Serialların, filmlərin insanlara mənfi və ya müsbət təsirləri barədə uzun illərdir danışılır. Bir qism hesab edir ki, şəxsiyyətin formalaşmasına bunlar ciddi təsir edir. Bir qism isə deyir ki, normal təfəkkürlü insana serialların pozucu təsir göstərməsi mümkün deyil.
Bugünlərdə psixoloq Samirə Bağırova Türkiyə seriallarının illərdir dəyişməyən süjetinin olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, şiddət, zorakılıq, yeni doğulmuş uşaqdan imtina kimi ssenarili filmlər artır və mütləq şəkildə fəsadlar zamanla özünü göstərir:
“Mən bunu hələ illər öncə müşahidə etmişəm. Türk seriallarını izləyən kütlənin düşüncə səviyyəsi, adi film izləyənlərin düşüncə səviyyəsindən qat-qat aşağıdır, cahildir. Türk seriallarını təhlil etsək görəcəyik ki, illərlə dəyişməyən süjet var. Kasıb qız varlı ailənin oğluna ərə gedir. Həbsxana, xəstəxana, uşaq oğurluğu və sair kimi ssenarilər illərlə dəyişmir. Serialdakı rol adlarını yeni doğulan uşaqlara qoyurlar, hərçənd ki, uşağın özünəməxsus məna daşıdığı adı olmalıdır. Böyüdükcə adının serialdan götürüldüyünü öyrənir, həmin obrazı izləyərək onun kimi olmağa çalışır və əsl kimliyi basdırılmış olur. Əlavə olaraq doğma ana dilimiz unudulur. Çox sıx-sıx gənc qız və oğlanların türkcə danışmasına rast gəlirəm. Türk kəlmələri Azərbaycan dili kimi qəbullanır. Çoxu öz dilimizdəki tərcüməni bilmir. Şiddət, zorakılıq, yeni doğulmuş uşaqdan imtina kimi ssenarili filmlər artır və mütləq şəkildə fəsadlar zamanla özünü göstərir”.
Psixoloq vurğulayıb ki, məhz türk serialları izləyənlərin beyni donuq olur. Onun qənaətincə, belə adamlara sual verirsən, sanki qısaqapanma yaşanır.
Bəs niyə məhz türk serialları? Başqa ölkələrin seriallarında bu təsir effekti yoxdurmu? Və bu deyilənlər nə dərəcədə əsaslıdır?
Əbdül Mahmudbəyov: “Ümumiyyətlə, film ideoloji, cismani baxımdan əvəzolunmazdır, möhtəşəm təbliğat silahıdır”
Mövzu ilə bağlı Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, film ideoloji, cismani baxımından əvəzolunmazdır, möhtəşəm təbliğat silahıdır. Özü də hamının evindədir. Televizoru yandırırsan, vəssalam, evinə girir.
O ki qaldı türk seriallarına, xatırlayıram ki, 1987-ci ildə Türkiyədə “Mənim məhəbbətim” filmini çəkirdik. Onda türklər gəlib bizdən xahiş edirdilər ki, “icazə verin biz də baxaq görək ki, filim necə çəkilir”. Yəni zamanında bizdə sanballı filmlər çəkiləndə türk kinematoqrafçılar buna həsədlə baxırdılar. Amma indi qardaş Türkiyədə möhtəşəm filmlər, seriallar çəkilir. Məsələn, şəxsən mən “Qurtuluş Ərtoğrul” filminə böyük ləzzətlə baxıram.
Bu gün ölkəmizdə bir çox özəl prodakşnlar, studiyalar var ki, millətin əxlaqını korlayan, ideologiyasına mənfi təsir edən filmər çəkirlər. Həmin studiyalardan Türkiyədə, İranda, Rusiyada, Avropada da var. Yəni Türkiyə yaxşı və ya pis kino çəkirsə, bu onların problemidir. Pisdir, baxma, yaxşıdır, baxıb ləzzət al. Düşüncəni, yanaşma tərzini dəyişmək lazımdır.
Bu gün qardaş Türkiyə ilə münasibətlərimiz çox yaxşıdır. Digər tərəfdən də nəhəng əjdaha, Turan gəlir. Hesab edirəm ki, Azərbaycan-Türkiyə qardaşlığını, dostluğunu, Turanı istəməyənlər çıxıb bu cür açıqlama verir və hansısa yolla araya qarşıdurma salmağa, soyuq münasibət yaratmağa çalışırlar.
Biz özümüzün böyük kino mədəniyyətimizi bərpa etməliyik. Bütün pordakşnlar, özəl studiyalar dövlət nəzarətinə götürülməlidir. Çünki indi uşaqlarımız biz valideynlərdən çox televiziyalara inanırlar. Ona görə də keyfiyyətli, mənəviyyatımızı, mədəni dəyərlərimizi təbliğ edən kinolar, seriallar çəkilməlidir".
Aydın Xan Əbilov: “Hətta bir çox yapon cizgi filmlərinin rənginin belə uşaq psixologiyasına təsir etdiyini bilirik”
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə qeyd edib: “Bu istiqamətdə illərdir filosoflar, yazıçılar, mütəxəssislər, psixoloqlar mübahisə edirlər ki, ədəbi və yaxud incəsənət əsərləri insan psixologiyasına xüsusən də yeni nəslin dünyagörüşünə, mənəviyyatına, formalaşmasına nə qədər təsir edir.
Psixoloq Samirə Bağırovanın fikirlərində böyük həqiqət var. Türkiyə serialları, filmləri, kitabları, hətta dini qurumları, yumşaq şəkildə desək, “mədəni işğal” siyasətini aparır. Bacarırsa, Azərbaycan da bunu etsin. Lakin hesab edirəm ki, Azərbaycanın iqtisadi və mədəni potensialı o qədər güclü inkişaf etməyib ki, mədəni təsir imkanlarından digər millətlərə qarşı da istifadə etsin. Amma bununla belə, Azərbaycanın multukultural dəyərləri muğamı, estetik texnologiyalarla bağlı dünyada inkişaf etdirmə prinsiplərini və yaxud istiqamətlərini görürük.
Beləliklə, kim “diktə” edirsə, o da qazanmış olur. Biz bunu artıq güneyli soydaşlarımızın, İraq türkmənlərinin obrazında görə bilirik. Oradakı artıq Azərbaycan dili, düşüncəsi Türkiyə türkcəsi, düşüncəsi ilə əvəzlənib. Əgər ötən əsrin 60-70-ci illərində, hətta 21-ci əsrin əvvəllərində İraqda türkmənlər arasında Azərbaycan ədəbi dil forması istifadə olunurdusa, amma indi daha çox Türkiyə türkcəsi, dili, əlifbası istifadə olunur və bu çox normaldır.
O ki qaldı serialların uşaq psixologiyasına təsirinə, bu barədə xeyli mübahisələr gedir. Hətta bir çox yapon cizgi filmlərinin rənginin belə uşaq psixologiyasına təsir etdiyini bilirik, o ki qala qardaş Türkiyə türkcəsinin və düşüncəsinin Azərbaycan insanına təsirinə. Bunun müsbət və mənfi tərəfləri var.
Müsbət tərəf ondan ibarətdir ki, biz Turan, Türk dünyasına birləşirik və bunun alt qatı dil, estetik və intellektual düşüncə baxımından insanları birləşdirir. Mənfi tərəfi isə bundan ibarətdir ki, bütün imperialist siyasətin nəticəsi olaraq kiçik etnoslar və xalqlar imperiyanı yaradan əsas böyük etnosun təsiri altına düşür".
Xalidə GƏRAY,
“Yeni Müsavat”