Sərhədimizdəki iki ölkə hərbi ittifaq qurur - təhlükə

Şimal və cənub qonşularımız arasında imzalanacaq yenilənmiş strateji tərəfdaşlıq sazişində müdafiə məsələlərinə diqqət yetiriləcək; ekspertlərə görə, Bakının Rusiya ilə strateji müttəfiqlik sənədi, Türkiyə ilə də Şuşa Bəyannaməsi var...

Rusiya və İran arasında yenilənmiş strateji tərəfdaşlıq sazişi imzalanacaq, bu sazişdə müdafiə məsələlərinə mühüm diqqət yetiriləcək. “Yeni Müsavat” qeyd edir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftəsonu Minskdə Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda çıxışı zamanı bildirib. Rusiyanın XİN rəhbəri sözügedən sazişin iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirəcəyini deyib:

“Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş Rusiya-İran münasibətlərinin möhkəmlənməsi üçün ciddi amil olacaq. Saziş imzalanması üçün hazırlanır. Sazişdə tərəflərin regional və qlobal səviyyədə sülh və təhlükəsizlik maraqlarından irəli gələrək müdafiə sahəsində daha sıx əməkdaşlıq və qarşılıqlı fəaliyyət istəyi təsdiqlənəcək”. İran prezidenti Məsud Pezeşkian Putinlə Kazanda keçirilən sammitdə görüşü zamanı Rusiya ilə “böyük saziş” imzalanacağına ümid etdiyini bildirib.

Belə görünür ki, Rusiya-İran hərtərəfli strateji tərəfdaşlıq sənədi müdafiə sahəsində bir saziş rolunu oynayacaq. Çünki Lavrov bildirdi ki, bunu daha çox müdafiə sahəsindəki əməkdaşlığa yönəldəcəyik. Deməli, bu, əslində qarşılıqlı müdafiə sazişi rolunu oynayacaq. Bu gün həm İran, həm də Rusiya Qərbin sanksiyalarına məruz qalan və bu sanksiyalardan qaçmağa çalışan ölkələrdir. Ukrayna müharibəsinədək İranın Rusiyaya istədiyi qədər yaxın ola bilməməsinin səbəbi Rusiyanın İsraillə yaxın münasibət saxlaması idi. İndi isə Yaxın Şərq hadisələrində Moskva Tel-Əvivin hərəkətlərini bəyənmir. Bu da İranı qismən qane edir. Eyni zamanda Tehran da Kremlə müharibədə “Şahid” dronları və ballistik raketlər tədarükü ilə dəstək verir. Baxmayaraq ki, Pezeşkian BMT tribunasından Rusiyanın Ukraynaya hərbi müdaxiləsini “təcavüz” adlandırmışdı.

Təbii ki, Azərbaycanın şimalda və cənubda iki nəhəng qonşusunun hərtərəfli strateji tərəfdaşlıq sazişini əsasən müdafiə sahəsinə yönəltməsi narahatedici hal sayıla bilər. Zaman-zaman hər iki dövlətdən Azərbaycana hərbi təhdidlər olub. Xüsusən son illərdə İran bizi hədələyib, sərhədlərimizdə təlimlər keçirib, SEPAH Bakıya dil uzadıb, hədyanlar yağdırıb. Doğrudur, sonuncu belə təlimə ən yüksək səviyyədə cavab verilmişdi - Türkiyə ilə Azərbaycanın xüsusi təyinatlıları Araz sahilində birgə hərbi təlimlər keçirmişdilər. Bununla yanaşı, hazırda normallaşmaqda olan Bakı-Tehran əlaqələri kontekstində iki ölkə Xəzər dənizində birgə təlimlər keçirir. Belə ki, Xəzər dənizinin İran İslam Respublikasına mənsub hər iki dövlətin Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024" birgə taktiki təlimi keçirilib. Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatları və gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icra edilib.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

“Yeni Müsavat”a danışan hərbi ekspert Ramil Məmmədli strateji tərəfdaşlıq sazişinin daha çox Qərbə qarşı mübarizəyə yönəldildiyini düşünür. Onun qənaətinə görə, Rusiya və İran indi heç vaxt olmadığı qədər bir-birinə ehtiyac duyurlar, yaxınlaşıblar. Bunun Azərbaycan üçün risklərindən danışan hərbi ekspert hesab edir ki, bizim hər iki tərəflə spesifik münasibətlərimiz var: “Əvvəla, Azərbaycan Rusiya ilə strateji müttəfiqlik bəyannaməsi imzalayıb. Bu sənəddə bir sıra müddəalar var. Elə birinci bənddə deyilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiqlik əsasında qururlar. Üçüncü müddəada isə qeyd olunub ki, Rusiya və Azərbaycan həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Beşinci bəndi də yada sala bilərəm - tərəflər Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət göstərirlər. Yəni Azərbaycan Rusiya ilə kifayət qədər praqmatik münasibətlər qurub. O baxımdan həmin saziş Rusiya və İranın Ukrayna böhranı fonunda müttəfiqliyini gücləndirməyə hesablanıb”.

Hərbi analitikə görə, digər mühüm faktor Türkiyədir. Müsahibimiz xatırladır ki, iki qardaş ölkə arasında Şuşa Bəyannaməsi imzalanıb və parlamentdə ratifikasiya olunmuş həmin deklorasiyaya əsasən, tərəflərdən hansı birinin ərazisinə hərbi təhdid olarsa, digər ordu kömək üçün müdaxilə edə bilər: “Odur ki, Türkiyənin regiondakı müstəsna təsirini və rolunu Rusiya da, İran da qiymətləndirmək məcburiyyətindədir. Xüsusən də İran Türkiyənin gücünü dəyərləndirə bilir. Eyni zamanda Bakı ilə Tehran arasında münasibətlər yumşalıb, Xəzərdə birgə təlimlər keçirilir, Məsud Pezeşkian COP29-da iştirak edəcək. Əlbəttə, Azərbaycan-İran əlaqələri o səviyyədə yaxşılaşmasa da, münasibətlərdəki gərginlik tam azalıb”.

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a dediyinə görə, Rusiyanın cənub cinahına Cənubi Qafqazla yanaşı İran da daxildir: “Rusiyanın Avropa ilə yolu kəsildiyi üçün İran üzərindən Hind okeanına çıxışını təmin edir. Üstəlik, Qərb hər ikisini düşmən elan edib və sanksiyalar qoyub. Ona görə mövqeləri burada üst-üstə düşür. Yəni onların imzalayacağı sənəd, hər hansı hərbi ittifaq regiondakı üçüncü ölkəyə qarşı yönəlməməlidir”. A.Məsiyevin bildirdiyinə görə, Şimal-Cənub dəmiryol xətti Azərbaycan üzərindən keçir və bu mənada iki ölkə arasında imzalanacaq sözügedən saziş bizə qarşı yönəlməyib: “Əksinə, bu ölkələr 3+3 platformasının inkişafında maraqlıdır və əməkdaşlığın genişlənməsi prosesə töhfə verə bilər. Zənnimcə, Lavrovun söylədiyi həmin sənəd daha çox ABŞ və Qərbə yönəlib”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

06.11.2024 10:48
822