləndirdim, illərdir ki, ailəsi ilə birgə kirayədə yaşayır. Mənzilimin sənədləri, məhkəmənin qərarı əlimdə, İsfəndiyar Axundova da çıxıb halallıqdan, düzlükdən danışır”.

Ağahüseyn Səmədzadə ədliyyə naziri Fərid Əhmədova müraciət edərək 2016-cı ildə Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılan, bu günə qədər icra olunmayan məhkəmə qərarının nəhayət ki, icra olunmasını xahiş edib:

“Hörmətli nazirə müraciət edirəm, Azərbaycan dövlətinə inandığımı, dövlətimizin adından çıxarılan, lakin icra olunmayan məhkəmə qərarının icrasının təmin edilməsini xahiş edirəm”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

09.04.2025 15:41
1331