İlk yayınlama saatı: 02.20
Son illərdə Özbəkistana baş tutan üçüncü səfərim də maraqlı oldu: müşahidələr, görüşlər, söhbətlər, ürək açan mənzərələr... Bu ölkənin ildən-ilə irəli getməsi, parlaması gözlə görünən gerçəkdir.
Avqustun 23-də Daşkənd küçələrində bayram havası vardı – şəhərin küçə və prospektləri bəzədilmişdi. Hər yerdə qoşa asılan Azərbaycan və Özbəkistan bayraqlarını, hər iki ölkənin prezidentlərinin nəhəng posterlərini görmək olardı.
Bu, Azərbaycan Prezidenti İlham Əliyevin həmin gün baş tutan səfəri ilə bağlıydı və Özbəkistan tərəfinin bu səfərə, ümumilikdə Azərbaycana və onun rəhbərinə hörmət və iltifatının göstəricisi idi. Ümumiyyətlə, bu ölkədə Azərbaycana qarşı böyük hörmət və rəğbət gördüm.
Özbəkistanın 1-ci prezidenti İslam Kərimovun ölümündən sonra hakimiyyətə gələn Şavkat Mirziyoyev bəzi məsələlərdə sələfinin idarəçilik mirasına sadiq qalsa da, xarici dövlətlərlə, xüsusilə də qonşularla və eyni milli köklərə malik ölkələrlə bağlı siyasətə ciddi korrektələr edib. Mirziyoyev ətraf dünya ilə “sıfır problem” siyasəti yeridir, Özbəkistana marağı olan, bu ölkəylə əməkdaşlığa çalışan bütün dövlətlərə yaşıl işıq yandırır.
Dövlət başçısının bu siyasətində Azərbaycan önəmli yer tutur. Bunu Mirziyoyevlə Əliyevin imzaladığı çoxsaylı sazişlər və protokollar da təsdiq edir. Qəzetlər bu səfərə aid xəbərləri manşetdən vermişdilər.
Xeyli müddət öz regionunun – Orta Asiyanın digər ölkələrinə qapalı olan Özbəkistan artıq dünyaya açılıb. Elə dəvət olunduğumuz tədbir - Özbəkistanın Mədəni İrsinin Öyrənilməsi, Qorunması və Populyarlaşdırılması üzrə Dünya Cəmiyyətinin (WOSCU) təşkil etdiyi “Böyük əcdadların irsi - Üçüncü İntibahın təməli” adlanan VIII beynəlxalq konqresə 300-dən çox əcnəbinin qatılması da ölkənin dünyaya açılması siyasətinin çərçivəsində baş tutmuşdu.
Adından da görünür ki, bu, artıq 8-ci bu cür tədbirdir və 8 ildir ki, ard-arda keçirilir. Bu dəfə də əksəriyyəti alimlərdən ibarət olan qonaqlar dünyanın 35 ölkəsindən gəlmişdilər.
Konqresdə təşkilatçılıq işi yüksək səviyyədə idi. Hiss olunurdu ki, özbək qardaşlar uzaq yerlərdən gələn qonaqları yaxşı qarşılamaq, onlara rahat yaşayış və iş şəraiti yaratmaq və layiqincə yola salmaq işində tam püxtələşiblər. Ortada ölkənin adı varsa, onlar nə simiclik, nə də tənbəllik etmirlər, hər şeyi yüksək səviyyədə həyata keçirirlər.
Açığı, ərazisində mövcud olmuş 6 dövlətin varisi olan Özbəkistanın “böyük əcdadların irsi”ndən və “üçüncü intibah”dan danışmaq üçün ciddi əsasları var. Ölkənin, xalqın keçmişində böyük əcdadlar çox olub. Buraya Avrasiyada böyük imperiya qurmuş Əmir Teymurdan tutmuş, onun xələfi olan alim-hökmdar Mirzə Uluqbəyə qədər siyasi varisləri, Əlişir Nəvai kimi şairləri, əl-Buxari kimi filosofları, İbn Sina kimi kimi həkim-mütəfəkkirləri daxildir. Onlara böyük hörmət izhar edilir, heykəlləri qoyulur, mavzoleyləri tikilir, muzeyləri açılır. Əl-Buxari muzeyi belə bir tikilidir, regionda analoqu yoxdur. Onu yalnız 700 il öncə Əmir Teymurun Türküstanda şair-filosof Əhməd Yasəviyə tikdirdiyi möhtəşəm mavzoleylə müqayisə etmək olar.
Bir müddətdən sonra Özbəkistanın Səmərqənd şəhərində daha bir möhtəşəm beynəlxalq tədbir olacaq. Dünyada təhsil, mədəniyyət, yaşam tərzi məsələlərinin müzakirə ediləcəyi tədbirdə dünyanın 195 ölkəsindən 5 mindən çox qonaq iştirak edəcək.
İndi özbəklər bu bazaya əsaslanaraq yeni bir intibah, inkişaf mərhələsinə adlamaq istəyirlər və belə anlaşılır ki, düzgün istiqamətdədirlər. Qonşu dövlətlərlə çəkişmə-dartışma yaşamadan, əksinə, ciddi bir inteqrasiya prosesinə start verən Özbəkistan yeni texnolgiyaların tətbiqi sahəsində də önə çıxmaqdadır. Bu ölkə təkcə Türk Dövlətləri Birliyinin işində fəallığı ilə seçilmir, eyni zamanda Çinlə də ciddi iqtisadi əməkdaşlıq əlaqələri saxlayır, inkişaf etdirir. Çünki Daşkənddə anlayırlar ki, nəinki Asiyanın, eləcə də bütün dünyanın nəhəng iqtisadiyyatına malik olan, bütün sahələrdə inkişaf möcüzəsi nümayiş etdirən qonşu Çinlə əməkdaşlıq ölkəyə fayda gətirə bilər. Bu gedişlə Özbəkistan öz regionunun lider dövlətin çevrilmək yolundadır.
Mirziyoyev administrasiyası Rusiya ilə də münasibətləri korlamamaq xətti yeridir. Ölkəni idarə edənlər düşünürlər ki, Kremlin həssas olduğu məsələlərdə bəzi başqa ölkələr kimi, “qırdı-qaçdılıq” edərək, Rusiyanın cırnamasına səbəb verəcək addımlar atmaq faydalı olmaz. Bu, ən çox rus dilində təhsil verən məktəblərin mövcudluğunun Özbəkistan ərazisində təmin edilməsinə aiddir. Moskva bu məsələni özünə hörmətin məhək daşı sayır. Onsuz da özbək gənclərin, demək olar ki, yarıdan çoxu intensiv çəkildə ingilis dilini öyrənir və təhsillərini Avropada, Amerikada davam etdirmək istəyirlər. Artıq Anadolu türkcəsini bilənlər və öyrənənlər də az deyil. Bu barədə daha sonra.
Özbəkistanın ABŞ ilə də münasibətləri normal məcradadır. ABŞ-nin bu ölkədəki səfiri azərbaycanlı siyasət və media adamlarına da yaxşı tanış olan Conatan Henikdir. Cənab Henik Azərbaydanda səfirliyin ikinci katibi olduğu dönəmlərdə təkcə ana dilimizdə danışması ilə tanınmırdı, o həm də bir çox məsələlərdə ədalətli mövqe tutması, ictimai-siyasi tədbirlərdə fəallıq göstərməsi ilə məşhur idi. İndi Conatan Henik öz ölkəsi ilə Özbəkistan arasında yaxşı münasibətlər qurub. Özbək dili də türk dili qrupuna aid olduğu üçün Henik özbəkcəni də bilməmiş olmaz.
Tarix boyunca daşlı-kəsəkli, tikanlı yollardan, dönəmlərdən keçmiş Səmərqəndin bu günü göz oxşayır - ilk növbədə hamar yolları. Son illər ölkənin üçüncü ((Daşkənd və Namanqandan sönra) ən böyük şəhəri olan Səmərqənddə, xüsusilə də onun ətrafında böyük tikinti-quruculuq işləri aparılıb. 600 min nəfərə yaxın əhalisi olan bu qədim şəhərin ətrafında beş ulduzlu otellər, iaşə müəssislərindən, kotteclərdən ibarət şəhərcik inşa edilib. Bu şəhərcikdə süni kanal da yaradılıb. Su idmanı işə peşəkar səviyyədə malik olanlar üçün əlverişli şərait yaradılıb. Bu gün Səmərqənd minlərlə qonağı eyni zamanda qəbul etməyə hazırdır.
Daşkənddə olduğu kimi, Səmərqəndin də avtomobil parkı yenidir. Küçələrdə köhnə avtomobillər gözə az dəyir, hara baxırsan, Çində, Yaponiyada və Cənubi Koreyada istehsal olunmuş modern avtomobillər görürsən. Elektriklə işləyən avtomobillər də çoxdur. Özbəkistanın özünün də avtomobil sənayesi var və inkişaf mərhələsindədir.
Bir sözlə, ölkə inkişaf yolundadır. İndi onun əsas problemi ölkədə məşğullun fazini artırmaq, yeni-yeni iş yerləri açmaqdır ki, 33 milyon əhalisi olan ölkənin vətəndaşları iş üçün uzaq və yaxın ölkələrə gedərək hüquqsuz əmək mühacirlərinə çevrilməsinlər.
Sürətli qatarla 2 saat 20 dəqiqəyə Səmərqənddən Daşkəndə gəldikdə bizi dəmiryol vağzalında tədbir təşkilatçılarının nümayəndəsi olan 20 yaşlı bir gənc qarşıladı. O, hamını ingilscə salamladı, sonra hiss etdi ki, qrupda heç də hamı ingilis deyil, türkcə də danışdı. Gənc azərbaycanlılara çox bənzəyirdi. Adını soruşdum, "Abbasxan" dedi. Soyadını da soruşdum. Məlum oldu ki, soyadı Bakıxanovdur. Öz-özümə düşündüm ki, bu adı buna hər kim qoyubsa, yüz faiz bizim Abbasqulu ağa Bakıxanovu tanıyıb, amma istəyib ki, uşağın adında “qulu” sözü olmasın, “xan” kəlməsi olsun.
İnformasiya texnologiyaları üzrə təhsil alan Abbasxan ingiliscə çox gözəl danışırdı. O, mənimlə söhbətində hamının onu azərbaycanlıya oxşatdığını dedi, amma özünün soyadının mənşəyi barədə informasiyaya malik deyildi. İkimiz də öz ana dilimizdə danışırdıq, ancaq Abbasxanla yaxşı anlaşırdıq. Birdən o dedi ki, Türkiyə və Azərbaycanda danışılan dillər bir-birilə, demək olar ki, eynidir. Mən də dedim ki, bax, bu sarıdan şanslısınız, Anadolu türkcəsini öyrənəndə avtomatik olaraq Azərbaycan türkcəsini də öyrənmiş olursunuz, ya da əksinə. Yəni bir dəfəyə iki ölkəyə qapınız açılır.
Beləliklə, Özbəkistandan üçüncü dəfə də xoş təəssüratlarla ayrıldım. Dördüncü dəfə bu qardaş ölkəyə getmək qismət olacaqmı, bilmirəm. Amma tədbirdə tanış olduğum çoxları deyirdi ki, Özbəkistan cazibədar ölkədir, orada nə qədər qonaq olursan, ol, yenə də getmək istəyirsən.
Xalid Kazımlı, Səmərqənd-Daşkənd-Bakı