Azərbaycanda əkin sahələrinin quraqlıq riskindən sığortasına başlanıla bilər
Bu qış Azərbaycanda hava şərtləri son illərdən fərqli olaraq sərtdir. Daha doğrusu, yağıntılar əvvəlki səviyyəyə yaxındır, Bakı da daxil olmaqla, ölkənin bir çox ərazilərində qar düşməsi halı qeydə alınıb. Bir sıra bölgələrdə hələ ötən ilin oktyabr-noyabrından yağıntıların bolluğu müşahidə olunur. Bu isə qlobal iqlim dəyişikliyinin mənfi təsirlərinə ən çox məruz qalan ölkələrdən biri olan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir: qışda qarın bolluğu yayda su çatışmazlığının daha az hiss olunması, tarlalardan bol məhsulun əldə edilməsinə zəmin yaranması deməkdir. Azərbaycan kimi ərzaq təminatında idxaldan asılı olan ölkədə kənd təsərrüfatı məhsulunun artması ölkədə daha çox ərzaq məhsulunun əldə edilməsi anlamına gəlir.
Rəsmi statistikaya əsasən, 2023-cü ildə Azərbaycan ərzaq məhsullarının idxalını 2022-ci illə müqayisədə dəyər baxımından 8,6 faiz azaldıb. İl ərzində ölkəyə 2 milyard 160 milyon 158,36 min dollarlıq ərzaq məhsulları idxal olunub. Bunun 303 milyon 983,15 min dolları buğda alınmasına (1 milyon 175 min 341,03 ton (azalma 9,1 faiz)), 229 milyon 914,14 min dolları meyvə-tərəvəz məhsullarının (352 min 882,32 ton -azalma 6,7 faiz), 183 milyon 676,38 min dolları bitki və heyvan mənşəli yağların(147 min 287,12 ton - azalma 14,3 faiz), 92 milyon 416,38 min dolları kərə yağının (16 min 596,52 ton - azalma 10,6 faiz), 86 milyon 738,82 min dolları ətin (41 min 707,69 ton - azalma 6,4 faiz), 70 milyon 556,99 min dolları 13 min 375,95 ton çayın (azalma 7,2 faiz), 50 milyon 85,61 min dolları 54 min 591,65 ton düyünün (artım 8,7 faiz), 20 milyon 825,12 min dolları 73 min 62,02 ton qarğıdalının (azalma 3,7 faiz) alınmasına sərf olunub. Hesabat dövründə Azərbaycanın ümumi idxalının 12,51 faizi ərzaq məhsullarının payına düşüb.
Dövlət Statistika Komitəsi bəyan edir ki, 2023-cü ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu istehsalının faktiki qiymətlərlə dəyəri 12 milyard 210,6 milyon manat təşkil edib ki, onun da 6 milyard 276,7 milyon manatı heyvandarlıq, 5 milyard 933,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. 2022-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 3,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə 2,7 faiz artıb.
Ötən il qarğıdalı da daxil olmaqla, 948,3 min hektar sahədən, hər hektardan orta hesabla 33,0 sentner olmaqla, ilkin çəkidə 3248,6 min ton dənli və dənli paxlalı bitkilər toplanıb. Məhsul istehsalı illik ifadədə 2,8 faiz artıb. Əldə olunan məhsulun 1833,8 min tonunu və yaxud 56,4 faizini buğda təşkil edib. Buğdanın məhsuldarlığı 33,8 sentner olub. Əksər bitkiçilik məhsulları üzrə ötən il istehsalın azalması qeydə alınıb. Belə ki, 1 milyon 10,5 min ton və ya 2022-ci ilə nisbətən 5,9 faiz az kartof, 1 milyon 825,6 min ton (0,1 faiz çox) tərəvəz, 438,2 min ton (6,6 faiz az) bostan məhsulları, 1 milyon 261,3 min ton (0,7 faiz çox) meyvə və giləmeyvə, 224,5 min ton (5,6 faiz çox) üzüm, 1,1 min ton (12,3 faiz çox) yaşıl çay yarpağı, 29,3 min ton (0,2 faiz az) günəbaxan, 219,8 min ton (1,3 faiz az) şəkər çuğunduru, 6,3 min ton (24,9 faiz çox) tütün və 276,1 min ton (14,4 faiz az) pambıq yığılıb.
Heyvandarlıq məhsullarına gəlincə, rəsmi statistika deyir ki, 2023-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 647,7 min ton ət, 2284,0 min ton süd, 2188,2 milyon ədəd yumurta istehsal olunub. 2022-ci illə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 0,9 faiz, yumurta istehsalı 8,4 faiz artıb.
Artıq ölkədə 2024-cü ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il yanvar ayının 1-i vəziyyətinə 1 milyon 25,4 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpin aparılmış sahənin 99,0 faizini və yaxud 1 milyon 15,6 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 598,3 min hektarı buğda, 417,1 min hektarı arpa, 0,2 min hektarı isə çovdar əkinlərinin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,6 faiz, o cümlədən buğdanın səpin sahəsi 9,9 faiz azalıb, arpanın səpin sahəsi 4,3 faiz artıb.
Dünya Bankı ekspertlərinə görə, kənd təsərrüfatı Azərbaycanın qeyri-neft iqtisadiyyatı üçün mühüm sahələrdən biridir. Sektor ÜDM-in 8 faizdən az hissəsini əhatə etsə də, ümumi məşğulluğun 36 faizi bu sektorun payına düşür. Sektor təkcə ekstremal hava şəraitinə deyil, həm də ölkədə mövcud su çatışmazlığına çox həssasdır. Sektorun temperaturların artması və su əlçatanlığının azalmasına qarşı müdafiəsi iqlim dəyişikliyinə davamlılığı artırmaq və emissiyaları azaltmaqla məhsuldarlığı yaxşılaşdırmaq üçün suvarma səmərəliliyinin artırılmasını və iqlimə uyğun rasional kənd təsərrüfatı təcrübələrinin tətbiqini zəruri edir.
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı hesabatına əsasən, 2040-cı ilədək Azərbaycan ən çox su problemi olan 33 həssas ölkə arasında 18-ci yerdə qərarlaşacaq. 2025-ci ilədək isə Azərbaycanın adambaşına ən aşağı təminatlı su ehtiyatlarına malik 13 ölkə arasında qərarlaşacağı proqnozlaşdırılır.
Dünya Bankı Qrupunun “Azərbaycana dair İqlim və İnkişaf Hesabatı”na (CCDR) əsasən Azərbaycanda təsərrüfatların 80 faizi quraq və ya yarımquraq ərazilərdədir, suvarılan bitkilər ümumi kənd təsərrüfatı məhsullarının 80 faizinədək hissəsini təmin edir. Və ölkəmizdə kənd təsərrüfatı artıq ciddi su təhlükəsizliyi problemi yaşayır. Bildirilir ki, əlavə buxarlanma səviyyəsi və suya olan tələbatla əlaqədar, ölkədə istiləşmə dərəcəsi orta hesabla 0,7°C olsa da, yay-yaz vaxtlarında və quraq illərdə vəziyyət daha da kəskinləşir: “Gələcək yağıntı meyllərinin qeyri-müəyyənliyi su sektoruna investisiyalar və bu sektorla bağlı siyasət üçün problemlər yaradır”.
Dünya Bankı ekspertlərinin hesablamalarına görə, proqnozlaşdırılan iqlim dəyişiklikləri əlavə təzyiq amilləri yaradacaq ki, bu da Azərbaycanda yağış suyu ilə qidalanan bitkilərin məhsuldarlığının 2051-2060-cı illərədək tədricən lakin 1995-2014-cü illərin baza səviyyəsindən isə kəskin şəkildə - 30 faizədək azalmasına gətirib çıxaracaq. Kartof, şəkər çuğunduru və meyvələr daha çox təsirə məruz qalacaq. Bundan başqa, hesabatda qeyd olunub ki, Azərbaycanın mərkəzi rayonlarındakı əkin sahələrinin çoxu su qıtlığı ilə üzləşəcək. Bərdə, Ağcabədi, Saatlı, Kurdəmir, Biləsuvar, Netfçala, İmişli, Yevlax, Sabirabad və Salyan və dağlıq ərazilərdəki yağışla qidalanan və suvarma sxemləri ilə təchiz edilməyən Qarabağ, Şəki-Zaqatala və Dağlıq Şirvanda bitkilər daha ciddi təsirlərlə üzləşəcək. Ölkənin cənub əraziləri olan Cəlilabad və Masallı da risk altındadır.
Dünya Bankının hesabatına görə, Azərbaycan hər il 2-3 milyard kubmetr su itkisinə yol verir. Bu rəqəm su çatışmazlığı yaşayan, illik su ehtiyatlarının 70 faizi ölkə xaricində formalaşan bir ölkə üçün kifayət qədər böyükdür. Belə itkilər olduğu müddətdə dövlətin kənd təsərrüfatı istehsalçılarına yönəlik böyük həcmli subsidiyaların real və effektiv nəticə verəcəyini gözləməyə dəyməz. Təkcə 2023-cü ildə 200 min hektar əkin sahəsi quraqlığın mənfi təsirinə məruz qalıb. Bu, rəsmi statistikanın qeydə aldığı sahələrdir. Quraqlığın mənfi təsirlərinə məruz qalan həyətyanı sahələr bura daxil edilməyib.
Fuad Sadiqov
Yeri gəlmişkən, Azərbaycanda əkin sahələrinin quraqlıq riskindən sığortasına başlanıla bilər. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadiqovun dediyinə görə, Azərbaycan quraqlığa məruz qalma riski olan ilk on ölkələrin siyahısındadır: “Ona görə də bu layihənin üzərində çalışırıq. Müəyyən etmək istəyirik ki, quraqlıqla bağlı istehlakçılara hansı təminatlar verə bilərik, bunu necə qarşılaya bilərik. Təkcə bu il Azərbaycanda 200 min hektar ərazi quraqlığa məruz qalıb ki, bu da kifayət qədər böyük ərazi və böyük sayda əhalini əhatə edir”.
Quraqlıq riski ilə bağlı tarifin hesablanmasına gəlincə, Fuad Sadıqov bildirib ki, zərərlilik riski yüksək olduğu üçün tariflər də artım ola bilər: “Türkiyə təcrübəsinə əsasən hər 100 manat yığım qarşısında ödənişlər 900 manat təşkil edir. Yəni zərərlilik dəfələrlə yüksəkdir. Bu da təbii ki, tariflərə təsir edə bilər. Davamlı quraqlığa məruz qalan ərazilər üzrə tariflərin iki qat atması mümkündür. Amma burada dövlət dəstəyi də müzakirə mövzusudur”.
Dünya SAKİT,
“Yeni Müsavat”